"Çox ciddi problemlər olacaq" - Sabiq baş prokuror bahalaşmadan danışdı

img

21-02-2015 [22:31]


Azərbaycanın valyuta bazarında yaranan vəziyyətə ölkənin sabiq baş prokuroru, Azərbaycan Milli Konqres Partiyasının sədri İxtiyar Şirin tərəfindən də maraqlı yanaşma olub.

Mia.az xəbər verir ki, sabiq baş prokuror obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan manatının dəyərinin düşməsinin ölkəmizdə çox ciddi problemlər yarada biləcəyini düşünür:

"Onlardan biri ölkə vətəndaşlarının banklardan aldığı kreditlərlə bağlıdır. Bu barədə bir neçə gündür gedən müzakirələrdə banklardan ABŞ dolları ilə alınan kreditlərin qaytarılmasında çətinliklərin olacağı barədə narahatçılıqlar bildirilir. Manatla alınan kreditlərin qaytarılmasında problemlər ola bilməyəcəyi düşünülür. Halbuki, manatın dəyərinin aşağı düşməsi onun alıcılıq qabiliyyətinə də çox ciddi təsir göstərəcək. 

Bu amil hüquqi və fiziki şəxslərin manatla olan qaçılmaz xərclərini kəskin surətdə artıracağı üçün kreditlərin qaytarılmasına ayrılan vəsaitlərin də kəskin surətdə azalacağı labüddür. Bu məsələni hamının, xüsusilə manatla kredit götürmüş vətəndaşlarımızın, sahibkarlıqla məşğul olan şəxslərin diqqətə alması çox vacibdir.

 Mənim demək istədiyim odur ki, həm ABŞ dolları, həm də manatla alınan kreditlərin qaytarılmasında cox ciddi çətinliklər yaranacaq. Vətəndaşlarımızı, orta və xırda bizneslə məşğul olan sahibkarlarımızı bu çətinlikdən qurtarmağın yeganə yolu manatın dəyərinin itirməsini fors major hal elan edilməsi vasitəsi ilə mümkün ola bilər. Bunu isə ancaq Azərbaycan Respublikasının Milli Məclisi manatın dəyərinin düşməsinin fors major hal olduğu barədə qanun qəbul edərək həll edə bilər. Yaxud da Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi bu barədə müvafiq qərar verərək məsələnin həllinə yol aça bilər. 

Zərər dəymiş bankların taleyi, banklarda olan əmanətlərin qorunması isə birbaşa hakimiyyətin qəbul etdiyi qərarlarla həll edilə bilər. Azərbaycan hökuməti bu prosesləri nəzarətində saxlamalı və çıxış yolları tapmağa çalışmalıdır. 

Həm hakimiyyət, həm də cəmiyyətin bütün təbəqələri, o cümlədən müxalifət partiyaları da bu dövrdə daha sıx əməkdaşlıq edərək ölkəmizin və vətəndaşlarımızın bu iqtisadi çətinliklər dövrünü az itki ilə yola verilməsinə yardım etməlidirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA