Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.
Mia.az xəbər verir ki, yığıncaqda Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasovun "Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri” mövzusunda elmi məruzəsi dinlənilib.
Bildirilib ki, kosmik tədqiqatlar Azərbaycanda ötən əsrin 80-ci illərindən başlayaraq təşəkkül tapıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakı şəhərində Beynəlxalq Astronavtika Federasiyasının XXIV Konqresi keçirilib. Heydər Əliyevin rəhbərliyi ilə "Kaspi” Elm Mərkəzinin yaradılması üçün Azərbaycan KP MK Bürosu 1974–cü ildə qərar qəbul edib və AMEA nəzdində "Xəzər” Elmi Mərkəzi yaradılıb. Akademik vurğulayıb ki, Azərbaycan Nazirlər Sovetinin elə həmin il qəbul etdiyi qərar əsasında "Kosmik cihazqayırma” Xüsusi Konstruktor Bürosu yaradılıb. 1977-ci ildə ölkə rəhbərliyinin dəstəyi ilə Bakıda 30-dan artıq ölkənin nümayəndəsinin iştirakı ilə BMT-nin Yerin məsafədən zondlanması üzrə seminar keçirilib. 1978-ci ildə "Xəzər” Elmi Mərkəzinin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təşkil edilib, 1982-ci ildə isə İnstitut SSRİ Baş Kosmos İdarəsi nəzdində Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinə çevrilib. Nazir birliyin əsasını görkəmli alim, Azərbaycan kosmik elminin yaradıcısı, professor Tofiq İsmayılov tərəfindən qoyulduğunu əlavə edib.
Ə.Abbasov bildirib ki, Azərbaycanda kosmik elmin və texnologiyaların formalaşmasında, inkişafında general-leytenant Kərim Kərimov, akademik Arif Paşayev, akademik Arif Mehdiyev və digər görkəmli alim və mütəxəssislərin də xüsusi rolu olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılıb.
Məruzəçi vurğulayıb ki, 2003-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” qəbul edilib. Ölkə başçısı İlham Əliyev 2008-ci ildə "Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, 2009-cu ildə "Azərbaycan Respublikasında Kosmik Sənayenin yaradılması və inkişafı üzrə Dövlət proqramı”nın qəbul edilməsi haqqında sərəncam verib. Nazirliyin 5 iyul 2010-cu il tarixli Kollegiya qərarı ilə Kosmik məsələlər üzrə Şura yaradılıb və akademik Arif Paşayev Şuranın sədri təyin edilib.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli Sərəncamı ilə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. BMT-nin 12 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası BMT-nin Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə Komitəsinə (COPUOS) üzv olub. Bir il sonra isə "Azərspace-1” Cənubi Amerikada yerləşən Fransız Qvianası Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianspace şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə uğurla geostasionar orbitə çıxarılıb. Vurğulanıb ki, "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə cıxarılması nəzərdə tutulur.
Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. Əlavə edib ki, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır. Ölkəmizdə kosmik tədqiqatlar yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komlpekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir.
Məruzəçi bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var. Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkəmizdə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır:
Akademik bildirib ki, bu istiqamətlərdə Milli Aviasiya Akademiyası, Milli Aerokosmik Agentlik, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasında müəyyən tədqiqatlar aparılır.
Məruzə dinlənildikdən sonra Ümumi yığıncağın qərarı ilə bəyənilib. Kosmik tədqiqatların inkişaf perspektivləri, mövcud problemlərin həllində oynadığı mühüm rol nəzərə alınaraq AMEA-nın tədqiqatlarının prioritet istiqamətləri siyahısına daxil edilməsi, kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması üçün beynəlxalq laboratoriyaların yaradılması məqsədəuyğun hesab edilməsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA-nın müvafiq elmi qurumlarının iştirakı ilə milli peyklərimiz vasitəsilə toplanmış məlumatlar əsasında ölkəmizin strateji maraqlarına xidmət edən məqsədli elmi-innovativ layihələrin həyata keçirilməsi üçün Fəaliyyət Planı tərtib edilməsi, 2016-cı ildə "Kosmik tədqiqatların aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilməsinin təşkili, multidissiplinar kosmik tədqiqatların təşkili üçün AMEA-nın nəzdnində Kosmik Tədqiqatlar Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilməsi qərara alınıb.