Azərbaycanlı tələbələr "Harvard"da tədbir keçirib - FOTO

img

25-03-2015 [11:15]


ABŞ-ın Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəçilik Məktəbində ilk dəfə olaraq "Azərbaycan: Qədim əlaqələr, gələcəyin diyarı” adlı mədəniyyət tədbiri keçirilib. 

Təşkilatçıların Mia.az-a verdiyi məlumata görə, azərbaycanlı tələbələrinin maddi dəstəyi ilə keçirilmiş həmin tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini bir daha xarici auditoriyaya təqdim etmək, ölkənin zəngin irsini nümayiş etdirmək və eləcə də Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini xarici vətəndaşlara çatdırmaqdan ibarət olub.  

Adıçəkilən məktəbin tələbəsi və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təqaüdçüsü olan Əlikram Tofiq oğlu İsayev və Massaçusets Universitetinin tələbəsi Müşfiq Natiq oölu Əmirovin birgə təşkilatçılığı ilə həyata keçmiş mədəniyyət tədbirində iştirak edənlər ölkəmizin tarixi, adət-ənənələri və milli mətbəximizin nümunələri, eyni zamanda, milli bayramımız olan Novruz Bayramı adətləri ilə tanış olublar.

Xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisi tərəfindən mart ayının 21-i tarixinin "Beynəlxalq Novruz Günü” elan edilməsi barədə verilən məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və xoş təəsürat doğurub.

Tədbir çərçivəsində qonaqlara, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi nəzarəti ilə 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları və onun tarixi əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilib. 

Tədbirdə Türkiyənin Bostondakı konsulu Ömür Budak, Azərbaycanın ABŞ-dakı (Vaşinqton) səfirliyinin nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər. Türkiyənin Bostondakı konsulu Ömür Budak Azərbaycan Prezidenti İlham Əliyevin səfərləri nəticəsində bir çox sahələrdə, o cümlədən təhsil sahəsində ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın qurulduğunu və son illər nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyini vurğulayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA