Məhbus ailələri generalı "dalan"a sıxıb - Aksiya

img

12-01-2015 [09:44]


Yanvarın 11-də 50-yə yaxın şəxs Binə qəsəbəsində yerləşən "Tubzon”un qarşısına toplaşaraq görüş verilməsini istəyiblər. Əraziyə Xəzər Rayon Polis İdarəsinin rəis müavini və digər polis əməkdaşları gəliblər. Dinc aksiyanın tələbi rəis müavinin diqqətinə çatdırılıb.

Rəis müavini "Tubzon” rəhbərliyi ilə danışıqdan sonra məhkumlarla yaxınlarının görüşünə yanvarın 12-də icazə veriləcəyini bildirib. Bundan sonra məhkumların yaxınları  ərazidən uzaqlaşıblar. 1 gün əvvəl isə onlar Prezident Administrasiyası önündə aksiya keçiriblər. Əllərində üzərində "Məhbus qohumlarımızla bizə görüşə icazə verilsin!” "İşgəncələrə son qoyulsun!” yazılmış lövhələr, məhkumların fotoları olan aksiyaçılar sonradan qəbula gediblər. Vərəm xəstəsi olmayan, lakin vərəmli məhkumlar üçün nəzərdə tutulan müəssisəyə köçürülən məhkum Araz Quliyevin anası deyib ki, heç bir səbəb göstərmədən oğlu ilə görüşmələrinə icazə verilmir: "Biz görüş istəyirik. Niyə sağlam, vərəm olmayan  övladlarımızı vərəmlilərin müalicə müəssisəsinə köçürüldüyünün səbəbini desinlər. 

Döyüb işgəncə veriblərsə, xəsarət yetiriblərsə, digər müalicə müəssisəsinə köçürsünlər. Biz hər gün ”Tubzon"un qabağına gedib 10-12 saat gözləyirik ki, uşaqlarımızla bizə görüş versinlər. Özlərinin anası, bacısı yoxdur? Mənim oğlum vərəm deyil. O gün 5 dəqiqəlik telefonla danışığımıza icazə verdilər. Arazın danışığından başa düşdüm ki, onun vəziyyəti yaxşı deyil. Oğlumu görmək istəyirəm".

Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Buna görə də Prezident Administrasiyasında da bunu bildirərək tədbir görülməsini istəyiblər.

Hüquq müdafiəçisi: "Məhkum vərəm deyilsə, onu vərəmlilər üçün müəssisəyə köçürüblərsə, bu, artıq işgəncədir”


Səadət Bənənyarlı məhkumların yaxınlarını İctimai Komitəyə müraciət etməyə çağırdı
"Məhkum vərəm deyilsə, onu vərəmlilər üçün müəssisəyə köçürüblərsə, bu artıq işgəncədir”. Bu sözləri "Yeni Müsavat”a Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmət üzrə İctimai Komitənin üzvü Səadət Bənənyarlı deyib. Hüquq müdafiəçisi bildirib ki, dekabrın 22-də və 26-da 14 saylı Çəzaçəkmə Müəssisəsində baş verənlərlərlə bağlı ora baş çəkmək niyyətindədirlər: "13 və ya 14 yanvarda 14 saylıya gedəcəyik. İctimai Komitəyə valideynlərdən heç kim müraciət etməyib. Biz mətbuatdan bilirik ki, 14 saylı Cəzaçəkmə Müəssissəindən  məhkum vərəmlilər üçün müəssisəyə köçürülüb. Əgər məhkumda vərəm olmasaydı, onu ora köçürməzdilər. Əgər məhkum vərəm deyilsə, onun vərəmlilərin müalicə müəssisəsinə köçürülməsi çox ciddi pozuntudur”.

S.Bənənyarlı bildirdi ki, məhkum Elşad Babayevin döyülmə ilə, işgəncə ilə orada ölməsi faktdır: "Amma bundan əvvəl nə hadisə baş verib, həmçinin sonrakı hadisələr, qarşıdurmanın yaranması, orada qüvvənin işlədilməsi, məhkumların harasa köçürülməsi məsələləri araşdırılmalıdır. Biz hələ ki, bunu araşdırmamışıq”. 

S.Bənənyarlı deyib ki, 14 saylı Cəzaçəkmə Müəssisəsinə gedişləri artıq razılaşdırılıb. Hüquq müdafiəçisi E.Babayevin bədəni üzərindəki xəsarətlərlə bağlı bunları deyib: "Yəqin ki, həmin xəsarətlər döyülmədən əmələ gəlib. Həmin ləkələri meyit ləkələri adlandırmaq olmaz. Ona görə də bu məsələ araşdırılmalı, günahkar şəxslər cəzalandırılmalıdır”.
Hüquq müdafiəçisi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun Bakı İstintaq Təcridxanasında saxlanılan məhkuma dəyənək tətbiq olunmasının qanuni olması fikrinə də münasibət bildirib: "Dubinka məsələsi belədir ki, adekvat tətbiq olunmalıdır. Əgər qiyam varsa və müəssisə işçilərinə zor tətbiq olunursa, dubinka tətbiq oluna bilər. Bu, bütün dünyada belədir. Sadəcə olaraq güc qədərindən artıq tətbiq olunmamalıdır. Məhkumların şikəst olmasına gətirib çıxarmamalıdır”.

"Qiyam Elşad Babayevin öldürülməsinə etiraz əlaməti olaraq başlayıb. Bəs Elşad Babayevə dəyənək tətbiq oluna bilərdimi” sualına hüquq müdafiəçisinin cavabı belə oldu: "Nəyə görə ona güc tətbiq olunub, nəyə görə bu hadisə baş verib, bunu istintaq araşdırmalıdır. Amma dubinka olmamalıdır demək, əgər əsasnamədə bu varsa, deməli dubinka olmalıdır”.

S.Bənənyarlı düşünür ki, məhkum E.Babayevin işgəncə ilə öldürülməsi Qaradağ Rayon Prokurorluğunda araşdırılır: "İnsan ölübsə və bu cəzaçəkmə müəssisəsində, qapalı bir yerdə olubsa, təbii ki, bu məsələ araşdırılır. Cinayət işi də açılıb yəqin ki... Elşad Babayev dayanan yerdə ölməyib ki?!”

"Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Eyyub Bəşirov E.Babayevin bacısı Simuzər Babayevanı zərərçəkən kimi tanımayıb. Bunu iş üzrə cinayət işi başlamaması ilə əlaqələndirib. Bu doğrudurmu” sualına hüquq müdafiəçisinin cavabı belə oldu: "Cinayət işi açılıb, açılmayıb bilmirəm. Əgər orada qanun pozuntusu varsa, cinayət işi başlanmalı və bu cinayəti törədən məsuliyyətə cəlb edilməlidir. Bu iş ictimaiyyətin diqqətindədir və bunu bağlamaq mümkün deyil”.

S.Bənənyarlı deyib ki, üzvü olduğu İctimai Komitəyə Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə köçürülən məhkumların yaxınları müraciət etməyiblər: "Təəssüf ki, 14 saylıda baş verənlər və məhkum ailələrinin müraciətləri haqda məlumatı KİV-dən alırıq. Bildiyim qədər valideynlərdən kimsə İctimai Komitəyə müraciət etməyib. Bizim onların yaxınlarına baş çəkməyimiz üçün müraciətləri olmalıdır”.   
***
"Məhbuslar - Rza Ağalı və İlham Hətəmov isə yenidən ”kars"a salınıb. 14 saylı "zon”da işgəncələr davam edir". Bu məlumatı islamazeri.az yayıb. Məlumata görə, Rza Ağalı və İlham Hətəmova növbəti işgəncələr verilib. Belə ki, hər iki islamçı məhbusun "kars” müddəti uzadılıb. Sayt yazır ki, E.Babayevin işgəncə ilə öldürülməsindən dolayəı baş verən hadisə ilə əlaqədar olaraq etiraz aksiyasından sonra islamçı məhbuslar başda olmaqla digər məhbuslara da işgəncələr verməyə başlayıblar.

Yada salaq ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüb, onlar zorakılığa məruz qalıblar. Məhbuslardan 11 nəfərin sağlıq durumu, niyə görə "Tubzon”a köçürülmələri haqda məlumat verilmir. Ümumilikdə "Tubzon”a 50-dən artıq məhkumun köçürülməsi haqda məlumat var. (musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA