“Yazılı abidələrimiz mötəbər tarixi mənbə kimi” mövzusunda elmi seminar

img

04-04-2015 [14:17]


04 aprel 2015-ci ildə "Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində "Yazılı abidələrimiz mötəbər tarixi mənbə kimi” mövzusunda elmi seminar keçirilib. Seminarın qonağı ədəbiyyatşünas alim, AMEA-nın Əlyazmalar İnstitutunun Direktor müavini, Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, dosent Paşa Əli oğlu Kərimov olub.

Seminarı giriş sözü ilə açan "GEAD” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı yazılı abidələrimizin xalqımızın milli sərvəti olduğunu bildirərək tariximizin, milli-mənəvi irsimizin tədqiq olunub gələcək nəsillərə çatdırılması istiqamətində bu abidələrin əhəmiyyətindən bəhs edib. AMEA-nın Əlyazmalar İnstitutunun bu taleyüklü şərəfli vəzifəni ləyaqətlə təmsil etdiyini qeyd edib.

Məruzəçi filologiya elmləri doktoru, dosent Paşa Kərimov AMEA-nın Əlyazmalar İnstitutunun tarixçəsi haqqında ümumi məlumat verdikdən sonra İnstitutun bugünə qədər gördüyü işlərdən söz açıb. İnstitut nəzdində qorunub saxlanan zəngin tarixi və mədəni irsimizi ehtiva edən əlyazma əsərlərinin necə tədqiq edildiyini izah edib. P.Kərimov ölkəmizdəki əlyazma əsərlərlə yanaşı dünyanın müxtəlif ölkələrində mövcud olan Azərbaycanla əlaqəli əlyazma əsərlərin də mütəxəssislərimiz tərəfindən tədiqiq olunduğunu vurğuladı. Təkcə Şərq ölkələrinin kitabxanalarında Azərbaycana aid 12 mindən artıq əlyazmanın mövcud olduğunu qeyd edən P.Kərimov bu əlyazmaların ölkəmizə gətirilməsi istiqamətində bir sıra addımların atıldığını bildirdi. O, Şərq ölkələri ilə yanaşı bır sıra Avropa ölkələrində, xüsusən də, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ kitabxanalarında Azərbaycanla əlaqəli əlyazmaların da tədqiq olunduğunu, ancaq bu sahədə görüləcək işlərin böyük olduğunu vurğuladı. P.Kərimov dünyada Azərbaycanla bağlı olan bütün əlyazmaların hamısının surətinin bir mərkəzdə toplanması zərurətini xüsusi olaraq qeyd etdi.

Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə dərin təşəkkürünü bildirən "GEAD” İctimai Birliyinin sədri M.Babaşlı yazılı abidələrimizin genişmiqyaslı tədqiqinin vacibliyini qeyd edərək xüsusən də, Azərbaycanla bağlı dünya kitabxanalarında mövcud olan əlyazma əsərlərin gün üzünə çıxarılmasında gənc mütəxəssislərin, gələcək nəsillərin üzərinə böyük iş düşdüyünü ifadə etdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA