Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Mia.az-a daxil olan məlumata görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyevaya AMEA-nın Fəxri Fərmanını təqdim edib. Sonra akademik iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İclasda Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun "Koordinasiya birləşmələri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Əjdər Məcidovun "Molekulyar maqnitlər və keçiricilər” adlı məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, heterospin sistemlərinin tədqiqat tarixi 1969-cu ildən başlanıb. Həmin ildə məruzəçi tərəfindən ilk dəfə olaraq, tərkibində müxtəlif xelat əmələgətirici qruplar olan, başqa sözlə özünün tərkibində metal ionlarını tutub saxlama qabiliyyətli qruplar davamlı nitroksil radikallara malik metal komplekslərin alındığı vurğulanıb.
Ə.Məcidov qeyd edib ki, laboratoriyada inkişaf etdirilən ikinci elmi istiqamət kimi keçid metallarının kompleksləri əsasında xətti (strinq) quruluşa malik olan molekulyar naqillər alınıb. Alim böyük gəlicəyi olan bu istiqamətin nanoqurğuların alınması imkanı ilə bilavasitə bağlılığını bildirib. Vurğulanıb ki, Tayvan Dövlət Universitetilə birgə bu sahənin inkişafı üzrə ilk dəfə olaraq tərkibində 11-ə qədər metal ionu olan ən uzun zəncirvari quruluşlu komplekslər almağa imkan verən yeni liqandlar sintez olunub.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə müsair materialşünaslığın tələblərinə uyğun olaraq, sintez olunan yeni materialların sınağı və dəyərləndirilməsi üçün Bölmələrarası xüsusi qrupun təşkili, göstərilən istiqamətlərdə elmi tədqiqatları davam etdirmək üçün institutun maddi-texniki bazasının zəruri avadanlıqlarla təmin edilməsi məqsədəuyğun hesab edilib.
Sonra "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatlarına keçirilən müsabiqələrin nəticələri açıqlanıb. Bildirilib ki, müsabiqələr qaydalara uyğun olaraq təşkil edilib və onun keçirilməsi, həmçinin şərtləri haqqında elan kütləvi informasiya vasitələrində, o cümlədən "Azərbaycan” qəzetində, AMEA-nın "Elm” qəzetində və
www.science.gov.azinternet portalında yerləşdirilib. Qızıl medal və adlı mükafatların bu il aprelin 29-da keçiriləcək AMEA-nın Ümumi Yığıncağında sahiblərinə təqdim olunacağı vurğulanıb.
İclasda haqqında danışılan növbəti məsələ Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) iki ayrı bölmə şəklində fəaliyyətinin təşkili ilə bağlı olub. Ölkə başçısının Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 11 dekabr 2014-cü il tarixli Fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb. Tədbirdə bu bölmələrin işinin təşkili ilə əlaqədar Ümumi Yığıncaq qarşısında vəsatət qaldırılması qərara alınıb. Növbəti, qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlərin planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamının icrasından irəli gələn məsələlər, həmçinin, "AMEA-nın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsi, AMEA-nın "Elm”Nəşriyyat-Poliqrafiya İdarəsinin 2015-ci il üzrə tematik planı, əmək qanunvericiliyinə edilmiş dəyişikliklərin AMEA-nın elmi müəssisələrində tətbiqi, "Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər Məcmuəsi”nin Redaksiya Heyətində qismən dəyişiklik edilməsi haqqında məsələlər müzakirə edilib.
Fiziologiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Polimer Materialları İnstitutunun elmi şuralarının yeni tərkibi, həmçinin, Tarix İnstitutu, Dilçilik İnstitutu, Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutunun elmi şuralarının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olunub. Rəyasət Heyəti Fizika və Tarix institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda beynəlxalq "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar” laboratoriyasının yaradılması və Folklor İnstitutunda "Arxetip” elmi jurnalının təsis edilməsi haqqında qərar qəbul olunub.
Sonra akademiklər Telman Əliyevin 80 illik, Cavad Abdinovun 75 illik, Toğrul Şahtaxtınskinin 90 illik, Musa Rüstəmovun 85 illik, AMEA-nın müxbir üzvləri Rauf Hüseynovun 75 illik, Rüfət Mirqasımovun 75 illik, Namiq Cəlilovun 60 illik, İlyas Babayevin 80 illik yubileylərinin keçirilməsi qərara alınıb.
Sonda bir sıra kadr məsələlərinə də toxunulub. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini və Aygün Arifli həmin idarənin Qanunvericilik təminatı şöbəsinin rəisi, həmçinin, fizika üzrə elmlər doktoru Oqtay Qasımov Fizika İnstitutunun Biofizika və Smart Materialları Mərkəzinin rəhbəri vəzifələrinə təyin ediliblər.