İcra başçısı ilə nazir tələbələrə kompüter hədiyyə etdi

img

18-02-2015 [18:34]


Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci tədris ilinin qış imtahan sessiyasında 100 bal  toplayan  tələbələrin mükafatlandırılmasına həsr olunan təntənəli yığıncaq  keçirilib.

Mia.az-a daxil olan məlumata görə, bu gün Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci tədris ilinin qış imtahan sessiyasında 100 bal toplayan tələbələrin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib. 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və digər qonaqların  iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək qeyd edib ki, cari imtahan sessiyasında universitet üzrə 126 tələbə, o cümlədən 3 tələbə 4 fəndən, 8 tələbə 3 fəndən, 27 tələbə 2 fəndən, 88 tələbə 1 fəndən maksimum qiymət olan 100 bal toplamışdır. Qeyd olunan tələbələrdən 57-i aqronomluq, 30-u baytarlıq təbabəti və zoomühəndislik, 18-i mühəndislik, 8-i aqrotexnologiya, 7-i elektroenergetika və informasiya texnologiyaları, 5-i aqrar iqtisadiyyat, 1-i aqrobiznes və idarəetmə fakültələrinin tələbələridir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Kənd təsərrüfatı ili” elan edilmiş  2015-ci ildə  aqronomluq, baytarlıq, zoomühəndislik, mühəndislik istiqamətləri üzrə imtahan sessiyasında  yüksək nəticələr əldə etmiş tələbələrin xüsusi çəkisi yüksək olmuşdur.

Universitetdə tələbələrin təhsilə olan marağının daha da artırılması məqsədilə bir sıra iş adamlarının dəstəyi ilə həyata keçirilən bu kimi stimullaşdırıcı tədbirlərə geniş yer verildiyi göstərilib. Vurğulanıb ki, cari imtahan sessiyasını əla qiymətlərlə başa vuran əyani təhsil forması üzrə 236 tələbədən 53-ü "2 fevral–Azərbaycan gəncləri günü” münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət  mərkəzlərinə qış tətilinə göndərilmişdilər. Tətilə göndərilən tələbələr  universitetin 2 ədəd Hyundai və 1 ədəd Peugeot markalı avtobusları ilə yola salınmışdılar.  Onlardan 35-i Qax, 18-i Zaqatala rayonunda istirahət etmişdilər.

Tədbirdə baytaqlıq təbabəti və zoomühəndislik fakültəsinin Türkiyənin Səlçuk və İstanbul Universitetlərində 5 aylıq kliniki təcrübə keçmiş tələbələrinin hesabatları dinlənildi.

Tədbirin sonunda kənd təsərrüfatı naziri Heydər Əsədovun 3, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 3 ədəd noutbuk hədiyyəsi tələbələrə təqdim olundu. Aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra iş adamlarının dəstəyi ilə 3 fənn üzrə  100 bal toplayan 5 tələbənin hər birinə planşet, 115 tələbənin hər birinə 100 manat məbləğində mükafatlar verildi. Tələbələr göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirdilər, bundan sonra da təhsildə yüksək nailiyyətlər əldə edəcəklərinə söz verdilər.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA