Biləsuvarda Novruz şənlikləri keçirilib - FOTOLAR

img

19-03-2015 [14:41]


Biləsuvar rayonunda xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri  əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisələrin, təşkilatların rəhbərləri və  rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə  Heydər Əliyev Parkında Novruz bayramına həsr olunmuş  sərgiyə baxış keçirdilər, çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edilib.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bayram  tonqalını alovlandırdı. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzulayıb. M.Quliyev  rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirib ki, bundan sonra da respublikamızın bütün bölgələri kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcəkdir.

Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.  

Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, pəhlivanlarımız öz güclərini sınadılar.

Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA