Müdafiə Nazirliyindən Sərkisyanın ölümünə reaksiya

img

12-01-2015 [12:17]


"Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə növbəti itki verməsi, guya ermənilərin azərbaycanlının meyitinin çıxarılmasına şərait yaratması, eləcə də erməni çobanın Azərbaycan hərbiçiləri tərəfindən öldürülməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat tamamilə yalan və uydurmadır. Ermənistan tərəfi təxribat xarakterli bu məlumatlarla yerli və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və bununla bütün həddi-hududu aşır".

 

Bunu "Trend"in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

Onun sözlərinə görə, Ermənistan KİV-in yanvarın 11-də Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə atışma zamanı guya itki verməsi barədə yaydıqları məlumat tamamilə yalandır və həqiqətə zərrə qədər də yaxın deyil: "Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Azərbaycan Silahlı Qüvvələri nəinki məlumatda adıçəkilən istiqamətlərdə, ümumiyyətlə, heç bir itki verməyib. Ermənilər öz ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyəti də aldadır. Əvvəla, onların Azərbaycan tərəfinin diversiyası barədə məlumatı uydurmadır. İkincisi, Azərbaycan Ordusunun itki verməsi həqiqətəuyğun deyil. Üçüncüsü, özlərini humanist göstərərək guya Azərbaycan hərbçisinin meyitinin götürülməsinə şərait yaratdıqları haqqında car çəkmələri isə artıq bütün hədd-hüdudu aşmaq deməkdir”.

 

V.Dərgahlının sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrimizin cəbhə boyu bütün əməliyyat şəraitinə tam nəzarət etdiyini bəyan edir: "Dünən gecə atışma olub. Ermənilər bizim kəndlərimizi, mülki əhalini atəşə tutublar. Bizim bölmələrimiz də onlara cavab veriblər”.

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Feysbuk səhifəsində bildirib ki, yanvarın 11-də guya Ermənistan Silahlı Qüvvələri beynəlxalq humanitar normalardan çıxış edərək Azərbaycan tərəfinin Tavuş rayonu istiqamətində "diversiya hücumları” zamanı həlak olmuş "diversantı”nın postlararası ərazidən çıxarılmasına şərait yaradıblar.

 

V.Dərgahlı erməni sözçünün bu iş metoduna özünəməxsus reaksiya verib: "Ovannisyan deyəsən artıq Feysbuk səhifəsində müharibə aparır. Ermənilər artıq gerçəkdə bacara bilmədiklərini virtual formada həyata keçirmək istəyirlər. İstədikləri adamı "öldürür", istədikləri adamın da "ərazidən götürülməsinə" icazə verirlər”.

 

Polkovnik Ermənistanla sərhəd bölgəsində atışma zamanı erməni çoban S.Sərkisyanın guya Azərbaycan hərbçiləri tərəfindən atılmış atəş nəticəsində ölməsi məsələsinə də münasibət bildirib: "Əvvəla, o çoban sərhəd bölgəsində nə gəzirdi? Onun orada nə işi vardı? Bu anlaşılmazdır. Sual doğur, Ermənistan silahlı bölmələrinin içində olan çobanı kim vurub? Necə vurulub? Əslində ermənilər özləri ona atəş açıb öldürüb, sonra da bizimkilərin üstünə atırlar. İkincisi, onlar 80 yaşlı çobanın qarşılıqlı atışma zamanı öldüyünü bildirirlər. Belə çıxır ki, ermənilər artıq səngərələrdə durmağa adam tapmır, ahılları cəlb edirlər”.

 

Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycanla sərhəddə atışma zamanı 1935-ci il təvəllüdlü erməni çoban S.Sərkisyanın guya Azərbaycan hərbçiləri tərəfindən atılmış atəş nəticəsində öldüyünü bildiriblər



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA