Generalın oğlunun vurduğu adam ölməsi xəbərinə rəsmi reaksiya -Yenilənib

img

17-04-2015 [14:33]



Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin də iştirakçısı olduğu dava-dalaşda bıçaqlanan şəxs vəfat edib.

Mia.az Virtualaz.org saytına istinadən xəbər verir ki, həmin şəxs müalicə aldığı xəstəxanada keçinib. Ölən şəxsin kimliyi haqda məlumat verilmir.

Xatırladaq ki, 10-da Bakının "Senator” restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə dava-dalaş baş vermişdi. Dava zamanı bir nəfər bıçaqlanmışdı. O, ağır vəziyyətdə paytaxtdakı xəstəxanaların birinə yerləşdirilmişdi. Yerli mətbuatda onun restoranın mühafizəçilərindən biri olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Polisdən gizlənməyə çalışan Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur.

Onu da yada salaq ki, "Senator”da baş verən hadisə T.Əsədullayevin ilk əməli deyil. Ötən ilin mayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüklərinə görə gündəmə gəlmişdi. Bakıda, "Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən Post Patrul Xidməti polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmışdılar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.

***

Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: "Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA