CASCFEN-dən müəllimlər üçün netiket seminarı - FOTOLAR

img

05-01-2015 [16:27]


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Bakıda ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim üçün seminar təşkil edib.

Təşkilatdan Mia.az-a verilən məlumata görə, "Onlayn etika – netiket” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda təşkil edilmiş seminarda "Virtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda müzakirələr aparılıb.

CASCFEN sədri Azər Həsrət əsas mövzu ətrafında çıxış edərək iştirakçılara virtual müstəvidə davranışın "10 qızıl qaydası” haqqında danışıb. Çıxışçı qeyd edib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb.

"Artıq ölkəmizdə yeni texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə bu texnologiyalardan istifadə edir. İstər ölkə Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol istifadə edir. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar belə azad mühitdən sui-istifadə edir, başqalarının könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol verirlər. Elə buna görə də biz, "Onlayn etika – netiket” proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri arasında tətbiqində maraqlıyıq”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir: "Bəzən görürük ki, müəllimlər, şagirdlər arasında elə insanlar olur ki, onlar özləri də bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə insanların əhvalına mənfi təsir edən hallara yol verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu hallar baş verməz”.

Əsas mövzu dinlənildikdən sonra seminar sual-cavab və iştirakçıların çıxışlarıyla davam edib. Tədbir iştirakçılarına CASCFEN-in Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə çap etdirdiyi "Virtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb.

Tədbir iştirakçıları belə seminarların məktəblərdə təşkilində maraqlı olduqlarını bildirib, CASCFEN sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük həvəslə buna hazır olduğunu deyib.

Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.

Qeyd edək ki, "Onlayn etika – netiket” proqramı artıq 3 ildir ki, CASCFEN-in daxili imkanları hesabına həyata keçirilən fasiləsiz layihədir. Proqram çərçivəsində seminarlar ödənişsizdir.

Views from the seminar


The Certificate is submitted to Zohra Verdiyeva from Samukh region



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA