Nazirlik Novruzqabağı bahalaşmaya aydınlıq gətirdi

img

16-03-2015 [17:10]


Xəbər verildiyi kimi, martın 14-dən etibarən Bakıda Novruz yarmarkaları işə başlayıb. Bu yarmarkalarda qiymətlərin bazarlara nisbətən ucuz olacağı gözlənilsə də, son 3 gündə müşahidələrimiz və alıcılardan aldığımız şikayətlər bunun əksinin olduğunu ortaya çıxartdı.

Martın 15-də musavat.com-un əməkdaşlarının Xətai rayonunda, «Həzi Aslanov» metrosuna yaxın ərazidə yerləşən yarmarkada apardığı müşahidələr də yarmarkalardakı qiymətlərin bazarlardan elə də fərqlənmədiyini təsdiq etdi.
Yarmarkada, demək olar ki, əksər məhsulların, xüsusən də Novruz süfrəsi üçün lazım olan qərzəkli meyvələrin və quru meyvələrin qiyməti bayramdan əvvəlki dövrlə müqayisədə 50-60 faiz daha baha təklif olunurdu.

Halbuki, Kənd Təsərrüfatı Nazirliyi qiymətlərin istehsalçılarla razılaşdırıldığını və nəzərdə tutulan həddən yuxarı olmayacağını bildirmişdi. Bundan əlavə yarmarkada heç bir məhsulun üstündə qiymətin olmaması, satıcılarn "külək apardı” tipli bəhanələri, sanitar normalara əməl edilməməsi və sair kimi neqativ hallar da az deyil.

Meyvə-tərəvəz məhsullarının qiymətlərindəki artımla bağlı musavat.com-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, nazirlik nümayəndələri gün ərzində yarmarkalarda müşahidə aparır və qiymət artımlarının qarşısı alınır:"Qiymətlər hamısı istehsalçılarla qarşılıqlı razılşma əsasında müəyyənləşdirilib və bütün məhsulların üzərinə vurulub. Əlavə olaraq, 4 ünvanda yarmarka açılıb. Hazırda bizim müşahidələrimiz göstərir ki, insanlar axın-axın yarmarkaya gəlirlər. Ola bilər ki, hansısa məhsulun üstündən qiyməti külək aparsın. Ancaq ümumi şəkildə, səhər saatlarından insanlar yarmarkalara gələnə qədər bizim nazirliyin mütəxəssisləri tərəfindən istehsalçı ilə razılaşdırılmış qiymətlər məhsulların üzərinə vurulur. Bizim nümayəndələrimiz yarmarkalarda gəzib baxırlar, hansı məhsulun üzərində qiymət yoxdursa, yenidən yazılıb qoyulacaq. Qiymətlərə gəlincə, qoz ləpəsinin qiyməti 9-14 manat arasında dəyişir. Biz nəzarət edirik. Mütəxəssislərimiz ərazidədir. Çalışırıq ki, insan axını daha çox olsun. Bu yarmarkaların qarşısında qiymət cədvəli öz əksini tapıb. Bu, insanlara imkan yaradır ki, əvvəlcə qiymətlərlə tanış olub, daha sonra bazarlıq etsinlər.

Biz demirik ki, məhsullar standart qiymətdə olacaq. Məsələn, qozun kilosu 4-5 manatdır. Ətin, yumurtanın, tərəvəzlərin qiyməti dəyişməz olaraq qalır. Qərzəkli meyvələrin qiymətində ötən ilki ilə müqayisədə 3-5 faiz artım var. Potağalın qiyməti maksimum 1.8 manat ola bilər”.

Nazirlik sözçüsü əhalini qiymət artımı və digər neqativ hallarla mübarizə aparmağa çağırdı:"İnsanlara müraciət edirik ki, qiymət artımı ilə bağlı bizim qaynar xəttimizə müraciət etsinlər. Biz daxil olan müraciətləri dərhal araşdırırıq. Biz bu kimi neqativ halların işimizə xələl gətirməsini istəmirik. Qiymətlər haqqında hər yerdə məlumat vermişik, "qaynar xətt”imizi də elan etmişik. Neqativ hallarla rastlaşan kimi bizə müraciət etsinlər. Bizim məqsədimiz odur ki, həm istehsalçı, həm də istehlakçı razı qalsın”.

Satıcıların əksəriyyətinin məhsulları topdansatış məntəqələrindən gətirməsinə münasibət bildirən Murtuzəli Hacıyev bildirdi ki, yarmarkaya məhsul çıxaranların 90 faizi rayonlardan gələnlərdir:"Ola bilər ki, 10 faiz yerli satıcılar iştirak etsin. Bu da məhsul bolluğu baxımından müsbət haldır. Ancaq biz möhtəkirliyə qarşı mübarizə aparırıq və bunun yarmarkaların fəaliyyətinə mane olmasının qarşısını alırıq. Qiymət artımının qarşısını inzibati yolla almaq düzgün deyil. Biz çalışırıq ki, yarmarkaya məhsulları daha bol çıxaraq və qiymətləri bu yolla tənzimləyək. Ancaq ictimaiyyət də mübarizə aparmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA