Binəqədi rayonunda yaşadığı məhəlləni yağış sularının basmasına etiiraz edən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarovanın cavabı normal qarşılanmayıb.
Mia.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət sosial şəbəkədə xanım şöbə müdirinin çıxışını rəzillik sayıb: "Çox ədəbsiz bir açıqlamadır! Dövlət gəncdir deyib, bunlara etimad göstərir, vəzifə başına gətirir, bunların da dərhal gözləri ayaqlarının altını görmür!
Həmişə deyirəm ki, təsadüfi adamlar dövlət işində irəli çəkilməsin gərək. Çəkiləndə də belə olur, ən elementar etikadan kənar bəyanatlar verirlər, onları vəzifəyə gətirmiş adamları da rəzil edirlər".
Əvəz Zeynallı da şöbə müdirinin açıqlamasına kəskin cavab verib: "Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri Nuridə xanımın, dolayısı ilə, İcra Hakimiyyətinin yağış yağandan sonra başımıza gələnlərə verdiyi reaksiyanı elə indi - saat 21.35-də oxudum. Qeyri-etik, yekəxana və qadına yaraşmayan ifadələrlə dolu olan bu açıqlamanın dilinə və üslubuna diqqət çəkmək istəmirəm, bu haqda danışmağa və yazmağa zamanımız olacaq. Ancaq məmurə xanımın yalanı bu qədər cəsarətlə danışması, doğrusu, məni təəccübləndirdi.
Mən dünən qəsəbəni su basdığını, Günəşlidə, yasda eşitdim. Səhər yolların və küçələrin su içində olduğunu gördüm, ancaq suyun səviyyəsinin o qədər qalxacağını təxmin etmədim. Biz bu məhəllədə belə yağışlar çox görmüşük. Lakin beləsi heç olmamışdı.
Mən gələnə qədər dəfələrlə İcra Hakimiyyətinə zənglər olunmuşdu, cavab ala bilməmişdilər. Mən dənizə oxşayan yollardan keçib evə çatanda qonşular bayırda, uzun çəkmələrlə çaş-baş qalmışdılar. Şou göstərmədən problemi olduğu kimi diqqətə çatdırmaq istədim. Dərhal FHN-in (Fövqəladə Hallar Nazirliyinin) 112 xidmətinə zəng etdim. Nəcib bir xanıma problemi izah etdim. O, FHN-in bu məsələ ilə məşğul olmadığını, Binəqədi RİH-ə zəng etməli olduğumu dedi. Binəqədi RİH-in və "Azərsu"nun qaynat xəttlərini verdi. Binəqədi RİH-in qaynar xəttinə - 1646-ya telefon etdim, oradan bütün gücləri ilə çalışdıqlarını, ancaq məsələ ilə "Azərsu"nun məşğul olmalı olduğunu dedilər. "Azərsu"nun qaynar xəttinə - 955-ə telefon etdim. Oradan RİH-in məşğul olmalı olduğunu dedilər. Beləcə, 7 saata yaxın telefon trafiki davam etdi. FHN-ə, Binəqədi RİH və "Azərsu"ya dəfələrlə və dəfələrlə zəng etdim. Qonşularla uzun çəkmələr geyindik və gedib axan selin mənbəyini (məhəllədəki) tapdıq, oradan İH-nin növbətçisinə (birincisi, deyəsən, Anar Səfərov, ikincisi isə Cavadov, ya da Camalov soyadlı mədəni adamlar idilər) məlumat verdik.
Olanların hamısını təxminən anbəan burada yazdım. Nuridə xanım zəhmət çəkib oxusaydı, hali olardı. Yazdıqlarımı axşam saatlarında məhəlləmizə gələn "Xəzər" TV-nin kamerasına da söylədim. Hamısını - 112, 1646 və 955 xidmətlərinə neçə dəfə zəng etdiyimi və aldığım cavabları da orada dedim. "Xəzər" TV saat 21.00 buraxılışında reportaj verdi, ancaq mənim dedikllərimin heç birini vermədi. Gecə 21.58 radələrində kanalizasiya idarəsindən zəng etdilər, növbəni yeni aldıqlarını dedilər və səhər saatlarından yolları sudan təmizləməyə gələcəklərini dedilər. Sonra Binəqədi Su İdarəsindən gələcəklərini zəng edib dedilər.
İndi gəlmişəm, ancaq qonşuların dediyinə görə, nə kanalizasiya, nə də su idarəsindən heç kim gəlməyib. Selin qarşısı kəsilib, su nisbətən çəkilib, ancaq yollar yenə dopdolu. Görünür, suyu təmizləməyi Allahın öhdəsinə buraxıblar. Nuridə xanımın yazdıqlarını oxuyan kimi qonşularla əlaqə saxladım. Heç kimin gəlmədiyini, Elxan müəllimi də heç kimin görmədiyini dedilər. Ola bilər, başqa küçəyə gəlib, ki, orada da gölməçələrin olduğu açıqca görünür...
Nuridə xanım bilməlidir ki, yaxından tanımadığı adama bu münasibəti göstərmək olmaz. Mən evimə dolan suyun təmizlənməsini tələb etmişəm, bu qədər hikkə niyə? Bu boyda vəzifədə işləyən və dünyanın siyasi və vicdan məhbusu kimi tanıdığı bir qəzet redaktorunu cırtdanla bənzədən bu xanım, gərəkdir ki, belə məsələlərdə diqqətli olsun. Məni bir dəfə şərləyiblər, ikincisinə ehtiyac yoxdur...
Həmkarlarıma gəlincə, onların heç biri mənim mövqeyimi öyrənib dərc etməyə lüzum görməyiblər. Olsun. Mənim onlara cavab verməyə gücüm çatar. Hər kəsi keçmişinə qaytaracaq qədər iradayə sahibəm...
Dostluğa gəlincə, mən Nuridə Allahyarova-Məmmədovaya dostluq göndərdim. Qəbul etsə, bütün sullarımı birbaşa özünə ünvanlamaq imkanlarım olacaq.
Hər kəsə dərin hörmətlə...".
Xatırladaq ki, Binəqədi İH-nin şöbə müdiri N.Allahyarova Əvəz Zeynallının yaşadığı məhəllədə yaranmış vəziyyətə etirazına belə münasibət bildirib: ""Xural" qəzetinin həbsdən ölkə başçısının imzaladığı amnistiya aktına müvafiq azadlığa çıxan baş redaktoru Əvəz Zeynallı! Əgər dostluğumda sizi bir tanıyan varsa, onda ricam sizə çatdırsınlar ki, "danışmaq" ənənənizə yadırğadığınız üçün qəzetlərin birinə verdiyiniz açıqlamada qeyd edirsiniz ki, "Baksol ərazisində yağış suları fəsad törədib və bazar günü olduğu üçün icra hakimiyyəti rəsmilərinin telefonları sönülüdür, çox güman ki. sakinlər narahat edər deyə söndürüblər" kimi replikanıza cavab olaraq bu fotolara baxasınız. Binəqədi qəsəbəsinin icra nümayəndəsi Elxan müəllim və əməkdaşlar bazar günü səhər saatlarından o ərazidə olublar və təbiət hadisəsinin törətdiyi fəsadı aradan qaldırmaq üçün müvafiq işlər icra olunub. Və bu fotolar, həmçinin problem özü elə səhər saatlarında da rayonun rəsmi "Facebook" səhifəsində paylaşılıb. Telefona gəlincə, sizə yəqin hansısa obyektiv və ya subyektiv səbəblərdən verilən nömrələr yalnış olub, ancaq sakinlər üçün narahat olmayın. Onların qayğısına qalan dövlət və icra hakimiyyətinin rəsmiləri siz qəzetə müsahibə verdiyiniz vaxt elə sakinlərin yanında olublar! Yəni iş görüblər!".
Mia.az