Metronun “Azadlıq prospekti” stansiyası çökmə təhlükəsi ilə üzləşib - FOTOLAR

img

08-02-2015 [17:45]


Hər gün minlərlə vətəndaşın istifadə etidi Bakı Metropoliteninin "Azadlıq prospekti” stansiyası çökə bilər.

Bu metro stansiyası istifadəyə veriləndən indiyə kimi bu haqda bir neçə yazı yazmışıq. Amma dəyişən bir şey yoxdur.

"Azadlıq prospekti” stansiyası istifadəyə verilən zaman analoqu olmayan stansiya kimi təqdim edilmişdi. Digər metro stansiyalarından fərqli olaraq, bu stansiya sütunsuz tikilsə də, hazırda çökmə təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb metrostansiyanın üstündə tikilən ticarət mərkəzi və stansiyanın tikintisi zamanı görülmüş səriştəsiz işlərdir.

Belə ki, uzun zamandır, stansiyanın divarlarında yaranmış çatlar, yağış yağan zaman özünü daha yaxşı biruzə verir. Çünki həmin çatlardan içəri su damcıları axmağa başlayır. Həmin anları öz mobil telefonu ilə qeydə alaraq, bizə göndərən oxucularımızdan biri öz fikirlərini əlavə edib: "Yağış yağan gün "Azadlıq prospekti” stansiyasına girdim. Divardakı çatlardan axan suyu görəndə qorxuya düşdüm. Çünki bilirəm ki, divar nə qədər möhkəm olsa da, su axdığı yeri yuyur. Ona görə də, hər an çökmə ola bilər”.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, "Azadlıq prospekti” stansiyasının bu duruma düşməsinin iki səbəbi var. Bunlardan biri səriştəsiz görülən tikinti işləridirsə, digəri metro stansiyasının tam üzərində tikilən ticarət mərkəzidir.

Belə ki, «Şərur» MTK-nın tikdiyi ticarət mərkəzi metro stansiyasının tam üzərindədir. Bu da stansiyada çatların əmələ gəlməsinə səbəb olub.

Nəzərə alsaq ki, 14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq, sütunsuz tağvari platforma quraşdırılıb. Və tikinti zamanı stansiyanın üzərində sadəcə, park olub və həmin ərazidə hər hansı bir tikinti işlərinin ola biləcəyi nəzərə alınmayıb.

Bundan əlavə, stansiyanın üzərindəki parkın yararsız halda olması, yağış sularının bir yerə yığılmasına səbəb olub. Həmin yığılan sular isə stansiyaya sızmağa başlayıb. Həm də bəzi yerlərdə torpaq çökməsi də baş verib. Bu da bir daha sübut edir ki, "Azadlıq prospekti” stansiyası böyük təhlükə altındadır.

Stansiyanın divarları bir neçə dəfə təmir olunsa da, çatlar yenə də var və bu qabarıq şəkildə özünü biruzə verir. Hər gün minlərlə insan "Azadlıq prospekti” stansiyasından istifadə edir. Burada baş verə biləcək hər hansı bir çökmə, acı nəticələr verə bilər.

Mövzunu davam etdirəcəyik.

Məhəmməd Türkmən





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA