Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvətlərindən hesab olunur. Ancaq təəssüf ki, nə isanlarımız bu sərvətin qədrini bilir, nə də dövlətimiz onu qorumağa çalışır. Ona görə də Azərbaycanda meşə massivlərinin ərazisi ildən-ilə sürətlə azalır. Bunun nəticəsidir ki, son 200 ildə Azərbaycanda meşə ərazilərinin sahəsi 3 dəfədən artıq kiçilib.
Belə ki, rəsmi statistikaya görə, XIX əsrdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdusa, hazırda bu göstərici cəmi 11,8%-ə düşüb. Azərbaycanda rəsmi statistikanın bir qayda olaraq şişirdildiyini nəzərə alsaq, real mənzərənin daha acınacaqlı olduğunu söyləyə bilərik. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası ərazilərinin 44%-ni, Latviyanın 41%,-ni, qonşu Gürcüstanın ərazisinin isə 39%-ni meşə sahəsi təşkil edir (Mənbə: eco.gov.az).
Azərbaycanda meşələrin ümumi sahəsinin ildən-ilə azalmasının, əlbəttə, bir çox səbəbləri var. Bunların arasında ilk sırada həm sahəyə nəzarət etməli olan dövlət qurumlarının RƏHBƏRlərinin, həm də rayonları İCARƏYƏ götürən OLİQARXLARIN meşələri QAZANC mənbəyinə çevirməsi dayanir. İnternetdə kiçik araşdırma aparsaq görərik ki, az qala hər həftə ölkənin hansısa regionunda meşə massivlərinin amansızcasına məhv edilməsinə dair materiallar verilib. Qəbələdə, Qaxda, Tovuzda, Bərdədə, Göygöldə və sair rayonlarda meşələrin ayrı-ayrı OLİQARXLARIN, məmurların himayəsində olan firmalar, sexlər tərəfindən qırılaraq daşındığı, parket, taxta-şalban istehsalında istifadə edildiyinə dair kifayət qədər fakt göstərmək olar. Şəkilli, sübutlu…
Ancaq nə yazıq ki, vəzifəsi meşələri qorumaq olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəinki bu faktları görməzdən gəlir, hətta qurumun rayon şöbələri bu YAŞIL SOYQIRIMDA birbaşa iştirak edir…
Oğuz rayon sakini Sadiq Əliyevin redaksiyamıza göndərdiyi araşdırma materialında da belə faktlar və sübutlar yetərincədir. Məktubu qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:
"Salam hörmətli "AzPolitika.info” rəhbərliyi!
Sizə Oğuz rayonunda meşələrin qırılması haqqında məlumat vermək istəyirəm. Ekologiya Nazirliyinin "Meşələrin İnkişafı Departamenti tərəfindən 2014-cü il ərzində görülmüş işlər barədə məlumat”da yazılanlara inansaq, meşə salmaq, toxum səpmək, ting yetişdirmək işlərini görmək lazım deyil, mövcud meşələrimizi qorusaq daha yaxşı olar. Lakin qoruyuruqmu? Mən sizə sadəcə Oğuz rayonunda olan vəziyyəti təqdim edəcəm.
Bu rayonda meşələrin 80 %-i "qaçqınlar” tərəfindən kəsilərək kömür, parket, odun kimi satılıb. Ən çox kömür təsərrüfatı ilə məşğul olan kəndlər Calut, Calut-1 qaçqınlar düşərgəsi, Xaçmaz, Xal-Xal, Mollalı, Fil-filli və s. kəndləridir. Sizə göndərdiyim şəkillər isə sadəcə Calut və Calut-1 kəndlərində kəsilmiş, kömür edilərək məhv edilmiş ağacların şəkilləridir. Onların hamısı yeni çəkilib, buna sübüt kömür quyularının yanından keçən yeni çəkilən qaz xəttidir.
Calut kəndində iki parket sexi var. Birinin sahibi Kəlbəcər qaçqını Keyti, digərinin sahibi isə onun əmisi oğlu Hafizdir. Keytinin qardaşı Oğuz Meşə İdarəsinin məsul işçisi, Calut meşələrinin meşəbəyidir. Hafiz isə Calut bələdiyyə sədrinin oğludur və parketi böyük TIR avtomaşınla Bakıya daşıyır.
Bu sexləri iş başında yaxalamaq, yoxlamaq üçün heç bir xüsusi əməliyyata ehtiyac yoxdur. Günün günorta çağında 55 mm-lik kötükləri "Ural” maşını ilə kənd içindən keçərək sexə daşıyır və parket çəkirlər.
Kömür yandıranlar yenə də açıq-aşkar meşədən ağaçları gətirərək yandırırlar. Meşəbəyi və polis növbətçisinin maşını isə bu zaman 100 metr kənarda onları müşahidə edir. Şəkillərin birinin arxa fonunda dağın neçə keçəlləşdiyi açıq görünür. Bu nə deməkdir? Belə də sahibsizlik olar?
Kiçik bir hesablama aparaq. Bu kənddə (Calut) 33 kömür quyusu (4 m3), 2 parket sexi (gündəlik – 25 m3 ) və 320 ailə var. Hər quyu 4 gündən bir yandırılır, hər sexə 3 gündən bir kötük gəlir və hər ailə ildə 2 avtomaşın odun yandırır.
1. 33 quyu x 365 gün/4 gün x 4 m3 = 1460 m3 ağac. Və nəzərə alsaq ki, kömür üçün cavan 5-10 illik ağaclar kəsilir, onda bu 1460 x 8 ağac = 11 680 cavan ağac təşkil edir.
2. 2 parket sexi x 365 gün x 25 m3 = 18250 m3. Parket üçün isə 50-100 illik ağaclar kəsilir, buda 1 m3 2 ağac hesabı ilə 36500 ədəd 50-100 illik ağaclar deməkdir.
3. 320 ailə hər qışda 3 maşın odun yandırır – 3 x 18 m3 x 320 ailə = 17280 m3 odun təşkil edir. 17280 x 1.5 ağac = 25920 ağac odun kimi istifadə edilir.
Yekun olaraq bir kənddə: 11680 + 36500 + 25920 = 74 100 ədəd 50-100 illik ağac!
Bu sadəcə Oğuz rayonunun Calut kəndində olan meşə talanı rəqəmləridir. Belə talan əməliyyatının Oğuzun12-dən çox kəndində aparıldığını nəzərə alsaq, bu hər il ən azı 889 200 ağacın Oğuz meşələrindən kəsilməsi deməkdir. Bildiyimə görə, bu talan Qəbələ, İsmayıllı, Balakən, Şəki və s. rayonlarda da həyata keçirilir.
Xahiş edirəm bu haqda məlumat yazın, bəlkə gözü kör məmurlar görə”.
Həqiqətən də düşündürücüdür, meşələrin belə amansızlıqla qırılmasının gələcəkdə Azərbaycanda hansı ekoloji fəlakətlərə yol açacağını müvafiq orqanların, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərləri nəzərə alırlarmı?!
Yeri gəlmişkən, bu mövzu bağlı bir məsələyə də toxunmaq istərdik. Məlum olduğu kimi son illər xüsusən Qəbələ və Oğuz rayonlarında 100 illər boyu mövcud olan şabalıd ağacları kütləvi şəkildə məhv olur. Artıq şabalıd ağaclarına cox az sayda bağlarda rast gəlmək mümkündür. Rayon camaatının "xərcəng” adlandırdığı naməlum xəstəlik ağacları içəridən qurudur. Naməlum ona görə deyirik ki, Kənd Təsərrüfatı Nazirliyi ağaclara torpaqdan keçən bu xəstəliyin səbəbini tapa bilmir. Müxtəlif izahlar verir.
Qəbələ ağsaqqallarından birinin dediyinə görə, buna səbəb rayon ərazisindəki (ümumiyyətlə regiondakı-müəl.) bütün palıd meşələrinin qırılmasıdır. Belə ki, onun iddiasına görə, palıd ağacları torpağın "zəhərini” özünə çəkmək xüsusiyyətinə malikdir. Kəndlərin kənarında, hətta bağların ətrafındakı palıd ağaclarına buna görə toxunulmurdu. Ancaq parket sexləri işə düşəndən sonra bütün palıd meşələri ilə yanaşı, kəndlərdəki, bağların kənarlarında palıdlar da mişara verildi. Bunun nəticəsi özünü şabalıd ağaclarının kütləvi şəkildə məhv olmasında, "qızl əhmədi” deyilən alma ağaclarının bəzi yerlərdə qurumasında, bəzi yerlərdə isə meyvələrinin qoturlaşmasında göstərdi.
Əlbəttə, qəbələli ağsaqqalın iddiasının nə qədər doğru olduğunu, elmi əsasının olub-olmadığını söyləyə bilmərik. Ancaq Qəbələdə, Oğuzda və digər rayonlarda meşələrin kütləvi şəkildə məhv edilməsinin təbiətə, insanlara təsirsiz ötüşdüyünü iddia etmək də mümkün deyil. Heç şübhəsiz ki, təbiətin AĞ CİYƏRLƏRİ hesab edilən meşələrin belə amansızlıqla məhv edilməsi nə bugünkü nəslin sağlamlığına təsirsizdir, nə də gələcək nəsillərə ziyansız ötüşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sıradan məmuru bəlkə də bunu başa düşmür. Başa düşsə də, öz tamahı ona güc gəlir. Bəs həm də elm adamı olan hörmətli nazir Hüseyqulu Bağırovun buna göz yummasını necə başa düşək?…
P.S. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi arzu edərsə, nazirliyin əməkdaşları ilə birlikdə Oğuz rayonunda bu yazıda irəli sürülən iddialarla bağlı araşdırma aparmağa hazırıq.
Sadiq Əliyevin məktubuna əlavə etdiyi fotolar: