Xətai rayonunda daha bir yol kəsilərək, bazara çevrildi - FOTOLAR

img

12-03-2015 [12:49]


Martın 11-dən etibarən Xətai rayonunun Məzahir Rüstəmov küçəsində gediş-gəliş məhdudlaşdırılıb. Nəqliyyatın hərəkətinin intensiv olduğu mərkəzi küçənin bağlanmasının səbəbi isə burada bazarın tikilməsidir.

Əraziyə nəhəng beton parçaları və dəmir materialların daşınmasından sonra sürətli tikinti işləri aparılır və artıq bazarın üstü də örtülüb.

Bu gün iş icraçıları əməkdaşımıza bildirib ki, satış yarmarkası martın 25-dək davamlı fəaliyyət göstərəcək. Onlar bildirdilər ki, yarmarka Novruz bayramı ilə əlaqədar təşkil olunacaq. Ancaq bayramdan sonra bu tikili yığışdırılmayacaq və həftənin şənbə-bazar günləri fəaliyyət göstərəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl yayılan rəsmi məlumatda Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçiriləcəyi bildirilirdi. Yarmarkaların 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə təşkil olunacağı da qeyd olunurdu.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Ancaq məsələ burasındadır ki, yarmarkalarda ucuz və keyfiyyətli məhsulların satılacağına sakinlərin ümidi qalmayıb. Söhbət etdiyimiz Xətai sakinləri də yalnız giley-güzar etdilər.

"Bu yarmarka bizə ancaq problem yaradacaq. Ötən illərdə də burada bazar təşkil olunurdu və hər həftənin üç günü bu ərazinin bağlanması səbəbindən yollarda dəhşətli tıxaclar yaranırdı”- deyən sakinlərdən biri əlavə etdi ki, məhsulların ucuz satılacağı barədə deyilənlər sadəcə, nağıldır.

"Burada əvvəllər "8-ci km” bazarından xarab məhsulları gətirib satırdılar. Adını kənd təsərrüfatı yarmarkası qoyublar, ancaq bura "vosmoy”un filialıdır” - deyə başqa bir sakin dilləndi. Yolun qapadılması isə valideynlərə və məktəblilərə əlavə problem yaradıb.

Sakinlər deyir ki, bazar tikilən ərazidə 3 orta məktəb, 1 lisey, 4-5 uşaq bağçası var. Ancaq marşrut avtobuslarının yolunun dəyişdirilməsi səbəbindən onlar piyada uzun yol qət etməli olurlar.

"Mən iki gündür ki, əlimdə də ağır çanta ilə uşağı sürüyə-sürüyə bu yolla məktəbə aparıram. Mənim kimi valideynlər isə minlərlədir. Bu camaata niyə zülm edirlər, başa düşmürük”- deyə digər həmsöhbətimiz bildirir.

Ancaq bu problemlə əlaqədar mövqeyini soruşmağa səlahiyyətli şəxs tapılmadı. Tikinti işləri ilə məşğul olanlar yalnız onu bildirdilər ki, "Müvəqqəti çətinlikdir, əvəzində camaat öz evinin içində ucuz və keyfiyyətli məhsul alacaq, "vosmoy” bazarına getmələrinə ehtiyac qalmayacaq”. Onu da dedilər ki, Bakının 9 ünvanında belə yarmarkalar tikilib, təhvil veriləcək.

Qeyd edək ki, bu tikilinin eynisi metronun "Həzi Aslanov” stansiyasının qarşısındakı yolun ortasında da qurulub və uzun müddətdir ki, sakinlərin rahatlığını pozub.

"Yeni Müsavat” qəzeti dəfələrlə bu barədə narazılıqları işıqlandırıb. Ancaq görünən budur ki, İcra Hakimiyyəti sakinlərin etirazlarını nəzərə alıb, yolu açmaq, bazarı yığışdırmaq əvəzinə, daha bir yolu kəsib, bazar açdı. Lap elə məşhur lətifədə deyildiyi ki, "filin dişisini də gətirdilər”.

Vüqar MURAD
FOTO: "YM”










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA