Sürücünü arvadının yanında yumruqlayan "Range Rover"in sahibi haqda daha bir fakt - FOTOLAR

img

18-02-2015 [10:41]


Mia.az ötən ayın 18-də gecə Bakı-Sumqayıt yolunda baş verən əlbəyaxa dava ilə bağlı daha bir maraqlı fakt əldə edib.


Xatırladaq ki, həmin tarixdə Mia.az Aznews.az-a-a istinadən xəbər verib ki, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən (Xırdalan qəbiristanlığının yaxınlığında) 99 AA 499 nömrə nişanlı "Rang Rover” markalı avtomobilin sürücüsü ilə "BMW” markalı avtomobilin sürücüsü arasında mübahisə düşüb.


Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davaya səbəb "BMW”-yə yol verməyən "Range Rover”-in sürücüsünün təhqiramiz ifadələr işlətməsi olub. Əlbəyaxa dava düşəndən sonra "BMW”-də olan sürücünün həyat yoldaşı yerə düşərək, onları sakitləşdirməyə çalışıb. Lakin "BMW”-nin sürücüsünə nisbətən cavan yaşda olan "Range Rover”-i idarə edən şəxs qarşısındakıları ağır ifadələrlə təhqir edib və onlara yumruq zərbələri endirib. Bundan sonra dava bir qədər də qızışıb və yolda avtomobillərin hərəkəti tamamilə dayanıb.

Başqa sürücülərin müdaxiləsinə baxmayaraq, davanı sakitləşdirmək mümkün olmayıb. Bu vaxt yoldan keçən başqa bir şəxs onlara yaxınlaşaraq, polis polkovniki olduğunu deyib, vəsiqəsini göstərib və onları aralaşdıra bilib. Həmin vaxt məlum olub ki, "Rang Rover”-in sürücüsü sərxoşdu.

O, özü də bunu boynuna alıb, toydan gəldiyini bildirib. AA seriyası ilə avtomobil idarə edən sürücü sonradan hadisə yerinə gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşlarına da sərxoş olduğunu deyərək, onlara vəzifəli şəxs olduğunu, kiminsə qohumu olduğunu pıçıldayıb. Bundan sonra ayaq üstə güclə dayanan, nəinki dava etdiyi şəxsləri, hətta kənardakı şəxsləri də ağır ifadələrlə təhqir edən sürücü sərbəst buraxılıb. Bu vaxt başqa sürücülər yol polislərinə etirazlarını bildiriblər, lakin heç nə dəyişməyib. İçkinin təsirindən üst geyimini və telefonlarını yerə atan sürücü onları yığışdırandan sonra hadisə yerini tərk edib. 


Bu xəbərlə bağlı Mia.az isə həmin avtomobilin kimə məxsus olduğunu aydınlaşdırıb. Əldə etdiyimiz dəqiq məlumata görə, 99 AA 499 dövlət nömrə nişanlı avtomobilin sahibi hüquqi şəxsdir. Daha dəqiqi, həmin avtomobil nömrəsi Bakıda fəaliyyət göstərən "Clear" mehmanxanasının adına qeydiyyatda alınıb.  Sözügedən maşın və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən 4 ulduzlu "Clear" mehmanxanası, həmçinin 99 AA 499 nömrəsi və onun rəsmi sənədlərdə sahibi kimi göstərilən fiziki şəxs Fuad Bayram oğlu Məmmədov haqqında daha ilginc məlumatlar var. 


Mia.az xəbər verir ki, qeyd edilən nömrə yazıya əlavə edilən fotolardan da göründüyü kimi "Range Rover"in üzərində olub. Amma Dövlət Yol Polisindən əldə etdiyimiz dəqiq məlumatda isə 99 AA 499 dövlət nömrə nişanının "Range Rover"ə deyil, "Cadillac” markalı avtomobilə aid olduğu üzə çıxıb. Sürücü Fuad Məmmədovun bu nömrəni "Range Rover"ə hansı qanuni əsasla və niyə bağladığı bizə məlum deyil. Əlbəttə, bu kobud qanun pozuntusunun qanunla cəzası da var. Biz də rəsmi qurumlardan hansı cəzanin verilməsi haqda açıqlama gözləyirik. 


Qeyd edək ki, "Cadillac" markalı masın xarici görünüşdə qismən Range Rover"ə bənzəsə də, tamami ilə ayrı avtomobillərdir. Qanuna görə, hər bir maşının da öz dövlət nömrə nişanı var. Bunun özbaşına dəyişdilməsi isə qanunla qadağandır!


Mia.az olaraq ötən ayın 18-dəki hadisə ilə bağlı fotoları yenidən təqdim edirik. Həmin fotolardan aydın görünür ki, 99 AA 499 dövlət nömrə nişanı "Range Rover"in üzərindədir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA