Azərbaycan böyük sülh sazişinə hazırdı - Nazir detalları açıqladı

img

21-04-2015 [09:21]


"Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib”.

XİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə deyib.

Nazir Azərbaycanın Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirdiyini bildirib:

"Bununla əlaqədar olaraq, mən AQS-in nəzərdən keçirilməsində 4 mühüm məqam – fərqləndirmə, sahiblik, fokuslaşma və çeviklik üzrə müşahidələrimi bölüşmək istərdim.

Azərbaycan Aİ-nin diqqətini tərəfdaş ölkələrin inkişaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahələri üzərində cəmləşdirməsi məsələsinə sadiqliyini dəstəkləyir. Bu Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcəkdir. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır.

Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərmişdir ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq "bir ölçü hamıya uyğundur” siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır”.

Elmar Məmmədyarov ölkənin Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA