Sərhəddə döyüşlər: Ohanyan əsgərlərinin öldürüldüyü yerə gəlir - YENILƏNİB

img

23-01-2015 [16:05]


Ermənistan müdafiə naziri Seyran Ohanyan ərazi idarəetmə və fövqəladə hallar naziri Armen Yeritsyanla birlikdə Azərbaycanla sərhəd Tavuş vilayətindədir.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Xilasetmə Xidmətinin rəhbərinin müavini Nikolay Qriqoryan nazirlərin döyüş mövqelərinə və ön xəttə baş çəkəcəklərini açıqlayıb.

Xatırladaq ki, bu gün səhər Azərbaycanla Ermənistan sərhədinin qərb istiqamətində gedən döyüşlər zamanı erməni ordusu bir leytenantını və bir əsgərini itirib, daha bir əsgərin vəziyyətinin kritik olduğu açıqlanıb. Yaralılar var.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin həmləsinin qarşısının alındığını, ordumuzun itki vermədiyini bəyan edib.

*      *      * 14:30

Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan sərhədinin qərb istiqamətində gedən döyüşlər zamanı yaralanmış erməni hərbçilərindən birinin vəziyyəti kritikdir.

Virtualaz.org saytının verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan facebook səhifəsində yazıb ki, hazırda Berd rayonunun hospitalında həkimlər sıravi əsgər Ovanes Avanesyanın həyatı uğrunda mübarizə aparırlar.

Ermənistan ordusunun bu döyüş zamanı daha bir neçə hərbçisinin yaralandığı, ancaq onların qalanlarının adlarının hələlik açıqlanmadığı bildirilir.

Xatırladaq ki, rəsmən açıqlanmış məlumata görə, bu döyüşdə Ermənistan ordusunun leytenantı və bir sıravi əsgəri məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi ordumuzun bu döyüşdə itki vermədiyini açıqlayıb.

*    *    * 12:18

Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sərkisyan məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Qeyd edək ki, son bir ay ərzində düşmən tərəfi 12 hərbçisini itirib, 20-ə yaxın yaralısı var.

*   *   *11:34

Az əvvəl Ermənistan Müdafiə Nazirliyi qoşunların təmas xəttinin qərb istiqamətində şiddətli döyüşlərin baş verdiyi haqda təcili bəyanat yayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən "Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri” bü gün saat 09:00 radələrdində, bir neçə istiqamətdən erməni ordusunun Tavuş vilayətinin Berd rayonu istiqamətində yerləşən mövqelərinə hücuma keçib. Nəticədə yarım saatdan çox çəkən döyüş başlayıb.

Döyüşlər zamanı Ermənistan ordusu çoxsaylı itkilər verib, bu itkilərdən hələlik ikisi rəsmən açıqlanıb. Ermənistan MN-nin məlumatına görə döyüşlərdə leytenant Karen Arartoviç Qalstyan və sıravi Artak Vaqarşakoviç Sərkisyan öldürülüblər. Daha bir neçə erməni hərbçisinin yaralandığı bildirilir. Düşmən tərəf "Azərbaycan ordusunun da itki verərək geri çəkildiyini” iddia edir.

Virtualaz.org erməni tərəfinin bu bəyanatına Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh almağa çalışır. Ancaq onu qeyd etmək lazımdır ki, Ermənistan ordusu son həftələrdə az qala hər gün itki verir və düşmənin son üç həftədə verdiyi, rəsmən açıqlanan itkilərin sayı 11-I keçib. Bunların arasında zabitlər və müddətdən artıq xidmət keçənlər üstünlük təşkil edir. Ermənistan ordusu yanvarın 20-də və 21-də də çoxsaylı itkilər vermişdi. Azərbaycan Müdafiə Nazirliyi ordumuzun son həftələr ərzində heç bir itki vermədiyini  bir neçə dəfə açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatının ardınca Dağlıq Qarabağdakı qondarma erməni rejiminin "müdafiə nazirliyi” də təmas xəttində yanvarın 23-nə keçən gecə baş vermiş döyüşlər haqda öz bəyanatını yayıb. Orada iddia edilir ki, "Azərbaycan silahlı qüvvələri şərq və şimal-şərq istiqamətlərində diversiya həmlələri edib, ancaq bu həmlələrin qarşısı alınıb”. İşğalçı qüvvələrin komandanlığı bu dəfə də "Azərbaycan ordusunun itki verdiyini” iddia edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA