“Postmodern və multikulturalizm: fənnlərarası diskurs” - Roida Rzayeva

img

16-03-2015 [12:10]


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın "Postmodern və multikulturalizm: fənnlərarası diskurs” adlı növbəti kitabı işıq üzü görüb. Monoqrafiya postmodern fenomeni, onun törəmə sözləri və multikulturalizmin fənlərarası təhlilinə həsr olunub.

Kitab müəllifin ayrı-ayrı kitabların fəsillərində və beynəlxalq nəşrlərdə dərc edilmiş tədqiqatının davamıdır. Belə ki, alimin bu istiqamətdə ilk araşdırmaları 2001-ci ilə aiddir. Tədqiqatların ayrı-ayrı müddəaları müəllifin Azərbaycan, Türkiyə türkcəsi, rus və ingilis dillərində Respublika və xarici nəşrlərdə dərc olunmuş 120-dən çox əsərində öz əksini tapıb. Araşdırmanın nəticələri 15 ölkədə (İngiltərə, İtaliya, Fransa, Cənubi Koreya, Yunanıstan, Danimarka, Türkiyə, Rusiya, Litva, Kipr, Belarus və s.) beynəlxalq konfranslarda məruzə edilib.

Tədqiqatın metadili (açar dili) kimi fəlsəfi təhlildən istifadə olunub. Nəşrdə postmodernin və müasir fəlsəfənin bir sıra problemlərinin analizi ilə yanaşı, multikulturalizmin elmi-metodoloji tərəfləri və onun postmodernizmin fəlsəfi əsasları ilə əlaqəsi işıqlandırılıb. Kitabda müasir cəmiyyət və şüur, fənlərarası dialoq, poststrukturalizm, dialoqun fəlsəfəsi, modernin postmodernlə əlaqəsi, postmoderndə qlokallaşma, dekonstruksiya, "Başqası” və s. məsələlər təhlil olunub.

Monoqrafiya aktual və olduqca mübahisəli problemə, Azərbaycan elmi ədəbiyyatında az tədqiq edilmiş müasir Qərb fəlsəfəsi, xüsusilə Qərbin müasir fəlsəfi təmayülləri, cərəyanları və onların Qərbdən başqa sahə və cəmiyyətlərə ekstrapolyasiya edilməsi məsələləri kontekstində konseptual və sosial inikas olaraq postmodernizmə həsr olunub. Postmodernizmin paradiqmal təhlilinin tərkib hissələri kimi qeyd olunan bəzi müddəalar və tezislər isə tədqiqatın ikinci cildində inkişaf etdiriləcək.

Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını tədqiq edən mütəxəssislərə tövsiyyə olunub. Monoqrafiya dərs vəsaiti kimi də istifadə oluna bilər.

Məlumat üçün onu da bildirək ki, bu araşdırmadan öncə mövzu ilə əlaqədar Roida Rzayevanın Türkiyə türkcəsində "Rus və Azərbaycan qaynaqlarında türk modernləşməsi” adlı monoqrafiyasının, 2014-cü ildə isə İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının (Cambridge Scholars Publishing) kitabında və Oksfordda nəşr olunan topluda ingilis dilində fəsilləri çap olunub.

KİTABIN MƏZMUNU

Kitab altı fəsildən ibarətdir. Oxuyucuya təqdim olunan kitabın "Postmodern və şüur” adlanan birinci fəslində ictimai şüurun rolu və əhəmiyyəti, onun dinamik və reflektiv mahiyyəti təhlil olunur, dəyər şüurunun transformasiyası probleminə və postmodern şəraitdə qazandığı xüsusiyyətlərə xüsusi diqqət yetirilir.

Kitabın "Postmodern fənlərarası proses kimi” adlanan ikinci fəslində "postmodern” məfhumunun yaranma tarixi izlənilmiş, postmodernizmin fənlərarası mahiyyəti təhlil edilmiş, analitik aparatı, elmi, fəlsəfi, sosial, mədəni, antropoloji, dini, iqtisadi müstəviləri göstərilmişdir.

Postmodern bir-birinə zidd olan yanaşmaların sintez problemini doğurduğu və yaranmış vəziyyətin müasir təmayüllər nöqteyi-nəzərindən elmi tədqiqini aktuallaşdırdığı üçün monoqrafiyanın "Postmodern modernin kontekstuallaşmasında” adlanan ücüncü fəsli postmodernə müxtəlif yanaşmaların təhlilinə həsr olunmuşdur. Bu fəsildə postmoderniti modernitinin kontekstində təhlil edilir, ona görə ki, bu və digər dünyagörüşünü o dövrün inikası kimi dərk etmək ümümiyyətlə başqa dövrə xas əhvali-ruhiyyə ilə müqayisədə mümkündür. Eləcə də bu fəsildə problemin müxtəlif aspektlərini aşkar edən analitik diskurslar nəzərdən keçirilir.

"Postmodern mədəni və sosial vəziyyət kimi” adlanan dördüncü fəsildə postmodernizmin səciyyəvi xüsusiyyətləri, sosial və mədəni təzahürləri təhlil edilir. Burada intellektualların postmoderndəki vəziyyəti müzakirə olunur, "postmodern” və "sosial media” məfhumlarının əlaqəsi təhlil edilir.

"Postmodern: multikulturalizm və dialoq” adlanan beşinci fəsildə postmodernin və multikulturalizmin dəyər istiqamətləri arasında paralellər aparılır, geterogenliyi və homogenliyi elan edən və müvafiq olaraq əks istiqamətli olan müasirliyin iki təmayülü kimi postmodern və qloballaşmanın münasibəti təhlil edilib. Burada postmodernin diskursunda "qlokallaşma”, "metisləşmə”, "hibridlik”, "millət-dövlət” məfhumları müzakirə olunur, postmodernist dialoqun xüsusiyyət və müstəviləri, postmodernin dialoqikası və müasir fəlsəfənin vacib konseptlərindən biri və postmodernin vacib kateqoriyası kimi "Başqası” təhlil edilir.

"Postmodernizmin tənqidi” adlanan altıncı fəsildə postmodernizmin tənqidində müxtəlif yanaşmalar təhlil edilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA