Nazirin direktoru "vurması"nın ilginc təfərrüatları - Sabiq direktor açıqlama verdi (Yenilənib)

img

22-01-2015 [11:50]


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın vəzifəsindən azad edilməsi ötən həftənin əsas müzakirə mövzularından biri olsa da, istefanın motivləri barədə detallı açıqlama verilmədi. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova istefa barədə məlumatı təsdiqləməklə kifayətləndi. Yanvarın 16-da öz ərizəsi ilə vəzifəsindən azad olunduğu bildirilən Umayra Tağıyeva isə müəmmalı istefanın səbəbləri barədə susmağa üstünlük verdi. İxtisasca fizik-riyaziyyatçı olan, 2009-cu ildən Proqnozlar Bürosunun direktoru vəzifəsini icra edən (hazırda direktorun səlahiyyətlərini baş hidroloq Asif Verdiyev icra edir) təcrübəli və proqnozlarına böyük etimad bəslənilən U.Tağıyevanın işdən uzaqlaşması təbii ki, suallar doğurmalıydı. 

Keçmiş direktorun işdən uzaqlaşmasının səbəbləri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən mənbənin "Yeni Müsavat”a verdiyi məlumata görə,  ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yanvarın ilk həftəsində U.Tağıyevanı qəbuluna çağırıb və hava proqnozlarının doğrulmadığını ona sərt şəkildə xatırladıb. Bildirildiyinə görə, proqnozun yanlışlığı səbəbindən nazir özü də "yuxarıların” irad və tənqidlərinə məruz qalıbmış. Hətta hava proqnozu ilə əlaqədar bir sıra ölkəiçi səfərlərin qrafikində dəyişiklik edildiyi də iddia olunur. Bu səbəbdən bir müddət əvvəl nazir  U.Tağıyevaya töhmət də elan edib. 

Lakin üstündən çox keçməyib ki, xanım Tağıyevanın rəhbərlik etdiyi qurumun işində növbəti dəfə "ÇP” aşkarlanıb. Məlumatlı mənbə iddia edir ki, bu dəfə Proqnozlar Bürosu nisbi rütubətə görə məlumatı səhv hazırlayaraq müvafiq qurumlara təqdim edib. Belə olduqda ötən həftənin cümə günü - 16 yanvarda - nazir U.Tağıyevanı yenidən qəbuluna çağırıb və yanlış məlumatların sayının artmasından bir daha narazılığını çatdırıb. H.Bağırov daha bu şəkildə işləməyin mümkün olmadığını desə də, təcrübəli işçisini itirmək istəməyərək ona nazirliyin ikinci qatında yerləşən şöbələrdən birində çalışmağı tövsiyə edib. Ancaq U.Tağıyeva təklifdən birmənalı şəkildə imtina edib. Qəbuldan çıxandan sonra isə kabinetinə gələrək işdən azad olunması xahişi ilə ərizə yazaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Xəlil Ramazanova təqdim edib. İddialara görə, adətən şəxsi məsələlər barədə ətrafdakılarla hər hansı müzakirə aparmağı xoşlamayan U. Tağıyeva bu dəfə də baş verənlər haqda kimsəyə bir söz deməyib. O, hətta rəhbərlik etdiyi işçilərlə belə sağollaşmadan nazirliyi tərk edib. 

Redaksiyamızın əldə etdiyi məlumata görə, U.Tağıyevanın işdən çıxdığını eşidən büro əməkdaşları hətta göz yaşlarını belə saxlaya bilməyib və nazirlikdə əksəriyyət ən yaxın insanını itiribmiş kimi üzgün hala düşüb. Xüsusilə də xanım direktorun tabeliyində çalışmış, 11 və 12-ci mərtəbədə əyləşən 40-dək işçi onun gedişindən sarsıldıqlarını deyiblər. Hətta bir sıra işçilər sosial şəbəkələrdə təəssüf dolu mesajlar də yazıblar. Mənbəmiz deyir ki, olduqca savadlı mütəxəssis olan U.Tağıyeva vaxtilə rus mütəxəssislərlə də birgə çalışıb, böyük təcrübəyə malikdir. Bu mənada onu əvəz edə bilən kadrın olmayacağı da danışılır.  

Xatırladaq ki, bu, U.Tağıyeva ilə bağlı ilk qalmaqallı hadisə deyil. Hələ 2009-cu ildə prezidentin İsmayıllı səfəri öncəsi hava proqnozunun Prezident Administrasiyasına vaxtında təqdim olunmamasına görə nazir H.Bağırov U.Tağıyeva və digər rəhbər şəxslərdən biri, Milli Hidrometeorologiya və Proqnozlar Bürosunun direktor əvəzi İmran Məmmədovun vəzifələrini bir pillə aşağı salmışdı. O vaxt cəzalandırılması barədə qərar U.Tağıyevanın sərt etirazına səbəb olmuşdu və o, günahsızlığını əsas gətirərək hüquqlarının bərpasını tələb etmiş, daha sonra işdən getmişdi. U.Tağıyeva onu da demişdi ki, işıqlar söndüyündən məlumatın verilməsi 15-20 dəqiqə ləngiyib. Xanım direktorun işdən getməsi haqda xəbər o zaman rəsmən təsdiqlənməsə də, İ.Məmmədov "Yeni Müsavat”a "mən də, Umayra xanım da öz sənətimizi sevirik, yuxarıdan göstəriş verildi və vəzifələrimizdə dəyişiklik oldu” deməklə vəziyyətdən çıxmağa çalışmışdı. Bir müddət sonra U.Tağıyeva haqqını əldə etdi və işinə bərpa olundu. Bu dəfə eyni halın təkrarlanacağı müşkül görünür. Hesab olunur ki, artıq təcrübəli mütəxəssisin nazirliyə qayıdışı mümkünsüzdür.  

***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun sabiq direktoru Umayra Tağıyeva haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında U.Tağıyeva işdən çıxması ilə bağlı deyilənlərin yalan olduğunu, vəzifəsindən öz ərizəsi ilə getdiyini bəyan edib.

"Hər şey qaydasındadır. İşdən çıxmaq mənim qərarımdır. İşdən öz ərizəmlə çıxmışam. Deyilənlər sadəcə cəfəngiyyatdır”.

U.Tağıyeva mətbuatda yazılanları təkzib edərək işinə görə heç kimdən töhmət almadığını qeyd edib:

"Nə töhmət almışam, nədəki səhv proqnoz vermişəm. Belə bir şey baş verməyib. İşdən çıxmağım öz xahişimlə olub. Bu mənim qərarımdır. Beş il nazirin qəbulunda olmamışam. Heç kim məni çağırmayıb. Heç kim mənə töhmət verməyib. Mətbuatda yazılan məsələr baş verməyib. Mən istəmirəm ki, belə məsələlərdə mənim adım hallansın. Bu mənə bir qadın kimi xoş deyil. Heç kəs mənim adımdan xəbərlər yaymasın”.

Daha sonra U. Tağıyeva nazirlikdəki keçmiş işindən də danışıb:

"Mən mütəxəssis idim və nazirlikdə öz işimi yerinə yetirirdim. Oradakı iş sadəcə olaraq mütəxəssisin üzərinə düşən məsuliyyət idi. Mənim oradakı işimə vəzifə kimi baxmaq düzgün deyil. Ona görə də özümü heç vaxt vəzifədə hiss eləməmişəm”.

Sonda isə U.Tağıyeva gələcək fəaliyyəti ilə bağlı planlarının olduğunu deyib:

"Müəyyən planlarım var. Gələcəkdə açıqlama verəcəyəm”.

Qeyd edək ki, bu gün mətbuta səhifələrində U, Tağıyevanın işdən çıxması ilə bağlı məlumatlar dərc olunub. Məlumatlarda U. Tağıyevanın hava proqnozunu səhv verdiyi üçün işdən azad olunduğu qeyd olunub. Həmçinin bildirilib ki, o, nazirdən bir neçə dəfə töhmət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA