Akademik dəyişiklik anonsu verdi - Tədbir

img

06-02-2015 [19:12]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu günkü iclasında Kimya Elmləri Bölməsinin (KEB) 2014-cü ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. 

AMEA-dan Mia.az-a veilən məlumata görə, hesabat ilində kimya sahəsində aparılan elmi və tətbiqi tədqiqatlardan danışan bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev perspektiv istiqamətlər üzrə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb.

Əvvəlcə AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilər nəticəsində bölməyə 6 ixtisası əhatə edən 6 həqiqi və 7 müxbir üzv seçildiyini bildirən akademik elmi müəssisə və təşkilatlarda bəzi struktur dəyişikliklərinin edilməsi, institutların adlarının dəyişdirilməsi, o cümlədən Kimya Problemləri İnstitutunun Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmasının institutların fəaliyyət istiqamətlərinə daxil olan tədqiqatların yeni əsaslarla təşkilini nəzərdə tutduğunu qeyd edib.

Hesabat ilinin uğurlu nəticələrindən bəhs edən D.Tağıyev bildirib ki, bölmənin institutlarında 16 problemi əhatə edən 47 mövzu üzrə tədqiqatlar aparılıb, 8  mövzu tamamlanıb, elmi fundamental tədqiqatlar sahəsində 8, ali təhsil müəssisələri ilə tətbiqi yönümlü tədqiqatlar sahəsində isə 7 mühüm nəticə əldə olunub. Vurğulanıb ki, bölmənin elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin 109 nəfəri elmlər doktoru, 328 nəfəri isə fəlsəfə doktorudur. 2014-cü ildə doktoranturaya 16 nəfər (8 əyani, 8 qiyabi) qəbul olunmuşdur. Bölmə institutlarının ixtisaslaşdırılmış müdafiə şuralarında 26 fəlsəfə doktoru və 6 elmlər doktoru dissertasiyaları müdafiə edilib. Hazırda bölmənin institutlarında 32 əyani, 50 qiyabi olmaqla 82 fəlsəfə doktorantı təhsil alır.

 Sonra iclasda elmi nəşrlərlə bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən ildə kimyaçı-alimlər tərəfindən hazırlanmış 22 kitab və monoqrafiya  çapdan çıxıb, institutlarda çalışan əməkdaşların 149 məqaləsi impakt faktorlu jurnallarda çap olunub.

Tədbirdə bölmənin patent almaq üçün təqdim etdiyi 36 iddia sənədindən 19-nun patent alması mühüm nəticə kimi qiymətləndirilib.

 İclasda, həmçinin ölkə rəhbərinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasından irəli gələn vəzifələr və görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb, eləcə də digər əməkdaşlıqlar barədə razılığa gəlinib. "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə institutlarda əldə olunan bir sıra elmi nəticələr sınaqdan keçirilib.

 Hesabatda bölmə institutlarının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Ukrayna Elmi-Texniki Mərkəzi tərəfindən qrantlar alması müsbət nəticələr sırasında yer alıb. Sözügedən ildə beynəlxalq qurumlarla birgə elmi-tədqiqat işlərinin aparılmasını nəzərdə tutan əməkdaşlıqlar barədə memorandumlar imzalanıb və əlverişli tədqiqatların əsası qoyulub, həmçinin elmi işlərin nəticələri beynəlxalq konfrans, konqres və simpozium materiallarında öz əksini tapıb.

Hesabat ilində KEB-in institutları elektron informasiya mənbələrindən istifadə məqsədi ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna qoşulub. İnstitutlar haqqında informasiyaların Wikipedia bazasına yerləşdirilməsi məqsədi ilə işçi qrupu yaradılıb, o cümlədən bu məlumatların həmin bazaya yerləşdirməsi və institutların elmi kitabxanalarında avtomatlaşdırılmış kitabxana informasiya sisteminin yaradılması üçün hazırlıq işləri aparılır.

Sonda bölmə üzrə hesabatda əks olunan statistik məlumatlar nəzərə alınaraq Akademiyanın illik hesabatına daxil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA