"Qarasu" Əməliyyat Şirkətində ixtisarlar - işçilər korrupsiya haqda şok məlumatlar açıqladı

img

15-01-2015 [11:07]



Şirvanda yerləşən özəl neft şirkətində işçilər ixtisara salınır, bəziləri isə öz hesablarına məzuniyyətə göndərilir.

Bu məlumatı Mia.az "Qarasu" Əməliyyat Şirkətinin işçiləri veriblər. 

Onların sözlərinə görə, bu gündən, yəni yanvar ayının 15-dən başlayaraq, "Qarasu" Əməliyyat Şirkətinin Şirvanda yerləşən neft mədənlərində işləyən işçilərin 15 faizi öz hesablarına məzuniyyətə buraxılır: "Sizə onu da deyim ki, bu prosesin hər ayın 15-də eyni səviyyədə aparılacağı bildirilir. Yəni növbəti ayda daha 15 faiz işçi göndəriləcək".

"Qarasu" Əməliyyat Şirkətinin 1297 nəfər işçisinin olduğunu deyən müsahibimiz bildirir ki, mədənlərdə işləyən fəhlələri işdən bu adla çıxarsalar da, şiirkətin Bakı ofisində heç bir ixtisar aparılmır: 

"Bəli, şirkətin baş ofisində hamı öz yerindədir. Şirkət rəhbərliyi mənasız yerlərə rahatlıqla pul xərcləsə də, ancaq fəhlələri düşünmürlər. Onlar baş verənləri böhranla, infilyasiya ilə əlaqələndirir, amma şəxsi nəqliyyat vasitələrini Şirvana gətirib, burada icarədən böyük pullar qazanırlar. Halbuki, nəqliyyat xərclərini azaltmaqla, işçiləri saxlamaq olardı. Amma dediyimiz kimi, şəxsi qazancları buna da imkan vermir".

Mia.az-a danışan işçilər onu da iddia edirlər ki, hər gün şirkətin yeməkxanasında 400 işçiyə yemək verirlər: "Biz istəyirik ki, jurnalistlər və rəsmilər qəfil gəlib, bu yeməklərin keyfiyyətini və onlara çəkilən xərcləri yoxlasınlar. O zaman bu yeməklərin hər işçinin adına silinən 10 manata dəyib-dəyməməsinə özləri qərar versinlər!.

Sonda şikayətçilər yeməkxananın şirkətin vitse-prezidenti olan Islam Ovciyevin özəl mülki olduğunu da iddia ediblər. Bundan əlavə, şirkətdaxili korrupsiya hallarından, həmçinin  CTS şirkəti ilə hansı məqsədlə işbirliyi qurulması, təchizat şöbəsinin rəhbəri İntiqam Sadıqov və digərləri haqda da maraqlı faktlardan söz açıblar. Bunlarla bağlı araşdırma və dəqiqləşdirmələrimiz davam edəcək.

 Bu və ya digər məlumatlarla bağlı şirkətin mövqeyini də dinləməyə hazırıq.

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA