Heydər Əsədov icra başçılarına qalib gəldi

img

01-04-2015 [16:34]


Xəbər verildiyi kimi, Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Yayılan məlumata görə, aprelin 1-dən etibarən, rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. Məlumatda o da bildirilib ki, İH-nin aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar İH-nin iqtisadiyyat şöbəsində işlə təmin olunacaq.

Mia.az Dia.az-a istinadən bildirir ki, əslində, icra hakimiyyətlərində rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğvi səbəbsiz deyil. Bununla bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Əldə etdiyimiz xəbərlərə keçməzdən öncə son bir rəsmi məlumatı da təqdim edək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev "Bu günlərdə Azərbaycanın 60 yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq”, deyərək, bildirib ki, rayonlarda artıq təsərrüfat idarələrinin inzibati binalarının tikintisi yekunlaşmaq üzrədir: "Hal-hazırda 56 rayonda inzibati binaların tikintisi gedir, orada tikinti yekunlaşandan sonra artıq ştat müəyyənləşəcək. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (dövlət qulluğu hesab olunduğuna görə - red.) vakansiya elan edilib, kadrlar işə götürüləcək".

Qeyd edək ki, kənd təsərrüfatı idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək.

Hər halda bu iki informasiya arasındakı rabitə aşkar şəkildə seziləndir. 

Elə Dia.az-a danışan mənbə də qeyd olunanları təsdiqləyir və əlavə edir ki, əslində, rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğvi sırf olaraq aqrar sektorun yerli icra orqanlarının nəzarətindən çıxarıb, KTN-yə tam şəkildə bağlanmasına xidmət edir. Bu, həm də sözügedən sektora büdcədən ayrılan dövlət vəsaitinin xərclənməsində də icra hakimiyyətilərinin iştirakını istisna edir.

Bir sözlə, KTN şefi Heydər Əsədov aqrar sahədə tam hakimiyyətini qurması üçün çox ciddi bir addımı atmağa müvəffəq olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA