Azərbaycanda iri şirkətlərə bahalaşma xəbəri əvvəldən sızdırılıb! - Maşın biznesi haqda şok iddia

img

26-02-2015 [12:04]


Tanınmış iqtisadçı Qulu İbrahimli   Azərbaycanda maşın satışı ilə məşğul olan bəzi firmaların etdiyi böyük maliyyə fırıldağının üstünü açıb.  İqtisadçının açıqladığı faktlar kifayət qədər ciddidir və hesab edirik ki, əlaqədar qurumların bu məsələyə diqqət ayırmasına  böyük ehtiyac var. 

Mia.az  Azinform.az-a istinadən həmin yazını təqdim edir:

"Azərbaycan respublikasının Mərkəz Bankı 21 fevral 2015-ci tarixdə qarlı hava şəraitində qəfil 34%-lik devalvasiya qərarı verdi və milli valyutamızın məzənnəsi ucuzlaşaraq, 1 ABŞ dolları üçün 0,784 manatdan 1,05 manata yüksəldi.

Həftə içini çox məşğul olan bir çox insan kimi mən də marketdən əsas bazarlığı, bir qayda olaraq, həftə sonuna salıram və maliyyə təqvimimizə "qara şənbə” kimi düşən həmin gün bazarlıq etməli idik. İqtisadçı olduğumdan, devalvasiya kimi iqtisadi hadisələr zamanı əhalinin qiymətlərin yüksələcəyi əndişəsindən xüsusən ərzaq malları üçün marketlərə axın edəcəyindən və bunun yarada biləcəyi müvəqqəti qıtlıqla bərabər başqa fəsadlarından da xəbərdaram. Bu kütləvi davranışın iştirakçısı kimi görünməmək və yanğına çöp daşımamaq üçün həmin və ertəsi gün bazarlığa getmədim. Üçuşaqlı evdə bəzi zəruri ərzaq malları tam tükənmiş olsa da, günü birtəhər yola verdik. Bahalıq ola bilsə də, sonrakı günlərə saxladım. Başqa cürə görsənmək istəmədim. Çünki ətrafdan da abır-həya etdim. Həm də, təvazökarıqdan uzaq olsa da, deyəcəyəm: lap gəncliyimdən əmək fəaliyyətim iki dövlət qurumunda olduğundan (vergi və gömrük orqanları), özümü DÖVLƏT TƏRBİYƏSİ görmüş hesab edirəm. Belə vəziyyətdə dövlətin qəbul etdiyi qərara görə soyuqqanlı davranmaq, həm cəmiyyətdə ümumən gərginliyin yaranmasına, həm də ticarət müəssisələrinin işinin çətinləşməsinə səbəb ola bilən davranışlardan uzaq durmaq lazımdır.
NİYƏ 7%-lik KREDİTƏ AVTOMOBİL ALMADIM?
pulSürdüyüm avtomobil son aylar tez-tez xarab olmaqla və hər dəfə çoxməsrəfli təmiri ilə məni çox incidir. İkinci əl avtomobilə bir daha sahib olmamağı özümə söz vermişəm. Ona görə, kreditə olmaqla, yeni avtomobil almaq fikrinə düşdüm və seçim üçün müəyyən araşdırmalar aparırdım. Dörd marka adı ilə şaxələnməklə Yaponiyanın "beynəlxalq rəqabət gücünü və ixrac potensialını artıran”, Azərbaycan bazarında isə müəyyən əlamətlərə görə "məşhur 4 yapon markası” kimi təsnifatlaşdırılan avtomobilləri dəyərinin yarısını nəğd ödəməklə, yerdə qalan hissəsini isə 7%-lik kreditə almağın mümkünlüyü barədə dostlar məni məlumatlandırdı. Həmin avtomobillərin yerli internet saytlarına baxarkən gördüm ki, "7%-lik reklam” bu markaların hər birinin saytında ilk baxışdan nəzərə çarpması üçün böyük həcmdə yerləşdirilib. Məlum oldu ki, bu markalar istisna olmaqla, bazarda heç bir avtomobil markası, nəinki belə cəzbedici aşağı faizli kreditə satış təklif etmir, heç bunun həndəvərində də olan faiz dərəcəsi yoxdur. (Kommersiya dəyəri daşıyan məfhumların adının neqativ mənada hallandırılmasının tərəfdarı deyiləm. Marka adı kommersiya dəyəri daşıyır və iqtisadi cəhətdən "müqəddəsdir”, günahkar insanlardır. Ona görə adlarını çəkmirəm. Milli mətbuatımızın əsas nöqsanlarından biri də odur ki, buna əhəmiyyət vermirlər, yazılarda marka və firma adları, yeri gəldi-gəlmədi, mənfi çalarda hallandırılır. Onlar mətbuat üçün gələcəkdə potensial reklamverəndir, iş yeridir.)
Maliyyə və bank işi haqqında elementar təssəvvürləri olan hər kəs bilir ki, avtomobillər üçün verilən kreditlər istehlak kreditlərinə aid olmaqla, yüksək faizli kreditlərdir və 7% ola bilməz. Heç istehsal və komersiya məqsədləri üçün verilən kreditlər bu səviyyədə aşağı deyil. Belə kredit onu təqdim edən bank üçün də rentabelli ola bilməz. Deməli, burda bir əmma var…
Dostlar! Mənim belə sərfəli alışa getmədiyim üçün səfeh adlandıra bilərsiz. İcazə verin, bu adı üzərimdən götürməyim üçün açıqlama verim. Onsuz da, bu yazının hamısı səfeh olmadığımı, əksinə ayıq-sayıq olduğumu sübut etmək üçündür.
fedMən 2007-ci ildəki maliyyə böhranından sonra ABŞ Mərkəz Bankının (bundan sonra – FED) 2008-ci ilin dekabrından icra etməyə başladığı, dilimizdə "Yumşaq Pul Siyasəti” (və ya "Genişləndirilmiş Pul Siyasəti”) kimi başa düşülməli Quantitative Easing (QE) proqramının icrasını, FED-in Açıq Bazar Komitəsinin (FOMC) toplantılarının nəticələrini və bu toplantılardan sonra birjaların reaksiyasını mütəmadi izləmişəm.
QE proqramı ABŞ-da dövlət və özəl sektora aid borc sənədlərinin (istiqrazlar), ipotekaya söykənən əmlakların alınması müqabilində FED tərəfindən bazara hər ay dollar buraxılmasını özündə ehtiva edirdi. Məqsəd ABŞ-da iqtisadi artıma nail olmaq (3-4%), inflyasiyanı 2%-a yaxın həddə tutmaq, işsizliyi 6,5%-dən aşağı olmasını təmin etməkdir. 2014-cü ilin oktyabr ayında bu proqram dayandırıldı və bazara hər ay 75-85 milyard dollar buraxılmasına son qoyuldu. FED-in balansında 4,2 trilyon dollara çatmış bu vəsait indiyədək bütün dünyaya dağılmışdır. Üstəlik, QE başlayandan Amerika Mərkəz Bankı faiz dərəcəsini çox aşağı salaraq 0,25% təyin etmişdir. İnkişaf etmiş ölkələrdə faiz dərəcəsi çox aşağı (sıfıra yaxın), inkişaf etməkdə olan ölkələrdə isə yüksək olduğuna görə buraxılan dollarlar investisiya fondları tərəfindən daha çox gəlir etmək üçün inkişaf etməkdə olan ölkələrə daim axıdılar. ABŞ-da QE dayandırılandan sonra 0,25 olan faiz dərəcəsinin də yuxarı qaldırılacağı barədə dünyada narahatçılıq duyulmuşdur. Yəni, dünyanın müxtəlif ölkələrinə səpələnmiş dollarlar yenidən əks axınla ABŞ-a qayıda bilər.
2014-cü ilin oktyabr ayında QE-nin dayandırılması ilə bütün ölklərinin milli valyuta vahidlərinin məzənnəsi dollar qarşısında aşağı düşməyə başladı. Həmin ərəfələrdə əmtəə birjalarında neft, qızıl, pambıq və s. kimi əmtəələrin də qiyməti düşürdü. Qlobal xarakter alan bu vəziyyət Azərbaycanda "Hərənin dərdi özünə bir dəvədir” prinsipi əsasında yanaşılaraq, həm müstəqil ekspertlər, həm də hökümət sözçüləri tərəfindən "Neftin qiymətinin aşağı düşməsi” olaraq yanlış yozuldu (Hətta mətbuatda geopolitik məzmun qatılaraq Rusiyanın Ukraynaya görə cəzalandırılması kimi absurda varıldı). Bu məntiqlə, bir başqa ölkədə qızılın, bir başqasında pambığın qiymət düşməsi, hansısa ölkənin valyutasının dəyərdən düşməsi kimi də yozula bilər. Təbii ki, belə yanaşma ilə mövcud durumu düzgün qiymətləndirmək və adını qoymaq mümkün olmaz. Halbuki, qlobal xarakter alan durumun bir adı var: ABŞ dolları dəyər qazanır, dolların alıcılıq qabiliyyəti yüksəldi.
Bu boyda uzunçuluğu oxuyanların səsləri qulağıma gəlir: "Bütün bunların avtomobil satışındakı kredit faizinə və sənə dəxli var?”
mashinCavablayıram. Məsələ burasındadır ki, bütün dünyada dörd aydır milli valyuta vahidləri dollar qarşısında məzənnə itkisinə məruz qaldığı halda, bizim valyutanın kursu dəyişmirdi. Hətta, çoxşaxəli rəqabətqabiliyyətli məhsul ixracatı olan və beynəlxalq ödəməqabiliyyətli ölkələrin valyutasında dörd ay ərzində 15%-dən çox ucuzlaşma olmuşdur. Əsas ixracatımız olan neftin qiymətinin düşməsi fonunda mövcud məzənnəni heç cürə saxlamaq mümkün deyildi. Mərkəz Bankın müdaxiləsi sunnaminin qarşısını qum dolu kisələrlə almaq cəhdi olardı. Bu həqiqəti bizim Mərkəz Bank devalvasiyadan üç gün qabaq bilmədiyi halda, bəlli avtosatış şirkətləri bilib və devalvasiyadan bir ay qabaq 7%-lik kreditə satış kampaniyası aparıblar. Satılan avtomobillərin dərhal dollara çevrilib, sonra isə həmin pulun üzərinə 35% devalvasiya qazancı gəlib. Devalvasiya elan olunandan sonra bu kampaniyanın reklamları saytlarından yığışdırılıb. Niyə analoji fəaliyyətlə məşğul olan digər avtomobil satışı şirkətləri eyni maliyyə-kredit mühitində nəfəs aldıqları halda, belə satış tədbirləri görməyə imkanları olmayıb? Xarici şirkətlərin baş ofislərinin başqa ölkələrdəki nümayəndəliklərinin satış şərtlərindən xəbərdar olduqlarını nəzərə alsaq, demək ki, yaponlar da özümüzdən qabaq devalvasiya barədə məlumatlı olublar. Bir cüt, iki tək avtomobil satışı üçün bunu etməyə dəyərdimi?
Məhz göstərilən səbəblərdən 7%-lik avtomobil almadım. DÖVLƏT TƏRBİYƏM imkan vermədi. Onu necə sürə bilərdim?
Amerika Mərkəz Bankının başçısı Janet Yellenin iki gün qabaq Senatın Bankçılıq Komitəsində çıxışından belə məlum olub ki, FOMC-un 2015-ci ilin iyunundakı toplantısında faiz artımı barədə qərar qəbul edilə bilər. Bu zaman dolların dəyərində dəyişikliklər ola bilər. Ona görə də müvafiq dövlət qurumlarımız hazırlıqlı olmalı, məhz məzənnə dəyişikliyindən qabaq sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər görməlidirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA