"Əgər bu qüsurdusa, o zaman..." - Nazirlik palataya meydan oxudu

img

22-04-2015 [20:09]


Hesablama Palatasının hesabatında Ekologiya və Təbii Sərvətlər Nazirliyində mənimsəmə faktlarının mətbuatda işıqlandırılmasına sözügedən nazirlikdən maraqlı cavab gəlib.

Xatırladaq ki, Palatanın hesabatında yer alan korrupsiya faktlarını "Azadlıq"a istinadən Mia.az-da yaymışdı. Ona görə də Hesablama Palatasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində apardığı yoxlamanın nəticələrilə bağlı nazirliyin palataya meydan oxuyan və "...Əslində Hesablama Palatası bunu qüsur sayırsa bu, həqiqətən qüsurdur. Əgər vəsait ayrılıbsa, təyinatı üzrə xərclənməlidir. Lakin ETSN-nin qurumları bir sıra hallarda təyinatı üzrə xərcləmək mümkün olmadıqda bir yol tapıb, min bir fırıldaqla qalmış vəsaiti xərcləməyə cəhd göstərməyib", - deyə, dolayısı ilə ölkədə korrupsiya üçün münbitliyə işarə vurulan rəsmi cavabı təqdim edirik:

"Reallıq odur ki, yoxlama aparılan Departamentlərin hamısı büdcəyə vəsait qaytarıb. Məsələn, audit aparılan dövr üzrə Meşələrin Inkişafı Departamenti tərəfindən 161634,65 manat büdcə vəsaitinə, Dövlət Ekpertiza Idarəsi tərəfindən real tələbat daxilində 65476,30 manata, Milli Hidrometeorologiya Departamenti büdcə vəsaitlərinin məqsədyönlü istifadə edilməsi nəticəsində 795160, 54 manata, Xəzər Kompleks Ekoloji Monitorinq Idarəsində 124844 manat dövlət vəsaitinə qənaət edilib və dövlət büdcəsinə qaytarılıb. Göründüyü kimi dövlət büdcəsindən Nazirliyə ayrılan milyonlarla vəsait istifadə olunmadan, yəni xərclənmədən büdcəyə geri qaytarılıb. Əslində Hesablama Palatası bunu qüsur sayırsa bu, həqiqətən qüsurdur. Əgər vəsait ayrılıbsa, təyinatı üzrə xərclənməlidir. Lakin ETSN-nin qurumları bir sıra hallarda təyinatı üzrə xərcləmək mümkün olmadıqda bir yol tapıb, min bir fırıldaqla qalmış vəsaiti xərcləməyə cəhd göstərməyib, 1 milyon 147 min 115 manat vəsaiti dövlətə geri qaytarıb. Xalqın malı talan olunmayıb, büdcəyə qaytarılıb.

Yoxlamalar Nazirliyin heç bir qurumunda, hətta vəzifəli şəxslərin işdən çıxarılması ilə nəticələnməyib. Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlardır. 

Misal üçün, belə bir qüsur göstərilib ki, meşə təsərrüfatları üzrə büdcə vəsaitinin cari və əsaslı təmir üzrə müvafiq xərc maddəsində vəsait kifayət etməyib və Meşələrin Əlaqələndirmə Mərkəzinin  bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına təsərrüfatlarda təmir işləri aparılıb. Əslində bu, meşə departamentinin birbaşa vəzifəsidir ki, hansısa idarənin binası ağır leysan yağışları, Kürün daşması və ya zəlzələ nəticəsində zərər çəkirsə, onun təmirinə ehtiyac yaranırsa, onlara kömək göstərsin. Bəli, ola bilər ki, bunu etməzdən əvvəl Maliyyə Nazirliyi ilə hansısa məqamlar razılaşdırılmalı idi və bunu inzibati qüsur saymaq olar, amma burada hansı yeyintidən söhbət gedə bilər?".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA