Dünyanın ən varlı varisləri kimdir? Onların milyardlarla ölçülən varidatları haqda nə bilirik.ELLE jurnalı bununla bağlı kiçik bir araşdırma aparıb. İndi siz özünüz baxın, hansı gənclər üçün dünyanın bütün qapıları açıqdır.
AzNews.az həmin varisləri sizə təqdim edir:
Marta Orteqa-Perez – 64 milyard dollar.
İspaniyanın "Inditex” şirkətinin prezidenti, Zara mağazalar şəbəkəsinin sahibinin kiçik qızı olan Marta Orteqa-Perez atasının yolu ilə gedib.
Ata Orteqa öz qızını gəncliyindən imtiyazlara baxmadan yaşamağı öyrədib. Marta ailə biznesində ən aşağı vəzifədən başlayıb. "Bershka”nın London şöbəsində satıcı-məsləhətçisi, sonra isə Barselona və Şanxayda fəaliyyət göstərən mağazalarda satış şöbələrində çalışıb. İndi 30 yaşlı "demokratik moda kralı" "Inditex”in mərkəzi ofislərində çalışır və atasından "Inditex” holdinqinin idarə heyəti sədri vəzifəsini mənimsəməyə hazırlaşır. Yüksək təbəqədən olan hər bir qız kimi Marta da at sürməyi xoşlayır. O, bir neçə il öncə dünyanın həsəd aparılası gəlinləri sırasını tərk edib və atasının sevimlisi, at idmanı üzrə ispaniyalı idmançı Serxio Alvares Moye ilə evlənib.
Delfina Arno - 26 milyard dollar.
Fransada Delfina Arnonu "zinət sənayesinin Napoleonu" və "kəşmir paltolu dişi canavar" adlandırırlar. Əlbəttə, bu qız Avropanın ən varlı insanının və LVMH (Louis Vuitton, Givenchy, Guerlain, Chaumet, Mot & Chandon, Hennessy və s. lüks brendlər) holdinqinin sahibinin qızıdır.
Delfina Arno uşaqlıqdan inanılmaz dəbdəbədə yaşayır. Amma o, öz ailə bizneslərinin genişləndirilməsi üçün daima çalışır. O, özünü Con Qalyanonun şagirdi hesab edir. Delfina 39 yaşınadək bütün brendlərin rəhbər vəzifələrində çalışıb. Həm də ailə büdcəsinə milyardlarla gəlir gətirib. Delfina yorulmadan bütün sənaye sərgilərində və konfranslarda iştirak edir.
Bernara İtaliya şərab kralının varisi Allesandro Qansia ilə evlənsə də 5 ildən sonra bu nikah sona çatıb. Hazırda onun ürəyi Ksavye Nyelyu adlı bir milyarderə məxsusdur.
İşa, Anant və Akaş Ambani – 23.9 milyard dollar.
Bu milyonerlər xarabalıqların övladları deyil, Hindistan neft maqnatı Mukeş Ambaninin ailə üzvləridir. Bu övladlar dünyanın ən varlı varisləri siyahısında ilk üçlüyə daxildir. Maqnat hələlik üç uşaq arasında bölüşdürəcək mirası haqda heç nə açıqlamayıb. O, həyat yoldaşı və uşaqları üçün Mumbayda 27 mərtəbəli ailə rezidensiyası tikib. Bu ev dünyada şəxsi ev kimi ən bahalı ev sayılır. Həmin evdə övladlar təmtəraqlı qəbullar təşkil edirlər. Bu partilərdə xarici ölkələrin birinci şəxsləri də iştirak edir. Ümumilikdə isə Ambani ailəsi özlərini kifayət qədər ciddi aparır və KİV üçün qapalı hesab edilir.
Şeyx Hamdan – 18 milyard dollar.
Dubay şeyxinin 32 yaşlı varisi Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum əsil şərq şahzadəsidir. O, çox yaraşıqlı və varlı bir gəncdir. Hamdan çox səyahət edir, dəvələrin çoxalmasına saysız-hesabsız pullar xərcləyir, yəhərdə məharətlə dayanır, şahin ovu ilə məşğul olur. Ancaq bütün bunlar sanki ona azlıq edir.
Dubay rəhbərinin 7 oğullarından biri hesab edilən Hamdan Birləşmiş Ərəb Əmirliklərinin siyasətində də yaxından iştirak edir.
O, autizm mərkəzinin fəxri üzvü və məşhur filantropdur. Hamdan donor kimi tez-tez qan verir, xeyriyyəçilik üçün xeyli pul xərcləyir və əlillərin hüquqlarını qoruyur.
Şahzadə risk etməyi çox sevir. Onun İnstagram səhifəsi ekstremal məşğuliyyətlə doludur. Burada hündürlükdən tullanma, reaktiv təyyarələri idarə etmə, "Formula-1” yarışında iştirak etmə, qayalara dırmaşma kimi maraqlı əyləncələr yer alır. Əlahəzrət atçılıq növü üzrə yarışlarda daha böyük uğurlar qazanıb, Asiya Olimpiya oyunlarında qızıl medal əldə edib.
Əlbəttə, Dubayın idman komitəsinin prezidenti özü nümunəvi olmalıdır.
Viktoriya Mihelson – 15.6 milyard dollar.
Bu qız CEO jurnalının versiyasına görə, Rusiyanın ən varlı gəlinlərinin ilk beşliyinə başçılıq edir. Onun atası Leonid Mihelson "NovaTEK” şirkətinin sahibidir. Viktoriya bir insan kimi çox təvazökardır və ictimaiyyət qarşısında az görsənir. O, varlıların tədbirlərində iştirak etməyi xoşlamır, müxbirlərdən qaçır. Viktoriya Rusiyanın ən varlı varislərindən biri olan Yusif Ələkbərovu da reytinqində qabaqlayır. Bu günə qədər Viktoriya Mihelson atasının yeganə varisi idi, lakin dar kübar dairələrdə iddia edilir ki, atasının ikinci nikahdan 6 yaşlı oğlu var. Yeri gəlmişkən, Vika bu haqda heç düşünmür, çünki onun atası Samarada şəkil qalareyasına onun adını verib və layiqli cehizlə təmin edib.
Onun özü tüfeyli həyat tərzi sürmür, xeyriyyə uşaq fondunun sahibi kimi çoxlu iş görür, həm də bura böyük investisiyalar cəlb edir.
Yusif Ələkbərov – 13.6 milyard dollar.
Ən varlı varislərin siyahısında Yusif Ələkbərovun olmaması natamam hesab edilərdi. O, azərbaycanlı iş adamı, Rusiyanın ən iri neft şirkəti olan "LUKoyl”un prezidenti Vahid Ələkbərovun yeganə oğludur. O, kübar dairələrində qibtə ediləcək bəy hesab edilmir, çünki belə yerlərdə az görsənir. Vahid Ələkbərov oğlunu lap uşaqlıqdan ərköyün böyütməyib. Yusif neft institutunu bitirdikdən dərhal sonra atasının Sibirdəki neft yataqlarında işləməyə başlayıb.
Vahid Ələkbərov oğlunu sonadək belə tərbiyə etməyi planlaşdırıb. Yusif isə atasının kreslosunu tutmaq üçün adi fəhlədən top-menecer vəzifəsinədək bir yol keçib.