"Polis rəisi Azər Muradova zəng edərək bildirdi ki..." - Baş redaktora kələk gəliblər

img

13-04-2015 [10:49]


"Azərbaycan kürdləri” İctimai Birliyinin sədri, Bakıda çap olunan "Diplomat” qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleyman ona aid torpaq sahəsinin saxta sənədlə zəbt olunmasından narazılıq edir. 

"Yeni Müsavat”ın redaksiyasına gələn T.Süleymanın sözlərinə görə, Maştağa bələdiyyəsi tərəfindən ona 2005-ci il, sentyabrın 30-da 16/13 saylı sərəncamla və 2006-cı il aprelin 7-də 33/8 saylı qərarla torpaq sahəsi verilib.

Bu ərazi Maştağa-Buzovna yolunun, Xanlar yaşayış massivinə tərəf olan yolun 550 metrliyində yerləşir. Həmin torpaq sahəsini Nəsrəddin Babayev adlı şəhər sakini saxta sənədlə satıb. 

Bu saxta sənədin surətini "Yeni Müsavat”a təqdim edən T.Süleyman söyləyir ki, N.Babayev öz həyat yoldaşının adına aid sahənin əvəzinə, onun torpağını satmağa qalxıb: "O, xanımının adına olan və Maştağa bələdiyyəsi tərəfindən verilən saxta yerləşmə-sxemində göstərilən 1000 kvadrat metr torpaq sahəsini, yəni Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinə tərəf olan yolun 605 metrliyindəki torpaq sahəsinin 20x50 kvm. əvəzinə, ona aid 550 m olan 25x40 kvm. torpaq sahəsini dələduzluq yolu ilə saxta sənədi ikinci dəfə 605 metri dəyişərək 556 metr edərək saxtalaşdırıb satıb”.
 
Baş redaktor Xəzər Rayon Polis İdarəsinə və Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edib: 

"Hətta yanvarın 7-də Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov mənim yanımda Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradova zəng edərək bildirdi ki, istintaq bitənə qədər mübahisəli ərazidə heç bir tikinti işi getməsin. Lakin qarşı tərəf heç bir icazəsi olmadan tikintini apardı. Biz əvvəlcə bu torpağı satdığı Tələt adlı şəxsdən zorla geri qaytardıq. Ona satanda cizgi sxemi 605 m göstərilirdi. Lakin torpağımın üstündə iş görməyimə əngəl törətdiyi üçün Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə ərizə ilə müraciət etdim. İşi tədqiqatçı Arzuman İsmayılova həvalə etdilər. Arzuman İsmayılov operativ şəkildə işi araşdırdı. Məni və saxta sənədlə mənə məxsus torpağı satan Nəsrəddin Babayevi, o cümlədən Maştağa bələdiyyəsindən Sahib müəllimi bir nümayəndə kimi çağırdı. 

Maştağa-Buzovna yolundan Xanlar yaşayış massivinə qədər olan məsafə metrlə ölçüldü. 
Nəticədə 550 metrlik məsafə mənə aid olan 25x40 kvadrat metr yerləşmə-sxeminə uyğun gəldi. 605 metrlik məsafə Nəsrəddinin xanımının adına olan 20x50 kv.m. yerləşmə-sxeminə uyğun gəlsə də, Nəsrəddin buna razılaşmadı. Ona görə də akta qol çəkməkdən imtina etdi". 

Baş yazar deyir ki, tədqiqatçı bununla bağlı cinayət işi açıb:

 "İş Xəzər rayon Prokurorluğu tərəfindən Xəzər Rayon Polis İdarəsinə göndərilərək istintaqla araşdırılmasına başlanıb. Ülvi Abdullayev adlı müstəntiqə həvalə edilib. Görüş zamanı müstəntiq bizə dedi ki, əraziyə yenidən baxış keçirəcəyik. Bir neçə gün keçəndən sonra müstəntiq bildirdi ki, burda cinayət işi yoxdur.  Görəsən tədqiqatçı Arzuman müəllimin hər iki tərəfin iştirakı ilə apardığı araşdırma və yazılan akt niyə hesaba alınmadı? Bundan sonra işi məhkəməyə verdim”. 

Mülk sahibinin sözlərinə görə, N.Babayevin bu dəfə həmin torpaq sahəsini bələdiyyə sədrinin imzasını saxtalaşdıraraq Nəzakət adlı şəxsə satdığı məlum olub:

 "Mən müraciət etdim ki, saxta sənədi saxtalaşdıran və təkrar torpağı satan Nəsrədin Babayevə cinayət işi açılsın. İşi tədqiqatçı Elçin Qurbanova həvalə etdilər. Bununla bağlı cinayət işi qaldırılsa da, müstəntiq Ülvi Abdullayev ”bu işdə də cinayət yoxdur" deyərək rədd etdi.

Bununla bağlı Xəzər Rayon Polis İdarəsinin rəisi Azər müəllimə müraciət etdim. Azər müəllim İstintaq idarəsinin rəisini və Tədqiqat şöbəsinin rəisini dəvət edərək, məni qəbul etdi. Mən hər üçünə sənədlərimin əslini göstərdim və qarşı tərəfin saxta sənədlərini nümayiş etdim. Polis rəisi qeyd etdi ki, burda heç bir cinayət tərkibi yoxdur, işi məhkəməyə verin, məhkəmə torpağın sənə aid olduğunu təsdiqləsə, onda Nəsrəddinə cinayət işi açıla bilər. Əgər mənim yerimi zəbt edənin sənədi yoxdursa, olan da saxtadırsa məhkəmə nəyə baxacaq?".

Şikayətçi bildirir ki, nəhayət, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova müraciət edib. BŞBPİ rəisi işin yenidən baxılmasına göstəriş verib: "Lakin nədənsə, müstəntiq Əflatun Səlimov cinayət işi açmaq istəmir. Ərizə ilə müraciətimizdən 4 ay keçməsinə baxmayaraq cinayət işi qaldırılmayıb”. 

T.Süleyman torpaq sahəsinin saxta sənədlə satılması ilə bağlı daxili işlər nazirinə, baş prokurora, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər dövlət orqanlarına sənədlərin surətini təqdim edib: 

"Xahiş edirəm, dələduzluq yolu ilə mənə aid torpaq sahəsini zəbt edən və satan Babayev Nəsrəddin haqqında qanun çərçivəsində ölçü götürülməsinə göstəriş verəsiniz". 

T.Süleyman bildirdi ki, məsələyə aydınlıq gətirilməsə, prezidentə müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA