Dövlət Komitəsi 3 aylıq azərbaycanlı körpəni əcnəbiyə hansı əsasla verib?! - Şübhəli olay

img

17-01-2015 [20:18]



"Bir neçə ay əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 3 aylıq körpənin əcnəbiyə övladlığa verilməsi ilə bağlı bir razılıq məktubu təsadüfən əlimə keçdi və bu sahədə illərdir aparılan söhbətlərin, uşaq alverinə qarşı mübarizənin, uşaqların və ölkə vətəndaşlarının mənafelərinin bu Komitəyə aid olmadığı qənaətinə gəldim". 

 

Mia.az xəbər verir ki, bu sözləri miqrasiya məsələləri üzrə mütəxəssis, hüquqşünas Əlövsət Əliyev deyib. O, Facebook-dakı səhifəsində daha sonra yazıb:

"Daha sonra Nəsimi məhkəməsində Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilərə əsassız olaraq övladlığa verilməsi ilə bağlı əldə etdiyim qətnamələr də məndə bu halların yenidən artması fikrini formalaşdırdı.

Uşaq Hüquqları haqqında Konvensiya, Uşaqların Müdafiəsi və Ölkələrarası Övladlığa Götürülmə haqqında Haaqa Konvensiyası, Ailə Məcəlləsi və digər normativ hüquqi sənədlər övladlığa götürülmənin uşağın mənafeyinə uyğun şəkildə yerinə yetirilməsini tələb edir. 

2007-ci ilə kimi uşaqların əcnəbilərə övladlığa verilməsi açıq-aydın müəyyən şəxslər üçün qazanc mənbəyinə çevrilsə də, KİV-in müdaxiləsi və bəzilərinin cinayət məsuliyyətinə cəlb olunması son illər bu hallarına sayının azalmasına səbəb olmuşdu.

Əslində mövcud qaydalara görə, yalnız AR vətəndaşı övladlığa götürmək istəmədiyi uşaq əcnəbiyə övladlığa verilə bilər. Yuxarıda qeyd etdiyim məktubda göstərildiyim kimi, 2 və ya 3 aylıq uşaq əcnəbilərə övladlığa verilirsə və buna ən yüksək səviyyədə razılıq verilirsə, deməli, həmin uşaq Azərbaycan ailələrinə övladlığa götürmək üçün təqdim olunmayıb.

2010-cu ildən Təhsil Nazirliyində övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. Fikrimcə, həmin siyahı görüntü xarakteri daşıyır. Çünki siyahıda yalnız 8-17 yaş arasında olan sağlam uşaqlar haqqında məlumat var. Bəs yaşı 8- dən az olan uşaqlar haqqında məlumatları necə əldə etmək olar? Övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların əksəriyyəti 0-5 yaş arasında olan uşağı övladlığa götürmək istəyirlər.

Azərbaycan vətəndaşı növbə ilə uşaq götürmək istədiyi zaman Bakıya hər hansı rayondan ən azı 15-16 dəfə gəldiyi halda əcnəbi 3 aylıq sağlam Uşağı Azərbaycana bircə gəlişi ilə övladlığa götürə bilirsə, deməli, bu sahədə yenidən ciddi araşdırmalar aparılmalıdır. 

Ümid edirəm ki, jurnalist dostlarım dəqiq rəqəmlərin əldə olunmasına və bu sahədəki vəziyyəti ictimaiyyətə açıqlamağa nail olacaqlar".

Əlövsət Əliyevin fikir və iddiası ilə bağlı Dövlət Komitəsinin mövqeyini də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA