"Ev dəllallarına inanmayın, mal-mülk alın!" - Ekspert yeni hiylədən danışdı

img

27-01-2015 [14:05]


Ölkənin mənzil bazarındakı vəziyyətlə bağlı proqnozlar hazırda çox ziddiyyətlidir. Hətta daşınmaz əmlak agentləri və ekspertlər arasında da fikir ayrılığı yaranıb.

Bəzi ekspertlər evlərin tezliklə ucuzlaşacağını, digərləri isə əksinə, bahalaşacağını bildirir. Başqaları isə neftin ucuzlaşmasının evlərin qiymətinin aşağı düşməsinə səbəb olmayacağını deyir.

Onların fikrincə, ölkənin daşınmaz əmlak bazarında baş verən hadisələrə neftin qiymətində olan dəyişikliyin, həmçinin Rusiyada baş verən hadisələrin təsiri yoxdur.

Mənzil bazarının dəyərləndirilməsi üzrə ekspert, hüquqşünas Fərid Rüstəmov mənzil bazarında ajiotaj yaranmasına görə bunda maraqlı olan dəllalları və mətbuatı qınayır.

F.Rüstəmov açıqlamasında ev alıb-satmaq istəyənlərə müraciət edib. Ekspert deyir ki, söküntülər nəticəsində və ya digər mənbələrdən mənzil almaq üçün əldə etdikləri vəsaiti özlərində saxlamasınlar: "Bəzi dəllalların öz xeyirləri üçün əmlak bazarında süni ajiotaj yaratmaq məqsədilə verdiyi proqnozlara aldanıb özünüzü əmlak əldə etmək mümkünsüzlüyü riskinə atmayın”.

F.Rüstəmovun qənaətinə görə, bu gün neftin qiymətinin aşağı olması və Rusiya bazarında baş verənlər müəyyən mənada əmlakın qiymətinə təsir edə bilər, ancaq ucuzlaşmanın 10-15 min manat civarında olacağı barədə deyilənlər absurddur: "Onu da deyim ki, bu hal olduqca qısa zamanda bərpa olunacaq. Bərpa prosesi artıq başlamaq üzrədir. Belə ki, son günlərdə dünyada neft bazarında gedən canlanma əmlak bazarına sürətlə öz təsirini göstərəcək. Bundan başqa, dövlət ipotekasının 2015-ci il üçün nəzərdə tutulan büdcəsi kifayət edir ki, əhali bundan yararlansın. Təbii ki, bu da öz növbəsində mənzil alıcılarının sayını nəzərəçarpacaq dərəcədə artıracaq. Belə olacağı təqdirdə əmlakın qiyməti kəskin artacaq ki, indi əllərində mənzil almaq üçün kifayət edən vəsaiti olanlar 2-3 aydan sonra bu şanslarını itirmiş olacaqlar”.

Ekspert nümunə olaraq 2008-2009-cu illərdə yaşanan böhranı xatırladır. Bildirir ki, 2008-2009-cü illər ərzində süni şəkildə bazarda durğunluq yaradan bəzi dəllalların niyyəti sonradan bəlli oldu. Yəni məqsəd süni ajiotaj yaradaraq əmlak bazarında durğunluq yaratmaq, bununla da qiymətlərin sürətlə aşağı enməsinə səbəb olmaq, ucuz qiymətə bir neçə əmlak əldə edib, bahalaşdıqda satıb külli miqdarda mənfəət əldə etmək idi.

"Hazırkı situasiya eynilə o illərin təkrarıdır. Odur ki, əhaliyə belə provokasiyalara uymamağı və normal şəkildə əmlak tələblərini ödəməyi tövsiyə edirəm. Əks halda sürətlə bahalaşma zamanı bu arzu bir çoxlarında elə arzu olaraq da qalmaqda davam edəcək” - deyə ekspert ev alqı-satqısında gözləmə mövqeyi tutan vətəndaşlara tövsiyə edib.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA