Abbas Abbasovun "qara kampaniyası"na kəskin etiraz, təşkilatlar ayağa qalxdı - Bəyanat

img

02-02-2015 [23:11]


Rusiyadakı Azərbaycanlıların fəal təşkilatlarından sayılan "AzərRos"da gərginliyin dərinləşməsində baş rol ifaçısı olan Azərbaycan baş nazirinin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun səfir Polad Bülbüloğlu və onun müavini Qüdsi Osmanova qarşı "qara Piar"a start verməsi, kəskin narazılıqla qarşılanb.

Bununla bağlı Rusiyadakı təşkilatlarımız xüsusi bəyanat yayaraq, Abbas Abbasova sərt etirazlarını bildiriblər.

Mia.az-a daxil olan həmin bəyanatlardan birini təqdim edirik: 

"Son vaxtlar AzərRos Federal Milli-Mədəni Muxtariyyətinin saytlarında Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun və Səfirin müavini Qüdsi Osmanovun ünvanına böhtan dolu yazılar dərc olunmaqdadır. 

Təəssüflər olsun ki, həmin yazılar rus jurnalisti Yelena Tulayevanın imzası ilə "AzərRos"un saytlarının səhifələrində yerləşdirilir. Oxucu kütləsinin müəyyən qismi həmin məqalələrin mahiyyətindən xəbərdar olmasalar da, Moskva şəhərində yaşayan əksər ziyalılar, yaradıcılıqla məşğul olan qələm sahibləri, o cümlədən jurnalistlər də yaxşı başa düşürlər ki, Yelena Tulayevanın imzasının kölgəsində kimlər dayanır və "AzərRos"un saytlarının sahibi kimdir. 

Psevdojurnalist Yelena Tulayevaya gəldikdə isə, onu demək kifayət edər ki, həmin yazılara imza atdığına və arxasında dayanan dirijorların böhtanlarına xidmət etdiyi üçün Rusiya azərbaycanlıları onu bağışlamayacaq. Bir də nə bilmək olar ki, Yelena Tulayeva imzası altında KİV-də jurnalist varmı, ya yox?!

Çünki hər kəsə gün kimi aydındır ki, Polad Bülbüloğlu Rusiyada təkcə səfir olduğuna görə yox, böyük ictimai və tanınmış mədəniyyət xadimi olduğuna görə Rusiyada yaşayan xalqlar tərəfindən yüksək məhəbbətlə sevilən və hörmət olunun şəxsiyyətdir. Bütün bunlarla yanaşı, onu da qeyd etmək vacibdir ki, hər bir ölkənin səfiri toxunulmaz şəxsiyyət olmaqla, beynəlxalq qanunlar tərəfindən qorunan rəsmi simadır.

Ona görə də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və onun müavini Qüdsi Osmanovun ünvanına yağdırılan yalançı böhtanlar, ləkələr nəinki jurnalist Yelena Tulayevanın imzasına, eyni zamanda, onun fikir daşıyıcı qüvvəsi olan Abbas Abbasova, Asif Məhərrəmova utanc qətirən hərəkətlərdən başqa bir şey deyil.

Azərbaycan Səfirinin müavini Qüdsi Osmanov Rusiyada azərbaycan diasporunun təşəkkülü və möhkəmlənməsi üçün çalışan mübariz bir azərbaycanlı və eyni zamanda peşəkar diplomatdır. O, qısa müddət ərzində Rusiyada yaşayan azərbaycanlılar arasında özünün uzaqgörənliyi, zəkası və vətənpərvərliyi ilə həmvətənləri arasında böyük hörmət qazana və özünü sevdirə bilmişdir.

Azərbaycan vətəndaşı olan Abbas Abbasov isə digər əl-altıları ilə birlikdə Rusiya Federasiyasının ictimai təşkilatı olan FMMM "AzərRos"u demək olar ki, özəlləşdirib və əvvəllər polis orqanlarında işləmiş, ictimai işlərdə bacarığı olmayan, özünün yaxın dostu və Azərbaycan xalqını görməyə gözü olmayan Asif Məhərrəmovu tirancasına Prezident vəzifəsində gətirməyə çalışır. Görəsən, bu haqqı ona kim verib?

Abbas Abbasov 17 yanvar tarixində keçirilən FMMM "AzərRos"un leqitim qurultayında hamı ilə birgə iştirak etmək əvəzinə, tədbirin keçirilməsinə mane olmaq üçün öz həmyerlilərini - qurultay iştirakçılarını separatist və ekstremist adlandıraraq, onların üstünə Rusiya güc orqanları olan Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi nümayəndələri göndərib.

Bu məqamda onu qeyd etmək yerinə düşər ki, Abbas Abbasov hər yerdə vurğulayır ki, o, Kremlin layihəsidir və onun Rusiyadakı Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyətini Kremlin sahibləri dəstəkləyir.

Burada onun fikirlərindən aydın görünür ki, Abbas Abbasov Azərbaycanla Rusiya arasındakı strateji münasibətlərin pozulması və gərginləşməsi üçün fəaliyyət nöqtəsi axtarır. Elə buna görə də, o, Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən öz çirkin əməllərini həyata keçirmək üçün əl çəkmir və fəal istifadə edir. Artıq bunu Moskvada və bütün Rusiyada yaşayan hər bir azərbaycanlı bilir və onların namərd hərəkətlərini pisləyir.

Biz Rusiyada yaşayan Azərbaycanlılar Vladimir Putinin seçiciləri olaraq, daim onun yanında olmuşuq və ona səs vermişik. Biz Rusiyada yaşayaraq Rusiya-Azərbaycan xalqların dostluğunun inkişafına çalışırıq. Tarixi vətənimiz Azərbaycanı Rusiyada layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik. Abbas Abbasovun isə Rusiya Azərbaycan diasporuna gəlməsi diasporun dağılmasına və parçalanmasına səbəb oldu. 

"AzərRos" təşkilatı 15 il Ümumrusiya Azərbaycan Konqresi ilə birgə Rusiya-Azərbaycan xalqlarının dostluğuna xidmət edib. Lakin Abbas Abbasovun və Asif Məhərrəmovun siyasəti nəticəsində "AzərRos" Azərbaycan cəmiyyəti tərəfindən düşmən və müxalif təşkilat kimi qəbul olunur, halbuki biz, Rusiyada yaşayan azərbaycanlılar, tarixi vətənimizi və Prezident İlham Əliyevin apardığı siyasəti daim dəstəkləmişik və dəstəkləyirik. Bizim Azərbaycanda qohumlarımız "AzərRos"a üzv olduğumuza görə utanc hissi keçirir, bizi başa düşmürlər. Bunların hamısı Abbas Abbasov və onun ətrafının siyasətinin nəticəsidir.

Məsələyə aydınlıq gətirmək üçün Səfir müavini Qüdsi Osmanov dəfələrlə bizim aralarımızda həmrəylik və birlik olsun deyə, bizi dialoqa çağırıblar. Lakin "AzərRos"un saytlarında Səfir və Səfir müavininə qarşı dərc olunan böhtan xarakterli məqalələr bu məqalələrin bəlli müəlliflərinin həmrəylik və birlik arzusunda olmadıqlarının parlaq göstəricisidir. Artıq onların nə məqsəd güddükləri aydındır. Bunlarla bağlı sual doğurur: bəlkə siz Rusiya ilə Ukrayna qardaş xalqların arasını vuran və bizə, Rusiya cəmiyyətinin üzvləri üçün yad olan Qərb ideallarına qulluq və xidmət edirsiniz?

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, bu yazını hazırlayan biz azərbaycanlılar, A.Abbasovun və onun məsləhətdaşı A.Məhərrəmovun Azərbaycan Səfiri Polad Bülbüloğlunun və onun müavini Qüdsi Osmanovun ünvanına özgəsinin imzası altında atdıqları qara böhtan və şərləri qətiyyətlə qınayır və tənqid edirik. Bu bizim nəinki Səfirliyimiz və diplomatlarımıza, bütün xalqımıza ləkə qətirir. Biz, Rusiya azərbaycanlıları A.Abbasovun və onun əl-altılarından fərqli olaraq, Rusiya-Azərbaycan xalqalrının dostluğunun qarantıyıq.

Azərbaycanlıların əleyhinə iş aparmaqdan, diasporun hörmətli üzvlərinə hədə-qorxu gəlməkdan və böhtandan əl çəkmələri üçün A.Abbasov və A.Məhərrəmovdan tələb edirik ki, öz çirkin əməllərinə və böhtan dolu informasiya müharibəsinə son qoysunlar. Əks halda, yazının altında imzası olan bütün ictimai təşkilatlar birgə olaraq hökumət, inzibati orqanlara və məhkəməyə müraciət etmək hüquqlarını həyata keçirəcəklər.

Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin leqitim federal Şurasının üzvləri

Ümumrusiya Azərbaycan Konqresinin bütün fəalları və üzvləri,

Rusiyada fəaliyyət göstərən "Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin bütün üzvləri,

Rusiya azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun üzvləri,

Azərbaycan-slavyan gənclər assosiasiyasının üzvləri,

Moskva "Azərbaycan” cəmiyyətinin üzvləri."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA