Futbol ədavət, siyasət və münaqişə obyekti deyil...

img

14-04-2015 [12:13]



Hafiz Mirzə, www.hafizmirza.com

Azərbaycan futbolu özünün intibah dövrünü uzaq 60-cı illərdə yaşadı. Amma "Neftçi” klubunun gedib hər kəsi öz evində udduğu o illəri uzatmaq, çempion olmaq, ənənə halına salmaq mümkün olmadı. 

Hətta sonralar SSRİ çempionatının yüksək liqasında qərar da tuta bilmədi və I dəstəyə yuvarlandı. Bizim ayrı-ayrı futbolçular "bir atımlıq barıtla” seçilir və tez sönürdülər. Mərhum Ələkbər Məmmədov, sonralar İskəndər Cavadov Moskva "Dinamo”suna, Vitali Şevçenko Kiyev "Dinamo”suna keçməzdilərsə futbolda öz sözlərini iri hərflərlə söyləyə bilməzdilər. Hətta mərhum Anatoli Banişevski də, "Jiquli” ləğəbli Səməd Qurbanov da qalıb Azərbaycan futbolunun toz-torpağına qurban oldu. Bu vəziyyət bizdə futbola yalnız bir oyun kimi fundamental münasibətin formalaşmadığından qaynaqlanırdı. Tapşırıqla, telefon zəngləri ilə heyətə düşmək, yerlibazlıq, sağlam rəqabətin olmaması, rüşvətxorluq, oyun alqı-satqısı, şöhrətdən başgicəllənmə,.. 

Bunları yaşadığımızı kim dana bilər ki?

 Fuad Musayev MK katibi kimi futbola kuratorluq edirdi və deməli, işin içində idi. Ona görə də SSRİ dağıldıqdan sonra ilk futbol federasiyası olaraq AFFA-nı yaratmaq və prezidenti olmaq onun üçün çətin olmadı. Amma yeni dövrün tələbləri dəyişdiyi üçün F.Musayev federasiyanı çox idarə edə bilmədi. O vaxt Azərbaycan futbolu kəskin münaqişələr mərkəzinə çevrildi. İlk Azər-baycan çempionatı çox aşağı səviyyədə, hakim özbaşınalığı, dava-dalaşlar içində gah davam edir, gah dayanırdı. Müəyyən imkanları və sponsoru nəzərə alınaraq "Neftçi” ardıcıl çempion olurdu. "Hakimlərin bir əli onların üstündə idi” deyə bilərik. Oyunlar zamanı stadiona ən yaxşı halda yüz nəfərdən artıq tamaşaçı toplaşmırdı. Bunun gözəl təşkilatçılıq və sağlam idman rəqabəti əsasında deyil, yerliçilik prinsipi ilə düzələcəyini düşünənlər vardı. Lakin bu prinsip İtaliya, İspaniya, Türkiyə kimi futbol ölkələrində ciddi fəsadlar formalaşdırdı və bunu hələ də aradan qaldırmaq mümkün deyil; hər derbi az qala vətəndaş müharibəsinə çevrilir.

 Bizdə futbola peşəkar münasibəti ilk dəfə 2004-cü ildə soydaşımız, Türkiyənin ünlü iş adamlarından biri olan Mübariz Mənsimov ortaya qoydu. Məhz Mübariz bəyin diqqəti, qayğısı, idarəçiliyi və böyük maliyyəsi hesabına "Xəzər Lənkəran”("XL”) futbol klubu yenidən yarandı. Kluba legionerlər və böyük pul ayrıldı. Bunun nəti-cəsində Azərbaycan futboluna parlaq yaşıl rənglər qatıldı. Nəhayət ki, "Neftçi” də öz qarşısında güclü rəqib gördü. Həvəslənən digər iş adamları digər futbol klublarına sponsorluq etdilər. Ən böyük sponsora da elə bu iki klub malik oldu. Həm "Neftçi”, həm də "Xəzər Lənkəran” Azərbaycan futbolunun simasına çevrildilər. Amma onların arasındaki qarşılıqlı münasibəti hörmətdən kəskin nifrətə, sonra da ədavətə çevirən qüvvələr tapıldı. 

Onlar əsasən o vaxt AFFA-da oturmuş ayrı-ayrı məmurlar, işbazlar, bölgə, etnik dərəcəli siyasət "peşkaları” və səbatsız idman yazarları idi. Onlar guya ki, çempionata marağı yüksəldir, əslində klubları düş-mənə çevirir, idman yazarları isə çox oxunmaq naminə ədavət qızışdırırdılar. Bu vəziyyət futbolu idman anlayışından kənarlaşdırmağa başlayırdı. Çempionatda çıxışının lk ilində "XL” "Neftçi” qədər xal topladı. 2005-ci ilin 10 iyun tarixində

Gəncədə "qızıl oyun” keçirildi və burada çempionluğu dadan tərəf yenə "Neftçi” oldu. Bu halın özü də "XL” azarkeşlərində "Neftçi”yə qarşı təbii qıcıq formalaşdırdı. Özlərinə qarşı ögeylik hiss edən lənkəranlı azarkeşlər oyundan sonra Bakı və Gəncə azarkeşləri tərəfindən polisin gözü qarşısında kütləvi dava-dalaşla döyüldü, maşınları, avtobusları daşa basıldı, ciddi xəsarət aldılar. Bu hadisələrin iştirakçısı kimi o vaxt bu halı ciddi ittiham etdik. Ancaq heç bir müsbət nəticə hasil olmadı. Bu isə iki klub arasında rəqabəti daha güclü ədavətə çevirdi. Kimsə buna ciddi məhəl qoymadı. İndi üstündən on iki il ötsə də və çempionatda onlardan daha güc-lü rəqiblər olsa da və turnir cədvəlində bu iki klub hansı yerdə olmalarına bax-mayaraq, yenə də bir-birlərinə qarşı ən güclü oyunlarını keçirdirlər. O vaxt həm "Neftçi”, həm də "XL” hara gedirdisə, son anda ən ciddi rəqib olaraq qarşı tərəfi görürdü. 

Təbii ki, bu həm idman rəqabətini artırır, həm də futbola əlavə maraq qatırdı. Amma bu sağlam rəqabət deyildi. Yalnız bu rəqiblər arasındakı oyun zamanı həm Lənkərandakı 15 min nəfərlik Mərkəzi Stadion, həm də Bakıdakı Respublika stadionu tam dolurdu. Lənkəranda hətta eyni qədər adam bayırda qalırdı. Mübariz bəy "XL” klubunu yaradarkən azarkeş ordusunun formalaşdırılmasına da xüsusi diqqət vermişdi. Lakin rəsmi fan-klubun rəhbərliyində mahir təşkilatçılarla yanaşı ideoloqlar da olmalı idi. Bu baş vermədi, sonra yaranan digər fan-klublar da ziyalı-ları yaxın buraxmadılar. Nəticədə, həm Bakı, həm də Lənkəranda qaraguruh formalaşdı. Onların əsas ideyası isə yerliçilik təəssübkeşliyi oldu. Bundan sui-istifadə edən siyasət və idman dəllalları yatıb qalmamışdılar. Nəticədə azarkeşlər arasında süni qovğalar formalaşdırılmağa başladı. Respublika stadionunda da "XL”-in azarkeşlərinə qarşı soyuq münasibət yaranırdı. "İmkan verməyin talışlar udsun!” kimi cılız düşüncə bir çox hakimlər üçün də keçərli idi. Onların qərəzli hakimliyi hətta baş məşqçi A.Mircavadovu da hakimə əl qaldırmağa məcbur etmişdi. 

Bir dəfə Respublika stadionunun girişində "XL”-ə azarkeşlik edəcəyimi öyrənib, məni hətta jurnalist vəsiqəsilə də stadiona buraxmaq istəmir, müxtəlif bəhanələr gətirirdilər. Heyətində bircə nəfər də talış olmadığı halda, "XL” "Neftçi” fanatları tərəfindən milli-etnik komanda kimi tanıdılmağa başlayırdı. Sonra bir dəfə hansısa cənublu çılğın azarkeş Bakıda döyüldü, bir dəfə "XL”in aftobusu daşa basıldı və nəhayət, 2012-2013 cü illər kubok oyununun finalında bütün ölkə qarşısında "Neftçi”nin futbolçuları və mühafizəçiləri tərəfindən "XL” futbolçuları amansızlıqla döyüldü. Bu isə artıq bu iki klubun münasibətini dünyanın məşhur rəqibləri arasında derbi rəqabətindən də o yana apardı. Lənkəranlılar da borclu qala bilmədilər. Artıq kütləvi ixtişaş zəmini yaradılmışdı. Lənkəranda keçirilən sonrakı oyun isə bir neçə nəfər günahsız azarkeşin həbsi ilə nəticələndi. Əslində, bu qovğaya səbəb mühafizə xidməti və daxili qoşun qüvvələrinin yarıtmaz fəaliyyəti hesab edilməli idi. Yaranmış insidentə görə kimlərisə həbs etmək lazım gələrkən polislər hadisə yerində deyil, stadiondan kənarda yol ilə, hətta körpüdən keçən adamları həbs edirdilər. AFFA "Neftçi”ni zamanında ciddi cəzalandırardısa, klub və fan-klub rəhbərliyi oturub qarşılıqlı anlaşma ələd edərdilərsə, bu vəziyyət kəskinləşməzdi. Təəssüf ki, klub rəhbərləri, xüsusən də baş məşqçilər pis nümunə oldular. "Neftçi”nin növbəlik prinsipi ilə bir neçə dəfə baş məşqçisi olmuş Böyükağa Hacıyev bu sahədə daha aktiv idi. Onun hər dəfə bu qarşılaşmadan əvvəl və sonra verdiyi bəyanatlar ciddi siyasi səhvlərlə dolu olurdu. Bu şəxs əks düşərgənin azarkeşlərini hər dəfə məharətlə provakasiyaya çəkə bilirdi. Sonra isə rəqib klubun azarkeşlərini anti-azərbaycançılıqda qınayırdı. Onun provakasiya əməlləri futbolçuların oyun zamanı davranışlarında da açıq görünür və "Neftçi”nin xarakterinə çevrilirdi. Futbolçular azacıq təmasa görə qəsdən qışqıraraq yıxılır, rəqibin sarı vərəqə almasına və ya coşub özündən çıxmasına çalışırdılar. Təbii ki, bu hal azarkeşlərin gözlərindən yayınmır və kəskin qıcığa səbəb olurdu. Bu isə stadionda və meydançada ciddi ixtişaşlar doğururdu. 

"XL”-in baş məşqçisi A.Mircavadov da emosiyaları qızışdırmaqda pis deyildi. İnsafən, "Neftçi”nin baş məşqçi Arif Əsədov bu cür hallara yol vermirdi. Bu klublar arasında keçirilmiş bütün oyunları izləsəm də, nə "XL”-in tez-tez dəyişən baş məşqçiləri, nə də Böyükağa Hacıyev bircə dəfə də olsun rəqib komandanın baş məşqçisi ilə oyundan əvvəl və ya oyunun nəticəsindən asılı olmayaraq sonunda, tamaşaçılar qarşısında görüşmədi, bir-birlərini təbrik etmədi, əksinə, əvvəl də deyindi, sonra da. İngiltərədə də belə olmuşdu. Ancaq ingilislər tez ayıldılar və futbola böyük mədəniyyət gətirdilər. İndi orada tamaşaçılarla meydança arasında heç bir maneə yoxdur. Onlar nəinki rəqib komandaya daş-kəssək atmır, meydançaya şığımır, kimsəni də söymürlər. 

Biz də isə... Sanki rəqib adi futbol komandası, oyunçular öz soydaşlarımız deyil. İki doğma klub arasındakı bu cür ədavəti aradan qaldırmaq üçün qonaq klubun azarkeşlərinin stadiona rəsmən buraxılmaması barədə qərar verilməsi isə problemin həlli yolu sayılmaz, bu utancvericidir və acizlikdir.

Bu il aprelin 9-da bu rəqiblər növbəti dəfə 29-cu turda, Lənkəranda görüşdülər.

Əvvəllər olduğundan fərqli olaraq stadiona cəmi 4-5 min azarkeş toplanmışdı. Amma bu dəfə stadionda "Neftçi” əleyhinə bircə pankart da yox idi. Hazırda "XL” hazırda öz tarixinin ən zəif çempionatını keçirdirdi. Heyətini cavanlaşdırma kursunu götürmüş, amma bunu çox əcaib formada həyata keçirdən "XL” yeni qüvvə ilə nə qədər həvəsli görünsə də, qarşısında dünyanın məşhur futbolçuları durmuşdu. Amma ləyaqətli futbol oynamaq mümkün imiş. Nə "XL”-in baş məşqçisi Elbrus Məmmədov, nə də "Neftçi”nin baş məşqçisi Arif Əsədov rəqiblər və matç haqqında pravakasion açıqlama verməmişdilər. Oyundan əvvəl onların tamaşaçılar qarşısında əl verib görüşməsi, yüksək idman mədəniyyətinin göstəricisi idi. Bu, azarkeşin düşüncəsində oyuna qarşı radikal münasibəti səngidirdi. "Neftçi”nin yeni Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev bir neçə gün əvvəl oyun barəsində xoş sözlər demişdi. 

Oyun gərgin idman şəraitində davam etsə də, "Neftçi” aşkar favorit idi. Artıq 14 cü dəqiqədə J.Vobay "Neftçi” adına çox gözəl qol vurdu. Amma "XL”-in oyunçuları və azarkeşlər əsla ruhdan düşmədilər. "XL” bir neçə təhlükəli vəziyyət yaratdı və gənc oyunçular "Neftçi”dən əsla çəkinmədiklərini sübuta yetirdilər. Alfred Sankohun mahir üstalığını xüsusi qeyd etmək lazımdır. "Neftçi” oyunçuları onun üstün futbol oynadığını gördülər və rəqibi B.Hacıyevin tərzində provakasiyaya çəkdilər. Oyunun hakimi Əliyar Ağayev də buna şərait yaradırdı. 26-cı dəqiqədə "Neftçi”nin 15 nömrəsi Erik Ramos 2-ci qolu vur-du. Amma yenə də nə "XL” oyunçuları, nə də azarkeşlər həvəsdən düşmədilər. Bu-na oxşar çox vəziyyətlər olsa da, susqun qalan hakim indi Alfred Sankohun adi qayda pozuntusunu birbaşa "sarı vərəqə” ilə cəzalandırdı. 

Daha bir neçə dəqiqədən sonra hakim "XL” üçün ən pis olan addımı atdı: Alfred Sankoha 2-ci "sarı vərəqə” göstərib meydançadan çıxartdı. Amma bu heç də azarkeşləri coşdurmadı və hakimin ünvanına təhqiramiz ifadələr doğurmadı. "XL” bir nəfər azlıqda qalsa da, 2-ci hissə əsil cəngavərlik nümayiş etdirdi. "Neftçi” azlıqda qalan və 2 top fərqi ilə uduzan rəqibini kiçik tutdu. Bu arxayınçılıq isə ona baha başa gəldi. "XL” gəncləri rəqibə qarşı ciddi basqı və pres yapdılar. Bu isə öz nəticəsini verdi: 63-cü dəqiqədə "XL”-in zəhmətkeş kapitanı Rahid Əmirquliyev çox gözəl və baxımlı qol vurdu. 74-cü dəqiqədə isə müdafiəçi Adrian Skarlatake 2-ci qolu "Neftçi”nin qapısından keçirtdi. Qalan dəqiqələr ərzində hər iki komanda açıq futbol oynadı. Çox maraqlı və gərgin mübarizə gedirdi. Növbə ilə qapıçılar gözəl oyun nümayiş etdirirdilər. Futbolçular da bir-birlərinə qarşı çox nəzakətli idilər. Qapıçıların "seyv”ləri sayəsində tamaşaçılar daha bir qol görə bilmədilər. Oyunun son dəqiqələri çox maraqlı və gərgin keçsə də, həm meydançadakı futbolçular, həm də tribunadakı azarkeşlər əsl idman etikasından kənara çıxmadılar. Hakim AFFA-nın büdcəsini doldurmaq naminə "sarı vərəqə”ni sağa-sola paylasa da, oyun zamanı futbolçular hakimlə mübahisəyə girmədilər. Həmişə qələbədən qeyri heç nə arzulamayan Lənkəran azarkeşləri ilk dəfə idi ki, ciddi rəqibilə heç-heçə edilməsini böyük sevinc içərisində alqışladılar. 

Nəhayət ki, "Böyük oyun” böyük dava-dalaşla müşahiyyət olunmadı. Oyunçular meydançada bir-birlərinin əlini sıxdılar. Baş məşqçilər yenə də bir-birlərinə qarşı səmimiyyət nümayiş etdirdilər. Oyundan sonrakı mətbuat konfransında baş məşqçilər qarşı tərəf haqda xoş sözlər söylədilər. Çoxdan idi ki, lənkəranlı azarkeşlər belə gərgin, amma sülh şəraitində keçən mübarizənin şahidi olmurdular. Deməli, bu mümkün imiş! Hesab 2:2 tamamlansa da, əslində dostluq, səmimiyyət, idmançı etikası və əsil futbol qələbə qazanmışdı. Əsl futbolçu da məhz belə oyunlarda formalaşır. Heç demə yad təsir olmadıqda və klub rəhbərliyi etika nümayiş etdirəndə hər şey çox yaxşı sonuclanırmış. Azarkeşlər və jurnalistlər sanki illər boyunca məhz bu cür oyunun həsrətində idilər. Şükür ki, "Neftçi” və "XL” kəskin rəqabətin pioneri olduqları kimi, ilk dəfə "sülh və idman” münasibətinin də təməlini qoydular.

"Hər ikisinə uğur olsun!” deməyə bilmirsən!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA