"Üç manat uduzmamaqdan ötrü pulunu dollara çevirənlərə deyirəm ki..." - Ekspert

img

21-02-2015 [14:45]


"Heç bir halda manatın kəskin dəyərdən düşəcəyi gözlənilmir. Belə bir şey qətiyyən proqnozlaşdırılmır”.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. 

İqtisadçı bir neçə gün öncə paytaxtda dollarlaşma ilə bağlı yaşanan ajiotajın əsassız olduğunu bildirib: 

"Həmin vaxt vətəndaşlara manatı kütləvi şəkildə dəyişməməyi və banklarda olan depozitlərini dollara çevirməməyi məsləhət görmüşdüm. Manatın yalnız yumşaq şəkildə devalvasiyası nəzərə tutulur ki, burada da əsas məqsəd Azərbaycanda qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaqdan ibarətdir. Hətta növbəti aylarda belə manatın yumşaq devalvasiyası 1 faizdən çox olmayacaq. Vətəndaşların pullarını dollarla saxlamağa üstünlük verməsinin heç bir iqtisadi əsası yoxdur və bu, doğru yanaşma deyil. Çünki əmanətlərin geri götürülməsi əksər hallarda faiz itkisinə səbəb olur. Buna rəğmən, əmanətlərin dollara çevrilməsi vətəndaşların özləri üçün heç arzuolunan deyil. Çox təəssüf ki, belə bir mənasız ajiotaj yarandı. Nəticədə təkcə evdə olan pulların deyil, banklarda olan əmanətlərin də dollarlaşması baş verdi. Panikaya düşən vətəndaşların əmanətlərinin vaxtının başa çatmasına bir neçə ay qalıb. Manatla olan əmanətlər geri götürülüb və ona hesablanmış faizlər bank tərəfindən ödənilməyib. Buna rəğmən, manatın məzənnəsində azalma, kursunda isə ciddi bir dəyişiklik yoxdur”.

 

İqtisadçı panikaya düşərək pullarını dollara çevirənlərin uduzacağını qeyd edib:

 

"Evdə olan bütün pullarını dollara çevirən bir qisim vətəndaş xərcləmələr üçün pullarını yenidən manata çevirməli olacaqlar. Bu o deməkdir ki, vətəndaş alğı-satqı kursunda itirəcək. Kütləvi dollarlaşma yalnız dövlət üçün deyil, əhali üçün də ziyanlıdır. Manatın məzənnəsində kəskin azalmanın olmaması sübut edir ki, Azərbaycanda bir neçə gün öncə yaşanan valyuta panikasının heç bir iqtisadi əsası yoxdur. Xüsusən cari il üçün manatla olan vəsaitin hər hansı bir valyutaya çevrilməsi doğru deyil. Yığımlar səbət formasında – manat, avro və dollarla saxlanılmalıdır. Belə olan halda vətəndaş birmənalı şəkildə dəyişikliklə üzləşməyəcək. Hətta bir valyutanın məzənnəsindəki dəyişiklik digərindəki fərqi kompensasiya edəcək. Səbət prinsipi həm potensial itkilərin, həm də gərginliyin aradan qalxmasına şərait yaradacaq. Bununla da depozit sahibi birmənalı şəkildə gəlir əldə edə biləcək”. 

Milli Məclisin İqtisadiyyat komissiyasının üzvü, millət vəkili Əli Məsimli belə gərəksiz ajiotaj nəticəsində əmanətlərin dollarlaşmasının əhaliyə heç nə verməyəcəyini açıqlayıb: 

"Əhalinin 6.4 milyon nəfərinin banklarda 7.1 milyard manat əmanəti var. Hər əmanətçiyə orta hesabla, yuvarlaq götürsək, 1000 manat pul düşür. Tutalım ki, əmanətçi 1000 manatını banka 10 faizlə qoyub. Kursun dəyişməsi ilə bağlı 1 dolların 78 yox, 79 qəpik olacağını hesab etsək, onda vətəndaş ilin sonuna 1000 manat əmanətə görə 100 manat faiz qazanacaq. Ancaq indi manatını dollara dəyişməsə, az gəlir əldə edəcək. Bu, camaata vaxtında normal dillə izah edilsəydi, onda bədbin proqnozlar yaranmaz və xalq da təşvişə düşməzdi. Bu, təkcə Azərbaycanda deyil, hətta inkişaf etmiş ölkələrdə də baş verir. İki ay bundan öncə Rusiyada faciəli bir ajiotaj yaşandı. İndi üç manat uduzmamaqdan ötrü pulunu dollara çevirənlərə üzümü tutub deyirəm ki, sonradan yenidən manata keçmək istəyəndə uduzacaqsınız. Kimin xırda əmanəti varsa, manatla saxlamaq daha məqsədəuyğundur. Milyonları olanlar pullarının bir hissəsi batmasın deyə, əmanətlərini əsasən manatla, eyni zamanda da dollar və avro ilə saxlasalar, daha yaxşı olar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA