Generallar paytaxtın yol polisinə nəzarəti itiriblər - BŞDYPİ-də şok olaylar

img

07-02-2015 [16:29]



Son aylar paytaxt Bakıda sürücülərlə yol polisləri arasında zidiyyətli xəbərlərin gündəmi zəbt etməsi təsadüfi deyil. Bunun əsas səbəbi yol polislərinə verilən əlavə səlahiyyətlərdən sui-istifadə hallarıdır.

Bu barədə Mia.az-a yol polislərindən biri deyib. Onun sözlərinə görə, Bakı Şəhər Yol Polisi İdarəsinə (BŞDYPİ) Nuşirəvan Səfərov rəis təyin edildiyi gündən başlayaraq, burada daxili idarəetmə sisteminə qədər ciddi dəyişikliklər aparılıb: «İndi keçmiş rəis, hazırda Bakı şəhər baş polis idarəsinin rəis müavini vəzifəsində işləyən Həsən Şirinovun dövründən fərqli olaraq, burada həqiqətən də rüşvət və özbaşınalıqlar pik həddə çatıb. İnsafən etiraf etmək lazımdır ki, Həsən Şirinovun dövründə sürücülər indiki kimi «çarmıxa» çəkilməyiblər. Amma Nuşirəvan Səfərov və onun şəhər DYP-də "xüsusi status” verdiyi adamları vəziyyəti kəskin şəkildə dəyişiblər. Qanunların da sərtləşdirilməsindən sui-istifadə edən Səfərov və komandası şəhərdəki radar sistemindən «gizlətdikləri» pullu sürücülərin siyahısını tərtib ediblər. Hər ay onlardan hesab almaqdan tutmuş, içkili sürücülərin hər birindən 1000-2000 manat rüşvət alınmasına qədər hər şeyin «qiyməti»ni  müəyyənləşdiriblər».

Müsahibimiz deyir ki, paytaxtın baş polis idarəsinin rəisi vəzifəsinə Mirqafar Seyidov təyin edildikdən sonra bu sahədə  ciddi dəyişikliklər olacağı gözlənilsə də, tam əksinə, Nuşirəvan Səfərov şəhərin yeni rəisini də oyundankənar vəziyətdə qoymağı bacarıb:

«Diqqət edirsinizsə, Mirqafar Seyidov rəis təyin olunduqdan sonra şəhərdə cinayətkarlığa qarşı mübarizənin şiddətlənib. Üstəlik, rayon polis idarə və bölmələrin rəisləri özlərinə əvvəlki dövrdən fərqli olaraq, çəki-düzən veriblər. Ancaq eyni hal və yoxlamaları şəhərin yol polisi idarə və bölmələrində görmək olmur. Tam əksinə, Mirqafar Seyidovun gəlişindən sonra şəhər yol polis idarsindəki özbaşınalıqlar əndazəni aşıb. Hətta ötən ay elə mətbuatda Şəhər Yol Polisi İdarəsinin 13 «a» otağında oturan Şahin adlı ağsulu yol polisinin qanunla verilməli olan sığorta arayışına 250 manat rüşvət tələb etməsi, üstəlik, hadisəni törədən rayon polis idarəsinin vəzifəli şəxslərindən birinin oğlunu yayındırması da deyilənlərə işıq sala bilər. Belə yüzlərlə fakt var. Elə bu yaxınlarda  99 AA 499 nömrə nişanlı "Range Rover” markalı avtomobilin sərxoş sürücüsünün "BMW” markalı avtomobilin sürücüsünü həyat yoldaşının yanında yumruqlaması və hadisə yeriən gələn 10 YP 756 nömrəli yol polisi əməkdaşlarının heç nə olmamış olaya seyrçi qalması da, ümumilikdə polis adına rüsvaycılıqdır. Həmin xəbər fotolorla birgə əksər saytlarda yayıldı. Amma görünən odur ki, Nuşirvan Səfərov əziyyət çəkib, nə hadisəni törədəni aşkarladı, nə də buna aydınlıq gətirən açıqlama verdi. Halbuki, bu susqunluq həmin vəzifəli şəxs olduğu deyilən sürücünün növbəti, özü də daha biabırçı və ölkəni sarsıdacaq hadisəyə həvəsləndirilməsindən başqa bir şey deyil».

Müsahibimiz deyir ki, Nuşirəvan Səfərovun işçilərinin bu hərəkətləri təkcə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun deyil, həm də şəhərin baş polis idarəsinin rəisi Mirqafar Seyidovun da imicinə zərbədir: «Ya bu generallar şəhər polisində qayda-qanun yaratmalı, ya da çıxıb deməlidirlər ki, biz Nuşirəvan Səfərovla bacarmırıq».

Onu da qeyd edək ki, Nuşirvan Səfərovun yanında işləyən doğma bacısı oğlunun həbsinin təfərrüatları ilə bağlı zaman-zaman mətbuatda maraqlı yazılar dərc olunub. Həmin yazılar və şəhər yol polis idarəsində baş alıb gedən özbaşınalıqlar da göstərir ki, bütün bunlar N.Səfərov üçün dərs olmayıb: «Günün istənilən vaxtı şəhər DYP-yə gedin. Özünüz görəcəksiniz ki, burada hansı ab-hava hökm sürür. Yaxşı olardı ki, Mirqafar Seyidov müavini Həsən Şirinov vasitəsiylə bu idarəyə nəzarət etməsin. Elə özü bu idarəyə də sürücü kimi, qəfil ayaq döysün, o zaman görəcək ki, alver hansı səviyyədədir və bunlar polisin adına necə ləkə vururlar».

Mia.az bildirir ki, yazıda qeyd olunan bəzi məqamlarla bağlı əlavə araşdırmalar davam edir. Və təəssüf ki, bunlarla bağlı sözügedən idarənin sözçüsü Vaqif Əsədov telefona cavab vermədiyindən danışmaq mümkün olmayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA