Əlikram Əliyevin eyni MMC-lərlə "işbirliyi" haqda yeni xəbər - Rəisin yeni tələbi...

img

14-01-2015 [17:41]


Yazılan tənqidi məqalələrə baxmayaraq, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində vəziyyət yenə dözülməzdir.

Bu barədə Mia.az-a verilən məlumata görə, Əlikram Əliyevin bu yazılardan sonra saytların birinə verdiyi müsahibə kollektivdə gülüş doğurub: 

"Onun müsahibəsi həm gülüş, həm də təəccüb yaratdı. Əvvəla ona görə ki, Əlikram Əliyev yazılanların böyük hissəsinin həqiqət olduğunu dolayısıyla etiraf edir. Biz isə onun yadına bir incə nüansı da salmaq istəyirik. Bəli, bu gün heç bir məmur ona aid olan obyektləri öz adına rəsmiləşdirmir.   

Ə.Əliyev müsahibəsində qeyd edir ki, İdarəyə ayrılan dövlət vəsaiti şəffaf şəkildə xərclənir və bu aidiyyatı orqanlar tərəfindən yoxlanılır. Əgər bu vəsaitlər şəffaf xərclənirsə, nə üçün İdarənin keçirdiyi tenderlərin qalibi olan MMC-lərin böyük əksəriyyəti eyni şəxsin adına qeydiyyatdan keçir və bu MMC-lərin böyük əksəriyyəti eyni ünvanda və daha çox Zaqatala, Balakən, Şirvan rayonlarında qeydiyyatdadırlar. Ə.Əliyev bu vəsaitlərin şəffaf xərclənməsində belə maraqlıdırsa, o zaman onun nəzərinə çatdıraq ki, elan olunan tenderlərə ən azı 5 il fəaliyyətdə olan MMC-lər cəlb olunurlar. 

Ə.Əliyevin 1 və 2 saylı Maliyyə və İqtisad Regional bölmələri isə fəaliyyəti 1 ili belə tamamlamayan MMC-lərlə yüz min manatlarla satınalma əməliyyatları həyata keçirdir.  

Məlumdur ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi vahid struktura malik dövlət orqanıdır. Lakin 4-5 gün əvvəl baş verən hadisələr bizi təəccübləndirdi. Nəyə görə Ə.Əliyev İdarənin 7 yanvar trixində keçirilən hesabat iclasına musiqi və incəsənət məktəblərinin direktorlarını çağırmamışdı?  

Məgər eyni idarəyə tabe olan müəssisələrin hesabat iclası 1 gün fərqiylə 2 dəfə keçirilməlidir? 

Xatırladaq ki, musiqi və incəsənət məktəbləri üçün isə hesabat iclası 1 gün sonra keçirildi. Əlikram Əliyev nə üçün musiqi və incəsənət məktəblərinə bu cür  ayrı-seçkiliklə yanaşır? Nəyə görə onları digər müəssisə direktorları ilə birlikdə qəbul edə bilmir?  

Bir məsələni də diqqətinizə çatdıraq ki, Ə.Əliyev musiqi və incəsənət məktəblərinin direktorlarına bildirdi ki, onlar, yəni direktorlar mətbuata  öz imzaları ilə müraciət hazırlasınlar və bildirsinlər ki, İdarə rəisi haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Buna isə heç bir direktor razı deyil.   Əgər mətbuatda belə bir müraciət çıxacaqsa indidən bildiririk ki, o müraciət könüllü şəkildə imzalanmayıb. Hətta qeyd olunsa ki, onu imzalayanlar öz razılıqları ilə bunu ediblər, bu yenə də həqiqət deyil".   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA