Deputatın marketi dövlətin qərarını saymadı, bahalaşma başladı - FAKT

img

22-02-2015 [15:12]


Manatın məzənnəsinin aşağı düşməsilə başlanan aşkar qiymət artımı ilə yanaşı Bakının mağazalarında gizli qiymət artımı müşahidə olunur.

Bir sıra böyük mağazalar alıcıları aldadırlar. Belə ki, mağazalar vitrində bir qiymət yazaraq alıcını qiymətin artmadığı inandıraraq kassada hesablamada başqa qiymət vururlar.

Mia.az xəbər verir ki, Anspress-in əməkdaşı özü belə hadisə ilə "Favorit” supermarketində rastlaşıb. Uşaq üçün peçenyeni vitrində 3 manat 90 qəpik kimi təqdim edən mağaza kassada bunu 4 manat 20 qəpikdən hesablayır. 1 manat 44 qəpiyə olan üz qırxmaq üçün sabun isə kassada 1 man 90 qəpikdən kompüterə vurulur. Vitrində 70 qəpiyə təklif olunan yuyucu toz 75 qəpikdən hesablanır.

İrəli düşdüklərini zənn edən alıcılar isə aldadlqlarını bilmirlər. Əməkdaşımız vitrindəki qiymətlərlə kassaya vurulan qiymətlər arasında fərqin səbəbi ilə maraqlandıqda cavab gülünc olur. Mağaza satıcısı malın digər qiymətin altına sürüşdüyünü desə də, bunun niyə kütləvi şəkildə olduğunu izah edə bilməyib.

Bu yerdə onu da bildirək ki, İqtisadiyyat və Sənaye Nazirliyi dünənki açıqlamasında bildirmişdi ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlik əmin edirdi ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bu gün baş verənlər isə vəziyyətin nəzarətdən çıxdığını göstərir...

Mia.az onu da xatırladır ki, "Favorit" marketlər şəbəkəsinin deputat Hacı Madər Musayevə məxsus olması haqda dövrü mətbuatda çoxsaylı təkzib edilməyən yazılar dərc olunub.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA