Sabunçuda Prezident fərmanını saymadılar - İcra Hakimiyyəti 40 min rüşvət istəyir

img

15-01-2015 [19:21]


Yanvarın 13-də prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqda” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı. Bu fərman ev tikib sənəd ala bilməyən 10 minlərlə vətəndaşın həyatını yüngülləşdirməlidir. Maraqlıdır ki, ölkə başçısının vətəndaşın durumunun yaxşılaşmasına hesablanan addımları yerlərdə icra olunmur. Hətta əlində torpağa sahibliyi haqda qanuni sənədi olan vətəndaşlar faktiki torpaqsız qalır.  

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 26, mənzil 14-ünvanında yaşayan Sevinc Telman qızı Cavadova da hazırda bu durumdadır. Deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 10 iyun 1996-ci ildə Maştağa qəsəbəsində 47 nömrəli bağ 50 nömrəli BTK-in tərkibində istifadəsinə verilib: "Həmin vaxt elə orada xeyli insana bağ sahələri ayrıldı. Həmin şəxslər 1998-ci ilədək hər kəs ona ayrılmış bağ sahəsini hasarladı. Mənə məxsus bağ sahəsində isə Alim Məmmədov və Mirfamil Seyidnadir oğlanları tərəfindən qanunsuz olaraq tikinti tikmişdilər deyə məhkəməyə üz tutdum. Sabunçu Məhkəməsi 25 mart 2003-cü ildə iddiamı təmin etdi. Lakin həmin şəxslər bağ sahəsindən çıxmadılar. 2003-cü ilin oktyabrında Ramiz Məmmədov CM-in 188-ci – qanunsuz olaraq özgənin torpağını zəbt etmə - maddəsi ilə cinayət işi başlandı və barəsində məhkəmənin hökmü çıxarıldı”. 

S. Cavadova deyir ki, bundan sonra bağ sahəsinin hasarlanmasını yerli məmurlar əngəlləməyə başlayıblar: "Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti mənə ayrılmış bağ sahəmi hasarlamağa 163 saylı məktubla icazə verib. Lakin Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə nümayəndəsi buna imkan vermir. Açıq-aşkar deyir ki, 40 min manat verməsən, hasarı tikə bilməyəcəksən. Qonşuların yerli sakinlər olduğunu bildirir, deyir ki, onlar maştağalıdırlar, sənsə ləzgisən”.

S.Cavadova deyir ki, üzləşdiyi qanunsuzluqla bağlı şikayətləri Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilir: "İcra hakimiyyətində Maştağaya kuratorluq edən Ədalət müəllim şikayətimi bir kənara qoyub deyir ki, torpağın hər sotuna görə 2 min manat verməlisən. "Şapka” vermədiyimə görə Maştağa qəsəbə nümayəndəsi Zülfüqar Cəfərov bağ sahəmə bir köşk qoyub. Məcbur qalaraq Bakı şəhəri İcra Hakimiyyəti Aparatına müraciət etdim. Yazdılar ki, torpaq sahəsi bu gündə mənim istifadəmdədir. Bundan sonra yeni oyuna başladılar. Sabunçu icra başçısı torpağımı "Bakı Elektirikşəbəkə”yə  "Maştağa Enerji Təchizatı və Satışı Sahəsi”nin yeni inzibati binasının tikintisi üçün ayırdı. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 444 nömrəli, 16 sentyabr 2014-cü il tarixli imzasız bir sərəncamını təqdim edirlər. Həmin ərazidə boş torpaqlar qrunt sularının altında qalıb və  xəstəlik mənbəyidir. İcra nümayəndəsi Zülfüqar Cəfərov ərazilərə torpaq töküb qurudub və satdırır”.

S.Cavadova Azərbaycan vətəndaşı olduğunu, milliyyətinin əsas gətirilərək onu torpaq sahəsindən sıxışdırılaraq çıxarılmasının qanunsuz olduğunu dedi: "Həyat yoldaşım və 2 övladım Maştağada doğulublar. Nədir bu işgəncə? Nədir bu zülm? Niyə mənə qarşı bu qədər qanunsuzluq edirlər? Azərbaycan Respublikası Konstitusiyası, qanunlar mənim tərəfimdə olduğu halda məni incidirlər, ailəmi və məni Maştağa qəsəbəsindən deportasiya etmək istəyirlər. Niyə Sabunçu Rayon İcra Hakimiyyəti belə rüşvətxorları müdafiə edir?”(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA