Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə əksini tapan Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2014-cü ildəki fəaliyyətinin illik hesabatı, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrin elan edilməsi, eləcə də kadr məsələsi barədə iştirakçıları məlumatlandırıb.
Mia.az-a verilən məlumata görə, ilk olaraq HİEB-in akademik-katibi, akademik Teymur Kərimli bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib. Akademik T.Kərimli bildirib ki, bölmənin fəaliyyəti və nəzdindəki müəssisələrdə aparılan elmi tədqiqat işləri azərbaycançılıq ideologiyasını rəhbər tutaraq Azərbaycan dövlətinin müstəqilliyinə, sosial-iqtisadi, mədəni-mənəvi və intellektual inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinin qorunmasına, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə milli-mənəvi dəyərlərin qorunub daha da inkişaf etdirilməsinə yönəlib.
İclasda qeyd edilib ki, hesabat ilində ölkənin dünya ilə dialoqunu təmin edən, görkəmli Azərbaycan alimlərinin uğurlu nailiyyətlərini dünyaya çatdıran, Akademiyanın beynəlxalq əlaqələrini genişləndirən tədbirlər təşkil edilib. Belə ki, AMEA-nın rəhbərliyi, elm xadimləri, o cümlədən bölmənin alimlərinin yaxından iştirak etdiyi IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib, forum çərçivəsində "Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında" mövzusunda təşkil olunmuş dəyirmi masada ölkə alimlərinin məruzələri dinlənilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə Cənubi Qafqazda ilk dəfə "Bakı Elm Festivalı-2014"-də digər elm sahələri kimi, humanitar və ictimai elmlər sahəsində çalışan əməkdaşların da elmi nailiyyətləri nümayiş etdirilib. Müxtəlif sektorlarda çalışan, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malik Azərbaycan alimlərinin I Qurultayının ölkəmizin tarixində ilk dəfə keçirilməsi elmimizin zirvələrə doğru yüksəlməsinin göstəricisidir.
Elmi müəssisələrin fəaliyyətini daha müasir tələblər səviyyəsində qurmaq üçün bölmənin institut və təşkilatlarında struktur dəyişiklikləri edilib, yeni rəhbərlər təyin olunub, bəzi institutların adları dəyişdirilib, Elm Tarixi, Dünya Siyasəti və Qafqazşünaslıq institutları yaradılıb.
Hesabat ilində əməkdaşlar Azərbaycan Respublikası Prezidentinin imzaladığı 25 fərman və sərəncamın, habelə müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar nəzərdə tutulan vəzifələrin öhdəsindən layiqincə gəliblər. Eyni zamanda ökə rəhbəri yubiley tədbirləri münasibətilə bir sıra sərəncamlar imzalayıb. Belə ki, "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında", "M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında", "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında", "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında", "Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında", "Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında", "Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinin keçirilməsi haqqında", "Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 140 illiyi" haqqında sərəncamların icrası ilə əlaqədar bölmənin elmi tədqiqat müəssisələrində müxtəlif tədbirlər həyata keçirilib.
Ölkə başçısının digər sərəncamları əsasında Nəsimi adına Dilçilik, A.Bakıxanov adına Tarix, Arxeologiya və Etnoqrafiya institutları maddi-texniki təchizatın gücləndirilməsi məqsədilə yeni texnoloji avadanlıqlarla təmin edilib. "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı haqqında", "Azərbaycan teatrı 2009-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi haqqında", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları, "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası", "Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında", "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında imzalanmış sərəncamlardan irəli gələn vəzifələr üzrə tapşırıqlar yerinə yetirilib.
Sonra akademik Teymur Kərimli ayrı-ayrı institutların tədqiqat obyekti kimi dövrün aktual problemlərini, mühüm məsələləri seçdiyini vurğulayaraq institutların işlərindən danışıb. Tarix İnstitutunun əməkdaşları il ərzində ölkə tarixinin obyektiv tədqiqi və təhlilinə yönəlmiş araşdırmalar aparıb. "1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı", "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)", "Геноцид aзербайджанцев в Карабахском регионе Азербайджана (1918-1920)", "Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)", "Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı. Britaniya kitabxanasının arxiv sənədlərində", "Геноцид азербайджанцев в Иреванской губернии (1918-1920)", "Bakıda 1918-ci il mart soyqırımı", "Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı", "Quba qəzasında türk-müsəlman soyqırımı", "Real tarix və "böyük Ermənistan" uydurması", "Real history and confabulation on "great Armenia", "Реальная история и вымысел о «Великой Армении»" adlı kitablar tarixi həqiqətlərin akademik səviyyədə araşdırılması yolunda atılan addımlardandır.
Arxeologiya və Etnoqrafiya İnstitutunda 2014-cü il ərzində arxeoloji ekspedisiyaların, çöl-tədqiqat işlərinin sayının artması, tədqiqatların həcminin genişlənməsi, ekspedisiyalara xarici arxeoloqların cəlb olunması, aidiyyatı üzrə yerli və xarici qurumlarla əməkdaşlıqların intensivləşməsi, bir çox muzeylərlə birgə əməkdaşlıq haqqında memorandumların imzalanması Azərbaycanın bütün tarixi mərhələlərinin öyrənilməsinə böyük töhfələr verib.
Azərbaycanın fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir, sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi-sosioloji və sosial-psixoloji məsələləri, modernləşmənin sosioloji problemləri, fəlsəfənin yeni araşdırma ünvanları və gender tədqiqatları istiqamətində bir çox işlər görülüb. Həmçinin ölkənin beynəlxalq əlaqələr sistemi və ölkədaxili siyasi proseslər, Azərbaycanın xarici siyasətinin konseptual-nəzəri əsasları və xarici siyasət prinsipləri də mühüm tədqiqatlardan sayılıb.
İqtisadiyyat İnstitutunun əməkdaşları hesabat ilində respublika və regionların davamlı inkişafının təmin edilməsinin sosial-iqtisadi problemləri, milli iqtisadiyyatda xidmət sahələrinin davamlı inkişafı, kənd təsərrüfatı və ərzaq bazarının formalaşması və ərzaq təhlükəsizliyinin təmin edilməsi problemləri, əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması üzrə elmi tədqiqat işlərini davam etdirmiş, bir sıra işlərə yekun vurublar.
Eyni zamanda institut tərəfindən "Xocalıya Ədalət" beynəlxalq təbliğat və maarifləndirmə kampaniyası, Konfliktologiya və İnsan Hüquqları İnstitutu və "Kaspian izvestiya" Beynəlxalq İnformasiya Agentliyinin birgə nəşri olan "Leyla Əliyeva: Xocalıya ədalət!" kitabının təqdimat mərasimi keçirilib.
Nizami adına Ədəbiyyat İnstitutu da məhsuldar fəaliyyəti ilə seçilərək mühüm tədbirlər həyata keçirib, sərəncamların icrası məqsədilə xeyli kitab nəşr edib və ya nəşriyyata təqdim edib, eləcə də elmi məqalələr toplusu tərtib edib. 17 yanvar 2014-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi keçirilib.
Akademik əlavə edib ki, Nəsimi adına Dilçilik İnstitutu hazırkı fəaliyyətində Azərbaycan dili və bütövlükdə dilçiliklə bağlı kompleks elmi tədqiqatları birləşdirir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı"na uyğun olaraq, institutda yeni profilli Monitorinq şöbəsi yaradılıb.
Memarlıq və İncəsənət İnsitutu "Azərbaycan və islam memarlıq irsi", "Azərbaycanın musiqi tarixi", "Müqayisəli sənətşünaslıq", "Azərbaycanın qeyri-maddi irsi tarix və müasirlik kontekstində" mövzuları əsasında araşdırmalar aparıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği istiqamətində geniş fəaliyyət göstərib.
Folklor İnstitutunda Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkül tarixi, nəzəri məsələləri və inkişaf qanunauyğunluqları istiqamətində tədqiqatlar aparılıb, bir sıra dəyərli kitablar ərsəyə gəlib. "Qarabağ: folklor da bir tarixdir" (VII, VIII, IX kitab) kimi əsərlərin nəşri folklorşünas alimlərin uğuru kimi qiymətləndirilə bilər.
2014-cü ildə təsdiq olunmuş plana əsasən Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları tərəfindən Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi və nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi, eləcə də təbliği ilə bağlı yerinə yetirilən işlər muzey əməkdaşlarının hərtərəfli və yüksək keyfiyyətli fəaliyyətindən xəbər verir. Ötən il muzeydə Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə "Azərbaycanın neft salnaməsi" sərgisinin və eyniadlı kataloqun təqdimatı keçirilib. Çexiya Milli Muzeyində MATM kolleksiyasının materiallarından ibarət, Prezident İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri çərçivəsində imzaladığı "Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu"na əsasən təşkil olunmuş "Azərbaycan – möcüzəli Odlar yurdu" sərgisinin materialları əsasında çex və ingilis dillərində "Azerbaidzan – carovna zeme ohne. Katalog k vystave" kitabı nəşr edilib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi istiqaməti üzrə problem və mövzuların ərsəyə gəlməsi ötən ilin uğurlarındandır.
Hesabat ilində Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü, tarixi və inkişaf qanunauyğunluqları istiqamətində araşdırmalar əsasında önəmli nəşr məhsulları hazırlayan Hüseyn Cavidin Ev Muzeyi dəyərli əsərlər çap etməklə seçilir.
HİEB 2014-cü ildə dünyanın aparıcı elmi tədqiqat mərkəzləri, həmçinin xarici ölkələrlə olan elmi əlaqələri xeyli genişləndirib. Belə ki, beynəlxalq elmi konfrans və videokonfransların, simpoziumların, seminarların, konqreslərin, dəyirmi masaların, sərgilərin düzənlənməsi və alimlərin orada müxtəlif məruzələrlə elmimizi təmsil etmələri, beynəlxalq təşkilatlarla müştərək tədbirlərin keçirilməsi, həmçinin yubiley tədbirlərinin təşkili, bölmə əməkdaşlarının xarici ölkələrdə yaşayan Azərbaycan diasporu nümayəndələri ilə sıx əlaqələr qurması, o cümlədən alimlərimizin xarici arxeoloq və etnoqraf həmkarları ilə birgə tədqiqatlara cəlb olunması, təlim proqramları vasitəsilə fərqli ölkələrin təhsil sistemi və təhsil müəssisələri ilə tanış olmaları, bir çox institutların müxtəlif elmlər akademiyaları ilə saziş və müqavilələr imzalaması, təcrübə mübadiləsi, əməkdaşların beynəlxalq elmi jurnalların redaksiya heyətinə üzv seçilməsi, bölmənin beynəlxalq əlaqələrdə əsaslı addımlar atmasından xəbər verir. Hazırda Azərbaycanın müxtəlif yaşayış məskənlərində Yaponiya, Koreya, Fransa, Almaniya, ABŞ-la birgə ümumilikdə 8 beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan və Polşanın elmlər akademiyalarının Ədəbiyyat institutları arasında "Azərbaycan-Polşa ədəbi əlaqələri" adlı birgə beynəlxalq elmi laboratoriyanın yaradılmasına dair saziş imzalanıb.
Nəşriyyat fəaliyyəti, xaricdə və impakt faktorlu jurnallarda nəşr olunmuş məqalələr, elmi işçilərin əsərlərinə olan istinadlar, nəşr olunmuş kitab və məqalələr, müxtəlif əsərlərin Azərbaycan dilinə tərcümə olunması, önəmli ədəbiyyatların ərsəyə gəlməsi fəaliyyət göstərdiyi müddətdə bölmənin Azərbaycan elminə verdiyi töhfələrdən sayılır.
Yaxın və Orta Şərq xalqlarının orta əsrlərdə yaranmış ədəbiyyat və mədəniyyətinin araşdırmasındakı fəaliyyətinə görə akademik Rafael Hüseynov "Elmdə ad" beynəlxalq mükafatına layiq görülüb, "Dünya elminə töhfələrinə görə" medalı ilə təltif olunub. Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə akademik Rafael Hüseynovun adı XXI əsrin Görkəmli Alimlərinin Dünya Reyestrinə daxil edilib. AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov elmdə xidmətlərinə görə Moskva Dövlət Universitetinin qızıl döş nişanı ilə təltif edilib. Folklor İnstitutunun direktoru, müxbir üzv Muxtar İmanov və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, şöbə müdiri Şəfəq Əlibəyli "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə göstərdikləri xidmətlərə görə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunublar. 2014-cü ildə HİEB-in üzvləri dünyanın bir sıra nüfuzlu jurnalları və nəşriyyatlarının redaksiya heyətinin üzvü seçilmiş, müxtəlif beynəlxalq əhəmiyyətli fəxri ad və ödüllərə layiq görülüblər.
Hesabat dinlənildikdən sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib, multidisiplinar tədqiqatların genişləndirilməsi, dövlətçiliyə, milli mənafeyə xidmət edən dissertasiya mövzuları bankının yaradılması, elektron elmin yaradılması üçün müvafiq qurumlarla əlaqələrin intensivləşdirilməsi, bölmənin kənar müəssisə, humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən nazirlik, komitə və başqa dövlət qurumları ilə elmi əlaqələrin daha da gücləndirilməsi və digər istiqamətlərdə bir sıra tədbirlər görülməsi ilə bağlı qərarlar qəbul olunub.
İclasda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrin elan edilməsi haqqında da qərar qəbul olunub. Bildirilib ki, müsabiqələr üzrə namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.
Sonda kadr məsələlərinə də toxunulub. Mehriban Bağırova AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi Elektron informasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov isə İnnovasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.