Əlyazmalar İnstitutunda 20 yanvar faciəsi ilə bağlı tədbir

img

16-01-2015 [18:35]


20 Yanvar –"Ümumxalq hüzn günü” münasibəti ilə Əlyazmalar İnstitutunda mərasim keçirilib.

Əlyazmalar İnstitutundan Mia.az-a verilən məlumata görə, mərasimi giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini,fil.ü.e.d. Paşa Kərimov 1990-cı il 20 yanvar gününün xalqımızın öz azadlıgı uğrunda çarpışanların tarixi olduğunu söylədi. Bildirdi ki, o qanlı gündən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlardan silinməz bir iz buraxmışlar. Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Bizim üçün o illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdi ki,erməni hiyləgərliyi, xəyanəti xalqımıza bir bəladır. Onların şovinist təbliğat maşını hər gün fəaliyyətdədir. Biz, elm adamları,ziyalılar xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə hər an çatdırmalıyıq. Terrorla törədilən 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin, bu, xalqın qan yaddaşında bir mübarizə günüdür.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək 20 yanvar faciəsinin dünyaya çatdırılmasında o zamanlar Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz rolundan danışdı. Qeyd etdi ki, Heydər Əliyev çəsarət nümayiş etdirərək Moskvada Azərbaycan nümayəndiliyində sovet rejiminin qanlı cinayətlərinin, 20 Yanvar faciəsinin əsl səbəbkarlarının kim olduğunu bütün dünyaya bəyan etdi. Ulu Öndər Naxçıvanda işlədiyi zamanda da 20 Yanvar faciəsi ildönümünün ümumxalq hüzn günü kimi qeyd olunmasının və ona siyasi-hüquqi qiymət verilməsinin əsas təşəbbüskarı oldu və onun hakimiyyəti dövründə bu məsələ özünün müsbət həllini tapdı.

Elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov 1990-cı illərdə özünün uşaq vaxtlarını xatırladı, "miflər və həqiqətlər” mövzusunda çıxış etdi və bu günün gəncliyi adından 20 Yanvar faciəsini heç bir zaman unutmayacaqlarını bildirdi.

Əlyazmalar İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü,fil.ü.e.d. professor Möhsün Nağısoylu 20 Yanvar hadisələrinə dair xatirələrini söylədi.

Sonda İnstitutun əmədaşları 20 Yanvar hadisələrinə həsr edilmiş sənədli filmə baxdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA