Region gəncləri maarifləndirildi

img

20-04-2015 [14:56]



Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Yaşıl məkan: gənclərin şoranlaşmaya qarşı mübarizəsinin təşkili” layihəsi çərçivəsində Zərdab, Ucar, Ağdaş və Göyçay rayonlarında gənclər və yeni nəsil torpaq istifadəçiləri arasında maarifləndirmə seminarları keçirmişdir.

Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədinin torpaqların şoranlaşmaya məruz qaldığı Ucar, Zərdab, Ağdaş, Göyçay rayonlarında yerli gənclər, gənc kənd icma üzvləri, yeni nəsil torpaq istifadəçıləri arasında maarifləndirici tədbirlər həyata keçirməklə şorlaşmanın və eroziyanın əsas səbəbləri, mənfi nəticələrini və onlarla mübarizə tədbirlərinin həyata keçirilməsinin konkret yollarını gənclərə izah etmək, torpaqların şoranlaşmadan qorunması və münbitləşdirilməsi ilə bağlı gənc alimlərin yeni ixtiralarının təqdimatını keçirməklə torpaqların deqradasiyasının qarşısının alınması məsələsini geniş ictimaiyyətin diqqətinə çıxarmaq olduğunu diqqətə çatdırmışdır. O, həmçinin bildirmişdir ki, torpaqların deqradasiyaya məruz qaldığı Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarında gənclər, yeni nəsil torpaq istifadəçiləri üçün seminarların keçirilməsi və ekoloji maarifçilik fəaliyyətinin genişləndirilməsi, əkinə yararlı torpaqların və ətraf mühitin qorunması ilə bağlı layihənin həyata keçirildiyi rayonlarda yerli gənclər, yeni nəsil torpaq istifadəçiləri arasında təbliğat şəbəkəsinin qurulması, torpaqların deqradasiyadan qorunması və münbitliyinin əldə edilməsi ilə bağlı gənc alimlərin elmi yeniliklərinin geniş ictimaiyyətə çatdırılması layihənin əsas hədəflərindəndir. Seminarda iştirakçılara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 24 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və bu strategiyanın əsas istiqamətlərindən biri kimi əhalinin ekoloji maarifləndirilməsi ilə bağlı hüquqi, iqtisadi və təşkilati işləri müəyyən etməklə cəmiyyətdə ekoloji biliklərin geniş yayılması, ekoloji təhsilin ardıcıllığı və fasiləsizliyinin təmin edilməsinin əhəmiyyəti haqqında geniş bilik və informasiyalar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 22 may tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması, torpaqlarda gedən səhralaşmanın (eroziya, şoranlaşma və s) qarşısının alınması ilə bağlı Dövlət Proqramı və onun əhəmiyyəti iştirakçılara çatdırılmışdır.

Layihənin eksperti öz çıxışında qeyd etmişdir ki ölkə üzrə 1 milyon 400 hektar təşkil edən şoran torpaqların 80 faizi mərkəzi aran rayonlarının xüsusilə Ucar və Zərdab rayonlarının payına düşür. Ən acınacaqlı hal ondan ibarətdir ki, şoranlaşma Azərbaycanın torpaqlarının tək ekoloji problemi deyil. Erroziya, səhralaşma kimi torpaqların yararsız hala çevrilməsi şoranlaşma qədər mühüm ekoloji fəsad kimi cəmiyyətimizi narahat etməyə bilməz. Rəsmi rəqəmlərə görə, Azərbaycanın vahid torpaq fondunun sahəsi 8 milyon 641 min 500 ha olub. Azərbaycanda 4,5 milyon ha ərazi kənd təsərrüfatına yararlı sayılır. Hazırda bunun 30 faizindən, yəni 1 milyon 583 min ha-dan istifadə olunur. Qalan torpaqlar qışlaq, örüş və biçənək sahələridir. Əkinə yararlı torpaqların isə 600 min ha ermənilər tərəfindən işğal olunub.

Layihə çərçivəsində hər bölgədən 90 nəfər ümumilikdə isə 4 rayondan 360 seçilərək seminarların işinə cəlb edilmişdir. Seminarlarda bələdiyyə üzvləri, aqrar sahə ilə məşğul olan yerli mütəxəssislər, fermerlər, şəxsi torpaq sahibləri iştirak etmişlər. Beləliklə yeni torpaq istifadəçiləri, fermerlər və iri təsərrüfat sahibləri ilə aparılmış marifləndirici seminarların nəticəsi olaraq layihənin ilkin nəticələrindən birbaşa 360 gənc bəhrələnmişdir. Elektron KİV-lərdə və sosial şəbəkələrdə aparılan təblığat nəticəsində layihədən faydalananların sayının 3000 nəfər artacağı proqnozlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA