"...Manat öləcək, dollar 1,2 manata qədər bahalaşacaq" - Ekspert

img

24-02-2015 [23:59]


İqtisadçı ekspert Samir Əliyev bu gün Prezident İlham Əliyevin Mingəçevirdə manatla bağlı yaranan vəziyyətlə bağlı çıxışından sonra qarşıda Azərbaycanın valyuta bazarında yaşanacaq durumu izah edib.

Mia.az Samir Əliyevin "Facebook"dakı statusunu təqdim edir:

"Ölkə prezidenti Mingəçevir səfərində çıxışı zamanı son 2-3 gündə dolların məzənnəsinin aşağı salınması (təxminən 90 qəpiyə) ilə bağlı əhalidə yaranmış gözləntilərə birdəfəlik son qoydu. Bununla da Mərkəzi Bankın razılıq əsasında bu addımı atması öz təsdiqini bir daha tapdı. Neftin ucuzlaşması və Rusiyada baş verən böhranın Azərbaycana mənfi təsiri ilə bağlı ekspertlərin aylarla səsləndirdiyi fikirləri ən yüksək səviyyədə bir daha etiraf olundu. Manat devalvasiyaya uğradı. Hökumətin manatı "bir az ucuzlaşdırması” nə az, nə çox 33,5% oldu. Manat bir daha dollardan baha olmayacaq.
İndi yeni situasiya başlayıb. Daha doğrusu ötən ildən baslayan proses yeni ladda davam edəcək. Devalvasiya məsələsi bununla gündəmdən düşmədi, yenidən gündəmə mindi. Biz həmişə devalvasiyanın ya kəskin, ya da yumşaq olacağını söyləsək də, hökumət hər ikisini həyata keçirdi. Əvvəl yumşaq, sonra kəskin.

Bundan sonra manatın taleyi necə olacaq? Köhnə fikrimizdə bir daha qalırıq. Son sözü neftin qiyməti deyəcək. Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir.

Sabahdan başlayaraq dollar satışı azalacaq. Hətta bir müddətdən sonra dollara tələbat yenidən artacaq. Əmanətlərdə dolların payı artacaq, manatın payı azalacaq. Ən əsası manata olan etibar əvvəlki səviyyədə olmayacaq. Manat illərlə qazandığı etibarı bir gündəcə itirdi. Ən pisi odur ki, hökumət bundan sonra əhalini heç zaman iqtisadi sabitliyə inandıra bilməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA