"Əmimi buraxın! - Məşhur iş adamının qardaşı oğlu Prezidentə üz tutdu

img

19-02-2015 [14:14]


Mərhum prezident Heydər Əliyevin qatı tərəfdarı, AMAY biznes mərkəzinin sahibi, nüfuzlu iş adamı Abdulla Abdullayevin qardaşı oğlu prezidentə müraciət edib.

Mia.az-a Məğrur Abdullayev tərəfindən daxil olan müraciətə keçmədən əvvəl qeyd edək ki, Abdulla Abdullayev təxminən 1 il əvvəl, aprelin 4-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 və 308.2 maddələrilə ittiham edilərək, barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. A.Abdullayevin həbsində kredit vəsaitlərinin vaxtında ödənilməməsi əsas götürülüb. Məbləğin bu günə qədər tam ödənilməsinə baxmayaraq, nüfuzlu iş adamı hələ də həbsdə saxlanılır. Hazırda onun Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.

Mia.az Məğrur Abdullayevin əmisinin azadlığa buraxılması ilə bağlı İlham Əliyevə ünvanlanmış müraciətini olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikasının prezidenti, Zati-aliləri Cənab İlham Əliyevə,

Hörmətli Cənab Prezident!

Həyatımın çətin günlərini yaşadığım üçün Sizə ümid gətirib, müraciət
edirəm.

1998-ci ildən 2006-cı ilədək İngiltərədə təhsil almışam. Ali təhsilə başlamaqla yanaşı, Böyük Britaniyanın Konservatorlar Partiyasında fəaliyyət göstərmişəm və eyni zamanda bir neçə beynəlxalq təşkilatın üzvü olmuşam ("Chatam House”, "Middle East Cultural Group”, "Clinton Fondation” və
sair). Hər zaman Azərbaycan Respublikasının mənafeyinə xidmət etmişəm. Nəinki Konservatorlar Partiyasında, hətta üzv olduğum beynəlxalq təşkilatlarda belə Azərbaycanın ən böyük, ağrılı və acılı problemi olan Dağlıq Qarabaq məsələsi mənim başlıca maraqlarımdan olub. Onunla yanaşı,
Azərbaycan Respublikasının qurucusu, memarı və xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışmışam. 2004-cü ildə "Madame Tussaudz” muzeyində Heydər Əliyevin büstünün qoyulması təşəbbüsünü irəli sürmüşəm. Çox təəsüf hissi ilə qeyd edim ki, bəzi süni maneələr səbəbindən bu təklifim həyata keçirilmədi. Amma sevindirici hal odur ki, mənim arzularımı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və təbliğatçısı Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva həyata keçirdi.

Möhtərəm Prezident!

Biz gənclər hər zaman sizin həm siyasi, həm də iqtisadi siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləməyə borcluyuq. Çünki Siz ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı respublikamızı layiqincə idarə edirsiniz. Birmənalı olaraq qeyd etmək istərdim ki, Sizin rəhbərlik etdiyiniz birinci onilliyin nəticəsində Azərbaycan Respublikası dünya müstəvisində həm siyasi, həm də iqtisadi cəhətdən qabaqcıl ölkələr sırasına çıxmışdır. Ümidvarıq ki, bundan sonrakı  onillikdə Azərbaycan nəinki regionda, hətta dünyanın gərdişində də öz töhvələrini verəcək.

Möhtərəm Prezident!

Biz gənclərin dövlətə, millətə və ən əsası dövlətçiliyimizə sədaqətli olmağımızın əsas səbəbkarı sizlərin biz gənclərə olan diqqət və qayğısıdır. Bunun bariz nümunəsi gənclərin xaricdə təhsil alması üçün yaratdığınız imkanlardır.

Möhtərəm Prezident!

Mənim təhsilimlə yanaşı olan fəaliyyətimin səbəbkarı əmim Abdulla Abdullayev olub. O hər zaman mənə sədaqətli və milli ruhda yetişməyimin vacibliyini bildirib. Mən hər zaman əmim Abdulla Abdullayevdən Sizlərə göstərdiyi diqqət və sədaqəti öyrəndim. Əmim Abdulla Abdullayevin
biznesinin tənəzzülə ugramasının nəticəsində götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyi üçün onu 04.04.2014-cü il tarixində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə götürdüyü vəsaiti (3 milyon 397 min AZN) ödəyə bilmədiyi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 və 308.2 maddələrilə ittiham edilmiş və barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Möhtərəm Prezident!

Sizi hər zaman dəstəkləyən və Sizi səmimi qəlbdən istəyən Azərbaycan gənci kimi Sizdən xahiş edirəm ki, əmim Abdulla Abdullayevin azadlığa buraxılmasında səlahiyyətlərinizdən istifadə edəsiniz. Sizin
humanistliyiniz, minlərlə ailənin sevincinə səbəb olacaq.
Onu da qeyd edim ki, Sahibkarlığa Kömək Milli Fondunda götürülən vəsait tam ödənilib.

Cənab Prezident!

Son olaraq özümə borc bilərək, onu da qeyd etmək istərdim ki, Sizin Azərbaycan Respublikasına rəhbərlik etməyinizin dəyərini hər bir azərbaycanlı dərindən dərk edir və Sizi sona qədər dəstəkləyir.

Möhtərəm Prezident!

Sizin ədalətinizə inanırıq. Sizlər nə qədər ki, Azərbaycan xalqına rəhbərlik edəcəksiniz, heç bir qara bulud Azərbaycanın səmasında olmayacaq və Azərbaycan dünyaya günəş kimi doğacaq. Sizlər olan yerdə haqq-ədalət, ən əsası xalqın rifahı yüksələrək zəfər çalacaq.

Hörmətlə, Məğrur Abdullayev ".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA