Zərdab rayon S.Abdullayev küçəsi ev 35-də yaşayan Məmmədov Sahib Qnyaz oğlu tərəfindən Mia.az-a məktub daxil olub.
Onun Mia.az vasitəsiylə ölkə rəhbərliyinə şikayətini olduğu kimi təqdim edirik:
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Surəti:Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Baş Naziri Cənab A.Rəsizadəyə
Surəti:Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Cənab E.Mahmudova
Surəti:Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının Rəhbəri Cənab R.Mehdiyevə
Surəti:Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab F.Məmmədova
Surəti:Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Z.Qaralova
Surəti:Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnalogiyaları Naziri Cənab Ə.Abbasova
Surəti:Azərbaycan Respublikasının Milli Məclisin Sədri Cənab O.Əsədova
Surəti:Azərbaycan Respublikasının Baş Prokuroru yaninda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Cənab K.Əliyevə
Surəti:Azərbaycan Respublikası Milli Məclisin deputatı Jalə xanım Əliyevaya
Hörmətli Cənab Prezident!
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılşı zamanı söyləmişdiniz ki: "Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, öz təklifləriniz ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə vardır. Cəmiyyətdə inam artır. İnam artır ki,biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır,çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin, çünkü korrupsiya sosial ədaləti pozan bir amildir".
Hörmətli Cənab Prezident!
Məlumat üçün bildirirəm ki,Zərdab Poçt filialının Mərkəzi Binası 2013-2014-ci ildə əsaslı təmir olunmuşdur.Əsaslı təmir zamanı binadan sökülən yararlı tikinti materialları satılmışdır. Hətta təmir zamanı binadan sökülən bir ədəd yararlı dəmir qapı mənim adıma yazılaraq Zərdab Poçt filialının rəisi Əhmədov Şəmsi öz evinə aparmışdır. Mən bu barədə Azərpoçt MMC-yə,Rabitə Nazirliyinə və 15.04.2014-cü il tarixdə Zərdab rayon Prokurorluğuna müraciət etdim.Mənim aidiyyatı orqanlara muraciətimdən sonra Zərdab PF-nin rəisi Şəmsi Əhmədov Zərdab rayon İcra Hakimiyyətinin Başçısına 18 aprel 2014-cü il tarixdə mənim haqqımda böhtandan ibarət müraciət yazdı və mən 28.04.2014-cü il tarixdə saat 11:30-da ayaqyoluna düşən zaman mənim işdə olmamağım barədə akt tərtib edərək mənə töhmət verdi.
Onu da nəzərinizə çatdırım ki, Zərdab PF-nın binası əsaslı təmir olunsa da, filialın ayaqyolusu yararsız vəziyyətdədir. 19.05.2014-cü il tarixdə isə Zərdab Poçt filialında PF-nın rəisi Şəmsi Əhmədovun tapşırığı ilə Zərdab PF-nın Həmkarlar İttifaqı heyyətinin iştirakı ilə mənim işdə qalıb-qalmamağım barədə iclas kecirildi.
Onu da bildirim ki, Zərdab rayon Prokurorluğu tərəfindən Poçt filialından sökülən bir ədəd yararlı dəmir qapının PF-nın rəisi Əhmədov Şəmsi tərəfindən aparıldığını və mənim haqqımda yazılan müraciətin yalan və böhtan olduğu sübut edilmişdir.
Bu barədə məndə Zərdab rayon Prokurorluğunun qərarı var. Onu da bildirim ki, Zərdab rayon Prokurorluğu Əhmədov Şəmsinin etdiyi qanun pozuntusu haqqında nazirliyə təqdimat göndərsə də, bu günə kimi Əhmədov Şəmsi barəsində heç bir tədbir görülməyib.
Hörmətli Cənab Prezident!
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dediyiniz sözləri mən bu gündə xatırlayıram:
Bütün dövlət idarələrində,xüsusi ilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüçvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradə. Yerlərdə,mərkəzi icra orqanlarında,yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işi açılmalıdır.
Bütün bu deyilənlərə baxmayaraq, Zərdab PF-nın rəisi Şəmsi Əhmədov 25.iyul.2014-cü il tarixdə mənim haqqımda qanunsuz əmr verərək məni işdən azad etmişdir.
Artıq 8 aya yaxındır ki, işsizəm. Ailəliyəm və iki azyaşlı övladım var. Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Mən bilmək istəyirəm ki, ailəmi saxlamaq üçün, işləmək üçün mən də Əhmədov Şəmsi kimi dövlətin əsas vəsaitini öz evimə aparmalıyam, saxtakarlıq etməliyəm?
Onu da bildirim ki, Zərdab PF-nın rəisi Əhmədov Şəmsi məni 25.iyul.2014-cü il tarixdə qanunsuz olaraq işdən cixardıqdan sonra Zərdab rayon məhkəməsinə müraciət etdim. 08.sentyabr.2014-cü il tarixdə mənim işdən qanunsuz olaraq azad edilməyim barədə iddiama əsasən Zərdab rayon Məhkəməsində işə baxılaraq işə bərpa və məcburi iş buraxmağa gorə əmək haqqının verilməsinə dair iddiam təmin edilmişdir.
Lakin Zərdab PF-nın rəisi Əhmədov Şəmsi Zərdab rayon Məhkəməsinin müvafiq qətnaməsindən Şirvan Apelliyasiya Məhkəməsinə Apellyasiya şikayəti etmişdir. Hətta Zərdab PF-nın rəisi Əhmədov Şəmsi deyir ki, nəinki Ali Məhkəmə, hətta Avropa Məhkəməsi səni işə bərpa etsə də, mən səni Zərdab PF-na işə buraxmayacam. 19 yanvar 2015-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində işə baxıldı. Nədənsə Şirvan Apelliyasiya Məhkəməsi Zərdab rayon Məhkəməsinin qərarini ləğv edərək işə baxılmasını Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərdi.
Maraq doğuran hallardan biri də odur ki, Zərdab rayon Məhkəməsinin ayrı-ayrı vaxtlarda iki məhkəmə qərarı olsa da, qərarlardan yalnız biri ləğv edilib. Mənə məlumat üçün yalnız onu bildirdilər ki, Zərdab PF-nın rəisi Əhmədov Şəmsi cavabdeh və iddiaçı kimi məhkəmə subyekti ola bilməz və bu baximdan qərarı ləğv edərək baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilir. Əgər doğurdan da bu belədirsə, necə olur ki, Əhmədov Şəmsi rəsmi olaraq öz əmri ilə işə işçi götürür və istədiyi kimi işdən işçini çixardır, müxtəlif intizam tənbehi tədbirləri görür?
Hörmətli Cənab Prezident!
Xahiş edirəm Zərdab Poçt filialının rəisi Əhmədov Şəmsi Fazəddin oğlunun qanunsuz hərəkətləri ilə bağlı sizə məlumat vermək üçün məni şəxsən qəbul edəsiniz və Əhmədov Şəmsi Fazəddin oğlu barəsində ciddi cəza tədbirləri görülməsinə köməklik göstərəsiniz. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm".
Şikayətlə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Mia.az