Generalın görəvdən alınması barədə yeni xəbər

img

06-01-2015 [11:13]


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov prezidenti müşayiət etmək hüququndan yenə də məhrum olunub.

Bu haqda virtualaz.org saytı növbəti dəfə xəbər yayıb. Məlumata görə, H.Şirinov şəhərdə yaranmış tıxacda yenə özünü itirib. Nəticədə prezident İ.Əliyevin korteji yenə tıxacda qalıb. Sayt yazır ki, dekabrın 26-da plana görə prezidentin korteji metronun "Koroğlu” stansiyasının yaxınlığından hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib.

Xəbərdə əvvəlki insidentə diqqət yetirilir: "Çox maraqlıdır ki, Həsən Şirinov prezidentin kortejinin tıxaca düşməsi ilə bağlı artıq ikinci dəfədir öz vəzifəsini itirir. Əvvəlki insident prezident İ.Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə gedərkən baş vermişdi. Qaydaya görə, prezidentin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, general-mayor Həsən Şirinov müşayiət edir. H.Şirinovun sürücüsü yolu səhv salaraq ”Gənclik" tərəfə aparan tunelə girib. Sonradan bəlli olub ki, buna general H.Şirinovun sürücüsünün günahı səbəb olub. Prezidentin korteji tıxacdan çıxandan sonra generalın maşını əlindən alınıb. Sonra isə sürücü polis orqanlarından qovulub".

Moderator.az saytı isə Həsən Şirinovun işdən qovulmasının başqa səbəblə əlaqəli olduğunu yazıb.

Milli Qvardiyanın keçmiş zabiti, polkovnik Əzizağa Süleymanov sayta deyib ki, bu cür iddia irəli sürənlər prezidentin kortejinin yola salınıb qarşılanmasına cavabdeh olan qurumların və şəxslərin kimliyini bilməyənlərdir: "Bu bir hərbi sirr olduğu üçün detallarını tam açıqlaya bilmərəm. Mühafizə Xidmətinin rəisinin əlində ən azı 3 variantda marşrut istiqaməti var. Məhz o, bütün istiqamətdə hərəkəti tənzimləyir. Bütün ehtimallara və gözlənilməz situasiyalara da o cavabdehdir, onun xidmətində isə kəşfiyyat və əks kəşfiyyat var. Polis hərəkət marşrutundan qabaqcadan xəbərdar olmur. Ya Həsən Şirinov olsun, ya da ki, qeyrisi, bütün hərəkət marşrutuna cavabdeh xidmət rəisidir. Yalnız o deməlidir ki, kortej sağ və ya sola istiqamətlənsin. Bu, birmənalı olaraq təhlükəsizlik baxımından qanundur. Ona görə də hesab etmirəm ki, Həsən Şirinovu buna görə vəzifədən kənarlaşdırıblar. Ola bilsin başqa səbəblər olub”.

Baş Dövlət Yol Polisi İdarəsindən "Yeni Müsavat”a bildiriblər ki, H.Şirinovla bağlı yayılan xəbərlərlə tanışdırlar. Həmin xəbərlərin dəqiq və ya qeyri-dəqiq olması haqda isə məlumatsızdırlar. Bakı Şəhər Baş Polis İdarəsindən isə hər hansı bir şərh vermək istəməyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA