İmtahanların vaxtı dəyişir

img

06-01-2015 [12:18]


"Magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının məzmununda bəzi dəyişikliklər edilib”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bildirib. O deyib ki, ötən ilin iyun ayında "İnformatika” üzrə imtahanının məzmununda olan dəyişiklik artıq elan edilib və bu ildən həmin dəyişikliklər tətbiq ediləcək. "Bu ildən "İnformatika” üzrə qəbul imtahanlarında "Windows” əməliyyat sisteminin 7-ci versiyası və "Office” proqramlarının 2013-cü il versiyası üzrə qəbul aparılacaq: "Bu, İnformatika üzrə builki imtahanın məzmununda olan dəyişikliklərdir. Hələ iyun ayından TQDK-nın saytında yerləşdirilib və həmin proqram "Magistr” jurnalının 1-ci sayında çap edilib”.

Şöbə müdiri N. Əliyev onu da vurğulayıb ki, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman fransız və ya rus dilini, tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini, tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər isə xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər. "Filologiya ixtisasını Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi, Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Şöbə müdiri N. Əliyev vurğulayıb ki, filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlərin ixtisaslaşma dilini xarici dil kimi seçə bilməyəcəklər”.

N.Əliyev onu da qeyd edib ki, ümumilikdə magistraturaya keçən ilki qəbul qaydaları olduğu kimi qalıb və bu il hər hansı bir dəyişiklik yoxdur: "Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA