Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı anıldı

img

24-02-2015 [11:04]


XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının qurbanları AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda anıldılar. 

Mia.az-a verilən məlumata görə, Şərqşünaslıq İnstitutunda keçirilən Xocalı şəhidlərinin anım tədbirində çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Millət vəkili Xocalı faciəsinə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəblərindən də danışdı, Xocalıda əhaliyə qarşı törədilən vəhşilikləri pislədi. Gövhər xanım soyqırımla bağlı statistikanı da nəzərə çatdırdı.

Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi və xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi.

Gövhər Baxşəliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən, bu çərçivədə Xocalı soyqırımının  Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdən, bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar səviyyəsində  görülən tədbirlərdən danışdı.

Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən Gövhər xanım, Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu söylədi. G.Baxşəliyeva erməni millətçilərinin tarix boyu xalqımıza qarşı istər Şimali, istərsə də Cənubi Azərbaycanda həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində Şərqşünaslıq İnstitutun əməkdaşlarının gördükləri işlərdən danışdı.

Tədbirdə institut əməkdaşlarından "Din və ictimai fikir tarixi” şöbəsinin müdiri Esmeralda Həsənova, "Cənubi Azərbaycan” şöbəsinin müdiri Səməd Bayramzadə və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların  amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA