Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində kollegiya iclası keçirilib

img

08-04-2015 [15:33]


Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissə, anbar, baza, mənzil-istismar hissələri və hərbi komendantlıqlarda 2015-ci ilin birinci rübünün döyüş və mənəvi-psixoloji hazırlığının, qoşun xidmətinin, hərbi intizamın təhlili və qarşıya qoyulmuş tapşırıqlara həsr olunan geniş kollegiya iclası keçirilib.
MİA-nın "Azərbaycan ordusu” qəzetinə istinadən verdiyi məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev tədbirin gündəliyindəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Məruzə ilə çıxış edən general-mayor Q.Qarayev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açaraq bildirib ki, Silahlı Qüvvələr tam inkişaf dövrünü yaşayır: "Son vaxtlar Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da inamlı addımlar atılır. Bu gün Silahlı Qüvvələrdə aparılan islahatlar və məqsədyönlü siyasətin nəticəsi olaraq ordumuz inkişaf edir, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Xüsusilə qeyd etmək istərdim ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə orduda aparılan islahatlar, hərbi hissələrin maddi-texniki və sosial-məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi həm orduda, həm də cəmiyyətdə rəğbətlə qarşılanır.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə təşkilati göstərişlərində vurğulayıb ki, yüksək nailiyyətlərin əldə edilməsi üçün Silahlı Qüvvələrin aşağıdakı əsas məqsədləri Ali Baş Komandan tərəfindən müəyyən edilib:
"Dövlətin milli təhlükəsizliyinə qarşı ehtimal olunan hərbi təhdidlərin qarşısının vaxtında alınması və Azərbaycan Respublikasına istiqamətləndirilmiş təcavüzün dəf edilməsi məqsədi ilə qoşunların tələb edilən döyüşə və səfərbərliyə hazırlıq səviyyəsində saxlanılması;
Hərbi-siyasi vəziyyətin istənilən şəraitində Azərbaycan Respublikası ərazisinin bütövlüyü və toxunulmazlığının silahlı müdafiəsi üçün Silahlı Qüvvələrə zəruri olan qabiliyyətlərin daimi inkişafı və təkmilləşdirilməsi;
İşğal edilmiş torpaqları erməni təcavüzkarlarından azad etmək məqsədilə Silahlı Qüvvələrin fəal və qətiyyətli hücum əməliyyatlarına hazırlıq tədbirlərinin təşkili və həyata keçirilməsi”.
Tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissə və müəssisələrə son səfərini əks etdirən videosüjetlərin nümayişi ilə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA