İlham Əliyev tapşırıq verdi, Nərimanovda aksiyaya start verildi - Tədbir

img

06-02-2015 [20:39]


Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki sosial-iqtisadi tərəqqi səhiyyə sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradıb.

Mia.az xəbər verir ki, dövlət başçısının fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Nərimanov rayonunda da uğurla icra edilir.

Fevralın 6-da rayon ərazisində yerləşən 8 nömrəli şəhər poliklinikasında sakinlərin tibbi müayinəsi keçirilib. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Artıq poliklinikalarda müayinələrə başlanılıb. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.

İ. Mahmudova fevralın 2-dən etibarən rayon üzrə 3 min 917 nəfərin müayinələrdən keçdiyini, xəstəlik aşkar olunan 477 nəfərə ambulator, 20 nəfərə isə stasionar müalicə təyin edildiyini diqqətə çatdırıb.

Poliklinikanın baş həkimi Tamilla Kərimova isə rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini, məktəblərdə, uşaq bağçalarında müayinələr aparılması, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi üçün səyyar briqadaların yaradıldığını bildirib. Qeyd olunub ki, fevralın 2-dən bu günədək poliklinikada 2 min 100 nəfər rayon sakini müayinə edilib.

Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edirlər. Rayonun yaşlı sakini Aydın Quliyev deyir ki, dövlət başçısının bu təşəbbüsü ancaq alqışa layiqdir. Bu onu göstərir ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev, həm də onların sağlamlıqlarının qeydinə qalır.

Rayon sakini Eldar Bayramov isə bildirdi: - Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçına təşəkkür edirəm.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA