Bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə "Abituriyent” jurnalının 12-ci sayının təqdimatında Azərbaycan təhsilini tənqid edərək orta məktəb şagirdlərinin bilik səviyyəsinin aşağı olduğunu bildirib.
M.Abbaszadə qeyd edib ki, məktəbi "5” qiymətlə bitirən məzunların yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.
TQDK ümumi təhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə yeni məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib: "Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin”.
TQDK sədri həmçinin buraxılış imtahanlarında iştirak edən cari ilin məzunlarının gender tərkibinə də toxunaraq, ayrı-ayrı bölgələr üzrə 11-ci siniflər üzrə təhsil olan oğlan və qızların sayında kəskin fərq olduğunu diqqətə çatdırır: "Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin 47.73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39.04 faizə bərabər olub. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Düşünürük ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır”
"Yeni Müsavat”a açıqlamasında Azərbaycan təhsilində mövcud olan bu problemlərə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev TQDK sədri Məleykə Abbaszadənin təqdim etdiyi hesabatı yüksək dəyərləndirdiyini bildirdi: "Ayrı-ayrı rayonlar üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə və orta-ixtisas müəssisələrinə qəbul nəticələri arasında müqayisəli təhlil aparılıb. Bundan əlavə, dərsliklərin keyfiyyəti ilə bağlı da tədqiqat aparılıb. Təhsilin keyfiyyətinə gəlincə, prezident tərəfindən təhsil strategiyası təsdiq olunub və orada təhsilin keyfiyyətinin artırılması üçün lazım olan çox ciddi vəzifələr qarşıya qoyulub. Bu sənəddə hansı işlərin hansı ardıcıllıqla həyata keçirilməsi də öz əksini tapıb. Bununla bağlı Təhsil Nazirliyi də artıq islahatlara başlayıb, müəyyən işlər görülüb. Ancaq təhsil sahəsində bir il ərzində bütün problemlərin həll edilməsini və inqilabi dəyişikliklərin baş verməsini gözləmək də mümkün deyil”.
Millət vəkili bildirib ki, "Təhsil haqqında” Qanunu yazarkən bu məsələlər çox ciddi şəkildə araşdırılıb:"Yeganə çıxış yolunu onda gördük ki, 10-11-ci siniflərdə təhsilin təmayülləşməsi həyata keçirilsin. Yəni, 10-cu, 11-ci siniflərdə təmayüllər üzrə dərslər keçirilsin, buna uyğun olaraq kurikulum hazırlansın. Məsələn, sinif humanitar yönlüdürsə, orada humanitar fənlərin saatı artırılsın, texniki təmayüllüdürsə riyaziyyat, fizika və sair fənlərin saatları artırılsın. Belə olduğu təqdirdə təhsilin keyfiyyəti artar və valideynlər şagirdləri universitetə hazırlamaq üçün repititor yanına göndərmək məcburiyyətində qalmazlar. Kütləvi şəkildə şagirdlərin repititor yanına getməsi anormal haldır. Bunun qarşısını almaq üçün biz təhsilin təmayülləşməsini təklif edirik. Təhsil Nazirliyinin apardığı islahatlar da bu istiqamətdədir”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də "Yeni Müsavata” verdiyi açıqlamada sözügedən problemlərin mövcudluğunu təsdiqləyərək buna səbəb olan nöqsanlardan danışdı: "Təhsilin keyfiyyəti məsələsi hər zaman gündəmdədir. Çünki gənc nəslin savadlı yetişməsi, dəyişən dövrün tələblərinə cavab verməsi, təhsilin modernləşməsi olduqca vacibdir. TQDK tərəfindən verilən məlumatlar həqiqətə əsaslanıb. Ancaq problemin kökündə hansı səbəblər durur? Bu məsələ daha dərindir və görünən, görünməyən tərəfləri var. Problemin kökündə duran məsələlərdən biri müəllimlərin peşə hazırlığının müasir tələblərə cavab verməməsi ilə bağlıdır. Bildiyiniz kimi, məktəblərdə dərslər iki proqram üzrə keçirilir. I-VIII siniflərdə dərslər kurikulum əsasında tədris olunur. IX-XI siniflərdə isə ənənəvi təhsil proqramlarıdır. Sözsüz ki, dərsliklərimizin məzmunu da ənənəvi məzmunda deyil. Kurikulum tədris sistemində dərsliklər tamam fərqlidir. Müəllimlərin hazırlıq səviyyəsi bu proqramların tədrisi üçün yetərli deyil. Digər bir problem isə müəllimlərin əmək haqqının aşağı olmasıdır. Yaxşı işləmək üçün müəllimdə motivasiya olmalıdır. Əmək haqqı yüksək olarsa, müəllim də öz peşəsinə daha məsuliyyətlə yanaşar. Bildiyiniz kimi, ölkə başçısı müvafiq fərmanı verdi, lakin Nazirlər Kabinetinin bir ay müddətində hazırlamalı olduğu tədbirlər planı hələ ki, ortada yoxdur. Digər tərəfdən təhsil müəssisələrini idarə edənlərin peşəkarlıq səviyyəsi müzakirə olunmalıdır. Bu problemlər ayrı-ayrılıqda həllini tapmadıqca təhsil sahəsindəki vəziyyəti arzu olunan hala gətirmək mümkün olmayacaq”.
Məleykə Abbaszadənin tənqidlərinə Təhsil Nazirliyindən cavab gəlib. Qeyd edilir ki, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında müvəffəqiyyət qazanmış şagirdlərin sayında artım olub.
Məlumatda o da bildirilir ki, 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib.
Həmçinin, 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb.
Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir.
Bundan başqa, nazirlik qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir "2”-ə, 200 – 300 bal - "3”-ə, 300 – 500 bal - "4”-ə, 500 – 700 bal - "5”-ə) uyğunlaşdırılması əmsalının yanlış olduğunu da qeyd edib: "Belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”.
Məlumatda o da qeyd edilib ki, yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələrinə görə, qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkündür və belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.