Yeni Regional Mərkəz yaradıldı, təyinat oldu - Rəsmi

img

11-02-2015 [20:40]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Quba Regional Elmi Mərkəzinin yaradılması məsələsi də müzakirə olunub.

AMEA Rəyasət  Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, iclasda bildirillib ki, hazırda ölkəmizdə uğurla aparılan islahatların əsas istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları səviyyəsində həyata keçirilən kompleks tədbirlərdir:

"Bu tədbirlər ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib".

Qeyd olunub ki, Azərbaycanın özünəməxsus flora və faunaya,  zəngin yeraltı və yerüstü sərvətlərə, mədəni dəyərlərə  malik regionlarından biri də respublikamızın şimal bölgəsidir. AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd isə bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.

 İclasda Quba Regional Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və müvafiq qaydada vəsatət qaldırılması haqqında qərar qəbul edilib. Bu qərarla, həmçinin aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Xuduş oğlu Şükürov Quba Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA